Sofiko Çiaureli
16 fevral 2021 16:55 (UTC +04:00)

Sofiko Çiaureli

Brejnevin öpüşü, bitməyən sevgi, Gürcüstanı matəmə qərq edən BÖYÜK QADIN – HƏYAT HEKAYƏSİ

Sofiko elə də gözəl qadın deyildi. Ancaq kişilərin başlarını itirməsinə səbəb olacaq, maqnit effekti verən daxili gözəlliyə sahib idi. Hər kəs tərəfindən sevilirdi - bazar alverçilərindən tutmuş, dövlətin yüksək vəzifəli şəxslərinə qədər. Görkəmli teatr və kino sənətkarları onun istedadına heyran qalırdı.

Sofiko həm komediyalarda, həm də ciddi fəlsəfi dramlarda parıldayırdı. Onun bir az kədərli baxışı bu qadının gücünü gizlədirdi, sevgi üçün dağları tərpətməyə hazır idi Sofiko...

 

Sofiko Çiaureli, 21 May 1937-ci ildə Tiflisdə anadan olub. Atası anasına evlənmə təklifi etdiyi bu yerdə ev tikəcəyini vəd etmişdi və vədinə də əməl etdi. Sofikonun valideynləri  yaradıcı insanlar idi. Atası - kinorejissor Mixail Çiaureli, Stalinin ən sevdiyi, Kremldə davamlı tostlar deyən, şən, cazibədar, eruditli insan idi. Anası - Veriko Andjaparidze, irsi aristokrat, iyirminci əsrin ən titullu faciəli aktrisalarından biriydi. Veriko Stalinə nifrət edirdi, demək olar ki, Stalinə görə hirslənirdi və tez-tez əri ilə mübahisə edərdi. Hətta anti-stalinist filmi sayılan rejissor Tengiz Abuladzenin “Tövbə” filmində rol aldı. Filmdə müdrik bir qoca qadının müqəddəs son  cümləsi çox məşhur idi: “Məbədə aparmırsa, bu yol, nəyə lazımdır?”

Veriko Ancaparidze "Onu bağışlamaq olarmı" filminin final səhnəsindəki ana obrazını canlandırıb. "İndi isə siz deyin, onu bağışlamaq olarmı?" - frazası hər kəsin xatirindədir.

Sofiko böyük səs-küylü bir ailədə böyüdü - qohumları və dostları Çiaurelinin evini davamlı ziyarət edirdilər və hətta müharibə illərində evakuasiya olunmuş Nemiroviç-Dançenko və Knipper-Çexovu Sofikonun atası qonaq dəvət edərək onların şərəfinə böyük bir ziyafət təşkil etmişdir.

 

Qız valideynlərini az gördüyü üçün darıxırdı - atası daim Moskvaya çağrıldı, anası demək olar ki, bütün vaxtlarını teatrda keçirirdi. Sofiko hətta heç vaxt aktrisa olmayacağına and içmişdi. O, yaramazlıq edirdi, ağaclara dırmaşırdı, uşaq oyunları oynayırdı və nəcib bir həkim peşəsinə yiyələnməyi tez-tez xəyal edərdi.

Çiaureli, yol qəzasında ölən Verikonun dostu aktrisa Nata Vaçnadzenin övladına, rejissor Georgi Şengelayaya aşiq olur və onun ardınca VGIK-ə daxil olmaq üçün Moskvaya gedir. Onların hər ikisi VQİK-ə daxil olur. Şengelaya rejissorluğa, Sofiko isə aktrisalığa. 1956-cı ildə Rezo Çxeidzenin Tbilisinin misilsiz ləzzəti ilə doymuş sentimental bir dramı olan "Bizim həyət" filmində birlikdə rol alırlar. Bir neçə festivallarda mükafatlara layiq görülən film, dünyada Gürcüstanın milli kinosu kimi təəccüblü bir hadisə yaratdı və Sofiko bir səhər yuxudan məşhur olaraq oyandı. Tələbə olanda ona ən yüksək aktyor maaşı təyin edildi - 500 rubl (hətta anası Veriko Anjaparidze SSRİ Xalq artisti olmağına baxmayaraq ondan az alırdı, 350 rubl). Sovet İttifaqında ən populyar hind aktyoru Rac Kapur, Sofikoya komplimentlərdən, təriflərdən ibarət bir təbrik teleqramı da göndərmişdi...

