Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. “Hər işin içindən bir Qəmbərqulu çıxır”. Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub?
Lent.az “Belə yaranıb” rubrikasında bu ifadənin yaranma tarixçəsi barədə məlumat verir.
Öncə qeyd edək ki, “Qəmbərsiz toy-düyün olmaz” ifadəsi əksər müsəlman ölkələrində, xüsusən Türkiyədə çox sıx işlədilir. Hər məclisə, hər tədbirə gedən adamlar haqqında işlədilən ifadədir. Bəzən istehza mənası da daşıyır.
Qəmbər Həzrəti Əlinin qulu olub. Bəzi mənbələrdə onun Əlinin qulu yox, sadiq dostu, getdiyi hər yerdə onu müşaiyət edən adam olduğu deyilir.
Qəmbər Əlinin həm qulu, həm sadiq dostu, həm mühafizəçisi, həm də yaxşı din bilicisi idi. Əli hara gedirmişsə Qəmbər də kölgə kimi onu izləyirmiş. Yəni Qəmbərsiz Əlini görmək imkansız olurmuş. Ona görə hər işin altından da bu qul Qəmbər, başqa sözlə Qəmbərqulu çıxırmış.
Yaxın ətrafında kimin xeyir-şər məclisi olarmışsa, Əli Qəmbəri o evə köməyə göndərərmiş. Deyilənə görə, Əli Qəmbəri köləlikdən azad edəndən sonra o, mollalıq edib və çoxlu sayda insanın nikahını kəsib. Ona görə "Qəmbər olmadan, toy olmaz" ifadəsi işlədilib.
Başqa bi versiyaya görə, bu ifadə məşhur "Arzu və Qəmbər" dastanından alınıb. Bir-biri ilə evlənə bilməyən nakam aşiqləri qovuşdurmaq istəyən şəhər valisi "Qəmbərsiz toy olmaz" deyərək, Arzunu Qəmbərə qovuşdurmaq istəyib.