Emin Sabitoğlu bu həsrətə dözmədi - “Ala gözlüm” belə doğuldu...
15 dekabr 2022 14:57 (UTC +04:00)

Emin Sabitoğlu bu həsrətə dözmədi - “Ala gözlüm” belə doğuldu...

1981-ci il. Moskva. Xəstəxana palatası. Akif İslamzadənin məlahətli səsi soyuq xəstəxana divarlarını isidir...

Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur,
Neyləyim...

Bəlkə də çoxunuz bu mahnını əzbər bilirsiniz. Hətta sözlərinin kimə aid olduğunu da... 

Bəs, bu mahnının tarixini? Xəstəxana künclərində “Ala gözlüm” deyib ölümündən xəbərsiz olan yarını səsləyən qadının hekayəsini bilirsiniz? 

Mənə görə əbədi eşqin hekayəsidir bu... 

Lent.az xəbər verir ki, çox insanların “Ala gözlüm” kimi tanıdığı amma əsl adı “Neyləyim” olan mahnının sözləri Nigar Rəfibəylinindir. 

Bəli, Nigar bu mahnını xəstə yatağında həsrətini çəkdiyi ömür gün yoldaşı Rəsul Rzaya həsr edir. Elə mahnıda da xitab etdiyi “Ala Gözlüm” Rəsul Rzadır.

Bu musiqi onu Rəsullu günlərinə qaytarır. O günlərə ki, uşaqlar hələ balaca, onlarsa cavan və yan-yana idi... 

Yaz axşamı səni bil ki, bu Nigar 
Həzin-həzin yada salır, neyləyim?

1913-cü ildə Gəncədə dünyaya gələn Nigara həyatdan nakam getmiş bibisi Suğra xanımın adını vermişdilər. Bir gün Suğranın anası Cəvahir türkiyəli şair Nigar xanımın "Əfsus" adlı şeirlər kitabını oxuyur. Bundan təsirlənən ana qayınatasından icazə alır ki, qızının adını dəyişib “Nigar” qoysunlar. Və beləliklə Suğra adı Nigarla əvəz olunur. Nigarın 7 yaşı olanda Gəncənin general-qubernatoru kimi çalışan atası Xudadat bəy Sovet Hakimiyyəti qurulduqdan sonra “vətən xaini” adı ilə həbs edilərək güllələnir. Daha sonra Nigarın bir qardaşı Türkiyəyə, digəri isə Rusiyaya qaçır. Nigar isə anası ilə Bakıya sürgün edilir. 

Bakıya sürgün olunan Nigarın elə sevgi hekayəsi də burda başlayır. Rəsulla Nigarın ilk görüşü 1931-ci ildə indiki Sabir bağının yerində yerləşən Maarif Evində keçirilən ədəbi gecədə baş tutur. Talehləri birgə yazılmış bu gənclər təsadüfən eyni vaxtda sənədlərini Moskva Ədəbiyyat İnstitutuna verirlər. Beləcə aralarındakı sevgi gənc cütlüyü nikah masasına kimi aparır. Onların toyu elə yaşadıqları balaca daxma kimi evdə keçirilir.  

Bir-birinə təzə qovuşmuş, iki övladları olan cütlük yenidən ayrı düşməli olur. Çünki Böyük Vətən Müharibəsində Rəsul Rza siyasi müxbir kimi Krıma gedir. Nigar xanım isə Bakıda Rəsulsuz keçirdiyi günlərin xiffəti ilə yazdığı həsrət şeirlərini ağ vərəqlərə köçürür.

Elə bu günümüzdə də dillərdə gəzən “Neyləyim” nəğməsinin təməli də həmin həsrətli gecələrin birində qoyulur. 

Rəsulun cəbhədə döyüşdüyü vaxtda Nigar həsrətə dözə bilmir və Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğuna deyir:

“Mən də cəbhəyə getmək istəyirəm”.

Səməd Vurğun:

“Ay Nigar, mən indi bir batalyonu haradan tapım ki, səni müşayiət eləsin?”. 

Beləcə, Nigar kor-peşman geri qayıdır. 1981-ci ildə Rəsul Rza yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Elə həmin vaxt Nigar xanıma da xərçəng diaqnozu qoyulur. Və həkimlər müalicə üçün onu Moskvaya aparmağı məsləhət görürlər. Rəsul xəstəxanada nə qədər müalicə alsa da, nəticəsi olmur həyatını itirir. İşıqlı dünyaya gözlərini əbədi yuman Rəsulun ölümündən xəbərsiz olan Nigar onun vəfasızlığından gileylənir.

Nigar xanımın Rəsuldan xəbərsiz olmasından təsirlənən Emin Sabitoğlu Rəsula həsr olunan “Ala gözlüm” şeirinə mahnı bəstələyir. Mahnının ilk lent yazısının xəstəxanaya, Nigar xanımın yanına gətirir. 

Lakin sonradan Nigar hələ də Rəsulunun ölümündən xəbərsiz olduğu üçün lenti xəstəxanadan aparmalı olurlar. 

Akif İslamzadə danışır ki, Nigar Rəfibəyli məhz bu mahnıdan sonra Rəsulunu itirdiyini anlayıb.

Şeirləri getdikcə daha çox tanınan, mahnılar bəstələnən Nigar xanımı bu çox sevindirir. Amma o qəlbinin dərinliklərində hər zaman öldüyünü bilmədiyi Rəsulun vəfasızlığından şikayətçi idi.  

Hətta Nigar xanıma ad günündə Rəsul Rzanın adından böyük bir gül buketi göndərirlər. O zaman Nigar xanım artıq həyatda olmayan Rəsuluna “salam” göndərir...

Rəsulla Nigarın sevgisinə şahid olan Xalq şairi Fikrət Qoca onların məhəbbətini belə təsvir edirmiş: 

“Nigar və Rəsulun həyatı özü gözəl bir həzin musiqidir. Bir vaxtda başladı və bir vaxtda qurtardı...”

Həyatda və yaradıcılıqda qoşa addımlayan iki sənətkarı ölüm belə ayıra bilmir. Rəsulun ölümündən 100 gün sonra Nigar xanım da dünyasını dəyişir. Bu 100 gündə nə Nigar Rəsulun ölümündən xəbər tutur, nə də Rəsul Nigarın xərçənglə pəncələşdiyindən. 

Xalq şairi Fikrət Qoca deyir ki, Rəsul əvvəllər də təzyiqdən ölümcül duruma düşməsinə baxmayaraq düzəlmişdi. Çünki onun yanında Nigar var idi...

Elə düşünməyin ki, onların arasında anlaşılmazlıq olmurdu. Müsahibələrinin birində özləri deyir ki, bizim fikirlərimiz həmişə üst-üstə düşmür. Rəsul Nigarını “O” olduğu üçün sevdiyini deyirmiş.

İndi kim deyə bilər ki, əbədi eşq yoxdur? Sevməkdən çox onu olduğu kimi qəbullanmaq, itirməkdən qorxmaq... Hər bir xasiyyəti, dünəni, bu günü və çatışmazlıqları ilə qəbullanmaq. 

Bu da belə... Ölüm belə ayıra bilməyən Nigar və Rəsulu “Neyləyim” mahnısının sədaları bu gün də qovuşdurur. Çünki bu nəğmə Nigar və Rəsul məhəbbətinin mayası ilə yoğurulub... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5973
avatar

Fidan İlqar

Oxşar yazılar