Sofiko və Georgi ailə qururlar, onların iki oğulu dünyaya gəlir. Oğlanları Niko və Sandro da xüsusilə atası ilə birlikdə filmlərdə çəkilməyə və teatrda oynamağa başlayırlar. Sofiko Çiaureli demək olar ki, bütün ömrü boyu K.Mardcanişvili adına teatrda çalışdı. (Qeyd edim ki, Sofiko Rustaveli Teatrı ilə də qısa bir əlaqəsi oldu, amma sonra doğma teatrına döndü)

 

60-cı illərin sonlarında Sofiko kinematoqrafiya karyerasında yeni bir yüksəlişə imza atdı. Bu uğurları iki kişinin sayəsində oldu. Sofikonu öz muzası adlandıran böyük Paracanov, onu “Narın rəngi” filminə çəkdi. Sofiko bu filmdə 6 obrazda idi, həm qadın, eyni zamanda həm də kişi obrazını canlandırmışdı. İkinci uğurunu isə əmisi oğlu, dünya şöhrətli gürcü rejissoru Georgi Danelia tərəfindən “Ne qaryuy” filminə dəvət edildi. Sofikonun bu filmdə çix gözəl və məşhur tərəf müqabilləri var idi: Vaxtanq Kikabidze, İya Ninidze, Baadur Tsuladze, Anastasiya Vertinskaya, Yevgeni Leonov, Sergey Filippov. Gürcüstan və Sovet İttifaqının digər respublikalarının bir çox məşhur aktyorlarının iştirak etdiyi bu məşhur ironik drama; bütün postsovet məkanında ən sevilən xalq filmlərindən biri oldu.

 

Bir neçə il sonra Sofiko əri ilə “Veria məhəlləsinin melodiyaları” romantik musiqili filmində rol aldı. Filmlərdə aktrisanı əsrarəngiz, xəyalpərəst, bəzən sərt və iradəli qadınlar şəklində görməyə vərdiş edən tamaşaçılar onun bu filmdəki Vardo obrazına heyran qaldılar. Çiaureli bu obrazını ən sevimli rollarından biri olduğunu etiraf etdi. Daha sonra o, Abuladzenin “İstək ağacı”, Lana Qoqoberidzenin “Şəxsi məsələlərə dair bir neçə müsahibə” və Alla Surikovanın “Qadın axtarılır” filmlərinə çəkilir.

 

Sofikonun bu filmdə də çox gözəl tərəf müqabilləri var idi: əsas obrazı bölüşdüyü qrup yoldaşı və köhnə dostu Leonid Kuravlyov idi. Çəkilişdə mehriban bir atmosfer hökm sürürdü. Sofikonun gənc tərəf müqabilləri Aleksandr Abdulov və Leonid Yarmolnik də var idi. Bir dəfə Yarmolnik zarafatla Sofikodan soruşdu: “Dağlılar qafqazlılardan nə ilə fərqlənir? Dağ qadınları arasında nə fərq var?” Sofiko dərhal onu yerində oturaraq: "Sənə indi göstərim?" deyə cavab verdi. Bəli, həyatda sərt və kəskin dilli idi - hamısı cilovsuz cənub xasiyyəti, tükənməz enerjisi, haqsızlığa qarşı olan bir xarakterə sahib olmasından irəli gəlirdi.

Sofiko möhkəm, lakin son dərəcə nəzakətli, açıq, həmişə ünsiyyət qurmağa çalışan bir qadın idi. Tbilisidə onun qonaqpərvərliyi ilə bağlı əfsanələr çoxdur. Hər kəsi, hətta təsadüfi bir yoldan gələn adamı da evinə dəvət edib, həddən artıq qidalandıra bilərdi. Bir dəfə Sofiko bir kafe açmağa qərar vermişdi, amma dərhal da fikrindən daşındı. Düşündü ki, ac adamlardan, hətta yaxşı dostlardan və sadiq tamaşaçılardan necə pul ala bilər? Sofiko ailəcanlı və zəhmətkeş idi. Öz evini öz əlləri ilə təmir etmişdi. Bişirməyi, tikməyi, dülgərliyi bilirdi, hər zaman bir şeyi düzəltməkdən məmnundu, rəsm çəkir, mahnı bəstələyir, cəsarətlə maşın sürür, məhəlləsində, şəhərdə, ölkədə, dünyada baş verən hər şeylə çox maraqlanırdı...

Sofiko bir neçə il SSRİ Ali Sovetinin deputatı olub. Bir dəfə o, Brejnevə şəxsən yaxınlaşdı və yerində hərbi baza inşa edilməsi planlaşdırılan qədim Gürcüstan monastırını dağıtmamağı xahiş etdi. Sofiko Brejnevə o qədər duyğusal bir şəkildə yalvardı ki, Leonid İliç təsirləndi, Sofikonu öpdü və istəklərini yerinə yetirəcəyinə söz verdi...

 

Sofiko ikinci həyat yoldaşı aktyor və idman şərhçisi Kote Maxaradze ilə, o dövrdə Teatrın bədii rəhbəri olmuş anası Verikonun qurduğu bir tamaşada tanış olur. Ehtiraslı bir romantik olduğunu söyləmək, hələ heç nə demək deyil. Kote və Sofiko bir-birlərinə elə bir qüvvə ilə bağlandılar ki, ömürlərinin sonuna qədər bir gün belə ayrı yaşaya bilmədilər. Ancaq o zamana qədər hər ikisi artıq gənc deyildi, hər ikisinin xoşbəxt ailələri, övladları da vardı... Kote bir futbol matçını şərh edərkən Sofikoya, onu harada və nə vaxt gözləyəcəyinə dair şifrəli bir mesaj da verərdi. Həmişə və hər yerdə bir yerdə ola bilmədikləri üçün əzab çəkdikləri vaxt da olurdu.

