“Bəstəkarlarımızı lazım olan səviyyədə təbliğ edə bilmirik” -  Firəngiz Əlizadə ilə MÜSAHİBƏ
18 sentyabr 2023 15:01 (UTC +04:00)

“Bəstəkarlarımızı lazım olan səviyyədə təbliğ edə bilmirik” - Firəngiz Əlizadə ilə MÜSAHİBƏ

1995-ci ildən 18 sentyabr dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günü şərəfinə Azərbaycanda Milli Musiqisi Günü elan edilib. Belə bir gündə təməli 1934-cü ildə böyük Üzeyir tərəfindən qoyulmuş mədəniyyət ocağına Bəstəkarlar İttifaqına üz tuturuq. Ehtişamı ilə seçilən bu qədimi binada pilləkənləri qalxırıq və ikinci mərtəbədə, pilləkənlərin tam yanında onun heykəli qarşılayır bizi.  Aldığımız məlumata görə, bu bina bəstəkarlara 1968-ci ildə verilib. Sonra türk səfirliyinə çevrilib daha sonra Firəngiz xanım Əlizadə xahiş edib, bina yenidən bəstəkarlara geri qaytarılıb. Dahi bəstəkarın abidəsi də bir neçə ildir qoyulub. Foyeni isə onun Tahir Salahov tərəfindən çəkilmiş böyük portreti bəzəyir. Bu gün Üzeyir günüdür və söhbətimiz də onun yaradıcılığı barəsində olacaq.

Lent.az-ın müsahibi Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, UNESCO-nun Sülh Artisti” fəxri adına layiq görülmüş Firəngiz Əlizadədir 

- Firəngiz xanım, şöhrəti dünyanı gəzmiş bir sənətkar olaraq istərdim Üzeyir bəyin yaradıcılığını dünya musiqisi fonunda qiymətləndirəsiniz. Dünyadan baxanda Üzeyir bəy necə görünür?

- Öncə istərdim kiçik bir qeyd edim. Üzeyir bəyin soyadını bizim mətbuatda Hacıbəyov kimi yazırlar, Hacıbəyli yazılmalıdır. Bizə tapşırılıb, onu Üzeyir Hacıbəyli kimi təqdim eləsinlər. O yalnız dahi bəstəkar deyil, ən birinci vurğulamalıyam ki, o dahi insandır. Üzeyir bəyin Azərbaycan mədəniyyətinə töhfələri o qədər böyükdür ki, gördüyü işlərin möhtəşəmliyini düşünəndə heyrətlənməyə bilmirsən. Onun yaradıcılığı, bu millətə verdiyi töhfələr okeandır. O, Azərbaycanın ictimai həyatında əvəzsiz rol oynayıb. O Azərbaycan cəmiyyətindəki çatışmazlıqları, musiqi həyatındakı nöqsanları tənqid edirdi. Hamı gözləyirdi ki, bu cavan oğlan o nöqsanları aradan qaldırsın. Üzeyir bəy, Qori seminariyasında cüzi musiqi təhsili almışdı, 2-3 il skripkada çalmağı və notları öyrənmişdi. Lakin artıq 22 yaşında Şərqin ilk operasını, ilk Azərbaycan operasını yaratdı. O bəlkə də heç düşünməmişdi ki, belə böyük bir tarixi rol oynayacaq. Üzeyir hətta ilk operanı yazmamış olsaydı belə, bu ideyanın varlığı adının tarixə düşməsinə bəs edərdi. O bu addımı ilə 300 illik opera tarixi olan Avropaya alternativ bir ölkənin, Azərbaycanın varlığını sübut elədi. Azərbaycan musiqisini dünyaya tanıtdı. O ətrafına insanları toplaya, öz ideyalarına vurğun edə bilirdi. Azərbaycan xalqı çox istedadlı xalqdır. Küçədə birini saxlasan, o sənə hər hansı bir mahnının bir bəndini, muğam parçasını gözəl şəkildə ifa edəcək. Belə bir xalqa hər əsəri sevdirmək, dahi ünvanını almaq asan iş deyildi. Üzeyirdə musiqi vergi idi, ilahi vergi – o Avropa və Şərq musiqisinin sintezini yarada bildi. Bu opera elə bir şedevr idi ki, bu günə qədər səhnədən düşmür. Opera teatrı hər il mövsümü bu tamaşa ilə açır. 18 sentyabrda bu əsər Şuşada təqdim olunacaq.

- Firəngiz xanım, dediyiniz kimi, Üzeyir bəyin böyük musiqi təhsili yox idi. Amma dəfələrlə dinləməyimizə baxmayaraq, “Leyli və Məcnun”un melodiyaları izləyicini kövrəldir, təsirləndirir. Bu əsəri 22 yaşında olanda yaradıb. İndi illərini sənətə vermiş bir peşəkar kimi Üzeyir bəyin yaradıcılığının ilk dövrlərində yazdığı musiqi əsərlərini qiymətləndirə bilərsiniz? Yoxsa bu böyük cəsarət olardı?

