Dünyanın müxtəlif yerlərindən istifadəçilərin qatıldığı sorğunun nəticələrinə əsasən, müasir dövrün ən yaxşı aktyoru seçilib. Qeyd edək ki, daha əvvəl bu reytinqin qalibi amerikalı aktyor Morqan Friman olmuşdu, lakin bu dəfə sorğunun nəticələri fərqlidir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “ListChallenges” portalında keçirilən səsverməyə kino sənayesinə böyük töhfə vermiş və adları kult filmlərlə assosiasiya olunan məşhur aktyorlar daxil edilib. Siyahıda Bred Pitt, Leonardo Di Kaprio, Robert De Niro kimi məşhur simalar yer alsa da, onlar ilk üçlüyə düşə bilməyiblər.
Şərəfli birinci yer amerikalı aktyor və prodüser Tom Henkse qismət olub. "Forrest Qamp" və "Əsgər Rayanı xilas etmək" filmlərinin ulduzu, 68 yaşlı aktyor 138 səs toplayaraq əvvəlki qalib Frimanı geridə qoyub.
İkinci yeri "İndiana Cons" filmləri ilə tanınan amerikalı Harison Ford tutub. Üçlüyü isə "Yeddi" və "Şouşenkdən qaçış" kimi filmlərdə çəkilmiş 87 yaşlı Morqan Friman tamamlayıb.
İlk onluqda olanlar:
Kianu Rivz
Conni Depp
Entoni Hopkins
Bred Pitt
Robert Dauni
Denzel Vaşinqton
Robin Uilyams
Ümumilikdə, səsvermədə 150 aktyor iştirak edib. Siyahının sonuncu pilləsində isə hazırda Rusiyada yaşayan və Putin rejimini dəstəkləyən aktyor Stiven Siqal yer alıb. Ondan öncə isə Uilyam Levi və Şaya Ləbaf qərarlaşıb.
Tom Henks haqqında nə məlumdur?
Henks 1956-cı ildə ABŞ-ın Kaliforniya ştatının Konkord şəhərində anadan olub. Onun aktyor karyerası 1980-ci illərin əvvəllərində "O, sizin tək olduğunuzu bilir" filmi ilə başlayıb. O vaxtdan bəri o, Hollivudun ən istedadlı aktyorlarından biri kimi tanınıb.
40 ildən çox davam edən karyerası ərzində Tom Henks "Qızıl Qlobus" mükafatına, "Oskar"ın altı nominasiyasına layiq görülüb və bunlardan ikisində qalib olub.
"Filadelfiya" filmində o, VİÇ statusuna görə diskriminasiyaya məruz qalan və bununla mübarizə aparan vəkil Endryu Bekket obrazını canlandırıb. Növbəti il isə məhdud əqli imkanlara malik olub, ABŞ tarixinin əsas hadisələrinin şahidi və iştirakçısı olan Forrest Qamp rolunu oynayıb.
Aktyorluq fəaliyyətindən əlavə, Tom Henks prodüser və rejissor kimi də tanınır. O, "Qardaşlar" və "Con Adams" kimi layihələr üzərində işləyib.
Xatırladaq ki, daha əvvəl dünyanın ən məşhur insanı seçilmişdi. Siz bu məşhuru mütləq tanıyırsınız.