 

Onlar tanış olanda Kote Sofikonun onunla evlənməyə razı olmadığı təqdirdə özünü dərhal uçurumdan, dərin bir dərəyə ataraq özünü öldürəcəyini söyləmişdi. Sofiko hələ evliliyə hazır olmadığını söyləyəndə, Kote onu götürüb dərəyə apardıı! Sofiko ona inandı. Onlar birlikdə birtəhər dərədən çıxa bildilər və o vaxtdan bəri heç vaxt ayrılmadılar. 1980-ci ildə cütlük evləndilər və dostları onlara təhlükəsiz bir sığınacaq kimi, ailə rifahının simvolu olaraq böyük bir dəmirdən hazırlanmış toy üçün əsl gəmi lövbərini hədiyyə etdilər.

Kote ilə Sofiko nağıllardakı kimi yaşayırdılar - ruhdan ruha, bir-birlərini həssaslıqla və şəfqətlə sevirdilər.

 

Yeddi dəfə beynəlxalq festivallarda “Ən yaxşı aktrisa” mükafatına layiq görülən yeganə sovet aktrisası olan Sofiko Çiaureli 1990-cı illərdə kinodan uzaqlaşmağa başladı və bütün gücünü teatra verdi. Anasının ölümündən sonra evində balaca bir teatr səhnəsi yaratdı və bu teatra "Veriko" adını verdi. (Anasının adını)

 

Yeni əsrin əvvəllərində Kote Maxaradze tez-tez və ağır xəstələnməyə başladı. Sofiko ərini ruhlandırmaq üçün paraşütlə tullanmağa qərar verdi. O, çimərlikdə, heyrətlənən və həvəsli turistlərin qarşısında paraşütdən atlanır. Bu təşəbbüs çox təhlükəli və riskli idi - axı o vaxtlar Sofiko 65 yaşında, çəkisi isə yüz kiloqram ağırlığındaydı...

 

2002-ci ilin dekabrında Gürcüstan və Rusiya milli komandaları arasında keçirilən futbol matçı zamanı stadionda işıqlar sönür. Oyun dayandırılır, azarkeşlər bir-birlərinə çirkin təhqirlər səsləndirməyə başlayırlar. Matçı şərh edən Maxaradze utanc və məyusluqdan infarkt keçirdir. Bir həftə sonra əfsanəvi şərhçi dünyasını dəyişir. Və bu texniki çatışmazlıq iki dövlət arasında daha ciddi bir qarşıdurmanın mistik bir əlaməti olur.

Sofiko, ərinə yas tutarkən, Maxaradzeyə olan sevgisini etiraf etdiyi və xoşbəxtlik, kədər, həyat və taleyi əks etdirən “Sevgi qınağı” adlı solo tamaşada oynayır.

 

Sofikonun son film işi isə, Qafqazdakı müharibədən bəhs edən “Mayak” dramındakı kiçik qonşu obrazı idi. Sofiko, Gürcüstan və Rusiya arasındakı münasibətlərin korlanmasını dözülməz bir ağrı ilə yaşadı. Hər iki ölkənin adi vətəndaşlarına mübahisə edən siyasətçiləri dinləməmələrini, mediada yayılanlara fikir verməməyə, rusların və gürcülərin heç olmasa bir gün düşmən ola biləcəklərinə inanmamalarını xahiş etdi.

Davamlı əsəb keçirməsi, yaşadığı gərginliklər bədənində inkişaf etməkdə olan, yatmış xərçəngin oyanmasına təkan verdi ...

 

Sofiko Çiaureli Gürcüstanın və Avropanın ən yaxşı həkimləri tərəfindən müalicə edildi, lakin onlar gücsüz idilər. Sofiko Çiaureli, 2 mart 2008-ci ildə Tiflisdə, ömrü boyu yaşadığı evində dünyasını dəyişdi.

Dəfn günündə şəhər matəmə qərq oldu - nəqliyyat dayandırıldı, mağazalar və əyləncə müəssisələri bağlandı, bütün sakinlər küçəyə töküldü, pıçıltı ilə danışıldı, çoxu göz yaşlarını gizlətmədi. Sofikonun cəsədi olan tabut xalqın qucağında bütün Tbilisidən keçirildi. Onu əri Kote Maxaradzenin yanında dəfn etdilər. Üç gün sonra Tbilisinin küçələrindən birinə bütün Gürcüstanın sevimli aktrisası - Sofiko Çiaurelinin şərəfinə ad verilməsinə qərar verildi...

 Vasif AYAN

# 38547
avatar

Oxşar yazılar