- Bunu eləmək günah olardı. Üzeyir Hacıbəyli dahi idi. O ulu muğam sənətinə arxalanmışdı. Şuşada böyümüş, qanına-canına musiqi hopmuşdu və təəssüratlarını mükəmməlləşmiş şəkildə notlara köçürmüşdü. Yenə deyirəm, o yalnız bu ideyaya görə dahi adlandırıla bilərdi. Avropanın elit opera sənətini muğamla birləşdirmək asan fikir deyildi. Həm muğamı yüksəltdi, həm xalqa operanı sevdirdi. 16-cı əsrdə muğam öz intibah dövrünü yaşamışdı. Üzeyirə qarşı bu opera yazıldıqdan sonra çox böyük ittihamlar var idi. “Muğama toxunma”, “muğamı opera ilə qarışdırma” deyirdilər. O, Üzeyirdir, alimimiz, müəllimimizdir, akademikdir. Necə qiymət verə bilərəm? Fəaliyyəti inanılmazdır, xor kollektivi, simfonik xalq çalğı alətləri ansamblını yaratdı. Xalq mahnılarını, muğamları nota köçürdü. Yalnız öz yaradıcılığı ilə məşğul olsaydı, bəlkə daha nələr, nələr yaradardı. O isə ömrünü özünə yox xalqına, xalqın mədəniyyətinin inkişafına həsr eləmişdi. Üzeyir olmadan Azərbaycan musiqisi natamam olardı. Bu kollektivləri yaratmaq o qədər asan deyildi. Biz bir səsliliyə, monodiaya öyrənmiş xalq idik. O bir səslilikdən xora yol aldı. Mənim onun haqqında yazdığım dissertasiya işim də belə adlanır. “Bir səslilikdən simfonik orkestr”. O isə, öz inkişaf yolunu belə dəyərləndirmişdi – “Leyl və Məcnundan Koroğluya”. Bir alim olaraq, o özü hansı inkişaf yolu keçdiyini də dərk edirdi. Üzeyir yaradıcılığı bir xəzinədir və daim araşdırılır. Sentyabrın 19-da biz Üzeyir yaradıcılığına həsr olunmuş elmi konfrans keçirəcəyik. Yeri gəlmişkən qeyd edim ki, sentyabrın 18-də onun dostu, böyük bəstəkarımız Müslim Maqomayevin də doğum günüdür. Biz elə bu günü də qeyd etmiş olacağıq.

- Firəngiz xanım, nə üçün Avropada klassik orkestrlərin ifasında Üzeyir bəyin əsərləri səsləndirilmir, dərsliklərə salınmır. Məsələn bizim istənilən gəncimiz Baxı, Bethoveni, Şuberti və başqa bəstəkarları tanıyır...

 - “UNESCO” tədbirləri çərçivəsində Avropada “Leyli və Məcnun” göstərilib. Üzeyirin əsərləri təbliğ olunmalıdır, müasir quruluş verilməlidir, müasir səviyyədə rejissor işi ilə təqdim edilməlidir. Bunu eləsək hamı qəbul edər.

- Bəs niyə eləmirik? Məsələn sizin əsərləriniz Avropada  ifa olunur, Üzeyir bəyin yox.

- Bunu etmək bir adamın işi deyil. Avropada opera sənəti çox inkişaf edir. Biz Üzeyir bəyin əsərlərini yeni, müasir üslubda təqdim eləsək o seviləcək, qəbul olunacaq. Əsərin özəyinə toxunmadan yeni quruluşda verməliyik. Bunu eləmək isə bir adamın işi deyil.

Bu yerdə söhbətimizə Firəngiz xanımın həyat yoldaşı, Bəstəkarlar ittifaqında onunla birlikdə işləyən rejissor Cahangir Zeynalov müdaxilə edir: 

- Bilirsinizmi, səviyyə məsələsi var axı.

- Axı Üzeyir bəy, heç də Firəngiz xanımdan aşağı səviyyəli bəstəkar deyil.

- Avropa klassik musiqini sevir. Avropada tələb başqa şeyədir. Ona görə, yeni təqdimat tələb olunur.

- Firəngiz xanım, ötən əsrin ortalarından sonlarına doğru Azərbaycan musiqisi öz intibahını yaşadı. Fikrət Əmirov. Qara Qarayev, Vaqif Mustafazadə, Tofiq Quliyev, Arif Məlikov və digər böyük bəstəkarlar dünyaya səs saldılar. Bu gün niyə o dahilər yoxdur, niyə sükut çökdü? 

- Tam razılaşa bilmərəm. Yenə məsələ gəlir çıxır təbliğatın üzərinə. Biz bu gün yaşayıb yaradan bəstəkarlarımızı lazım olan səviyyədə təbliğ edə bilmirik. Mən şəxsən öz karyeramdan məmnunam. Dünyada əsərlərim çalınır. Amma bir tək mənimlə iş bitərmi? Eyni sualı təhsil ocaqlarından da soruşun. Mən dərs demirəm, ittifaqa hazır bəstəkarları qəbul edirik. 

 Cahangir bəy yenidən müdaxilə edir:

- Firəngiz xanımın əsərləri Avropanın ən nüfuzlu orkestrləri tərəfindən çalınır, Avropada qəbul edilir, sevilir, burda isə paxıllığını çəkirlər, qəbul etmirlər, bu barədə danışılmır. Ancaq  toy musiqiçiləri barədə danışırlar, yazırlar. Bu kimin günahıdır?

- Bəstəkarlar İttifaqı yaranarkən qarşısına qoyduğu məramı, məqsədi qoruyub saxlaya bilib?  

- Bəstəkarlar İttifaqı ictimai birlikdir, bəstəkarların yeni əsərlərinə qulaq asıb, təbliğ etməyə çalışırıq. Lakin ictimai birlik olaraq, bu gün sözümüz o qədər də keçərli deyil.

- Sovet dönəmində dövlət təşkilatı idi? O zamanlar bu qurumun böyük nüfuzu vardı.

- Yox, həmişə ictimai birlik olub, amma Qara Qarayev bura rəhbərlik edəndə onun sözünü kim yerə sala bilərdi. Nizam-intizam dəyişib, ümid edirik, yenidən bərpa edə biləcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8871
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar