"Bağırov və Beriya müsavatçı olublar"  - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
04 mart 2024 15:33 (UTC +04:00)

"Bağırov və Beriya müsavatçı olublar" - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI

Lent.az Kulis.az-a istinadən Ülvi Bahadırın repressiya qurbanı, Ermənistan SSRİ və Azərbaycan SSRİ dövlət və partiya xadimi, Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri Saleh Güllücinskinin qohumu Səbinə Uğurla müsahibəsini təqdim edir:

Saleh Güllicinski haqqında material çox azdır. Ona görə də söhbətimizə onun haqqında ilkin məlumatlarla başlayaq.

- Saleh Güllicinski İrəvan şəhəri yaxınlığındakı Güllücə kəndində, Məşədi Teymur və Leyli xanımın ailəsində dünyaya göz açıb. Ailədə 5 uşaq (3 qız, 2 oğlan) olublar: Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət.

Saleh Güllicinski A.S. Puşkin adına İrəvan rus-tatar məktəbində, sonralar - 1911-1915-ci illərdə isə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. 5 mart 1916-cı ildən 6 iyun 1918-ci ilə kimi İrəvan dairə məhkəməsində işləyib. 1918-ci il fevralın 2-dən tərcüməçi işləyib. 1918-ci ildə indiki Ermənistan ərazisində Ararat respublikası yaradılıb və hakimiyyət başında “Daşnaksutyun” partiyası olub.

1920-1921-ci illərdə Ermənistanda bolşeviklər hakimiyyətə gələndə Kommunist Partiyası sıralarına daxil olan Saleh Güllicinski daşnaklara qarşı mübarizədə fəal iştirak edib. Bu barədə Rza Vəlibəyovun "Keçmişdən səhifələr" adlı kitabında oxuya bilərik.

Həmin illərdə Ermənistanda Qızıl Ordunun Xüsusi şöbəsinin müstəntiqi vəzifəsində çalışan Saleh Güllicinski özünü siyasi cəhətdən hazırlıqlı və savadlı göstərdiyinə görə 1920-1923-cü illərdə Ermənistan SSR Fövqəladə Komissiyasının ilk müstəntiqi olub. 1921-ci ilin əvvəllərində Vedi rayon Hərbi İnqilab Komitəsinin ilk sədri vəzifəsində, 1922-ci ildə Vedi rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb. Vedidə çalışdığı zamanlarda aclığın qarşısını almaq, qırğınlardan qaçan yerli azərbaycanlı əhalinin geri dönməyini təmin etmək üçün çox işlər görüb.

1918-ci ildə daşnaklar İrəvanda qırğın törədəndə azərbaycanlılar Türkiyəyə, İrana qaçıb. Babam Səməd o zaman 15, bacısı Əfruz isə 20-21 yaşlarında olub. Ataları Kərbəlayi Cəfər onları Saleh Güllicinskinin atası Məşədi Teymurla qırğından qurtulmaları üçün Türkiyəyə göndərir. Məşədi Teymurun həyat yoldaşı Leyli xanım Səmədlə Əfruzun bibisidir.

Sonradan babam Səməd və bacısı Əfruz qayıdıb İrəvana gələndə görüblər ki, evləri, mülkləri yanıb, kül olub. Əfruz nənə atasının və yeddi qardaşının öldürüldüyü şəhərdə artıq qalmaq istəmir və sağ qalan bir neçə qohumlar ilə Şəmşəddindən (indiki Berd) Azərbaycanın Tovuz rayonuna gəlirlər və daha sonralar Gəncədə məskunlaşırlar.

- Onun Türkiyə və İrandakı ermənilərin Ermənistana yerləşdirilməsinə münasibəti necə idi?

- Qəti surətdə qarşı çıxırdı. Qırğınlardan qaçqın düşən qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmağına Sovet Ermənistanında izin vermirdilər. Bununla onlar Qərbi Azərbaycanda azərbaycanlıların sayını azaltmaq, ermənilərin sayını artırmaq istəyirdilər. Saleh Güllicinski bu siyasəti dəstəkləmədiyi üçün onu Ermənistandan uzaqlaşdırmaq məqsədilə 1924-cü ildə Tiflisdəki 26 Bakı Komissarı adına Zaqafqaziya Kommunist Universitetinə təhsilini davam etdirməyə göndərirlər. Qohumların dediyinə görə, Mircəfər Bağırovla 1926-cı ildə tanış olub.

- Məncə, xaricdə yaşayan ermənilər, əsas etibarilə, 1918-ci ildə yox, 1921-ci il - Ermənistan SSR dövründə İrəvana köç etdirilib.

- Saleh Güllicinskinin bacısı qızının dediyinə görə, 1918-ci ildə daşnakların hakimiyyəti zamanı onlar geri - İrəvana gələndə görürlər ki, evinin qapısı qırılıb, üç otağa Vandan gələn ermənilər yerləşib. Atası Hüseyn deyir ki, sən kimsən, mənim evimə necə girmisən? Erməni deyir ki, sən Türkiyəyə necə getmisənsə, mən də Vandan elə gəlmişəm. Mən gəldim hökumətə dedim ki, mənə sığınacaq ver, dedilər ki, get hansı evin qapısı bağlıdırsa, qapısını qır, gir evə. O biri otaq mənə lazım deyil, sən də o otaqda yaşa. Atam qorxusundan dillənə bilmir. Daşnakların hökumətiydi. Van ermənisi 40 il o evdə onlarla birgə yaşayıb.

- Sonra Borçalıda işləyir.

- Xeyr. Tiflisdə Universitetdə təhsil alarkən əslən Borçalıdan olan Səkinə xanımla tanış olur. Səkinə xanım da həmin universitetdə təhsil alıb. Rəfiqə xanımın (Saleh Güllicinskinin bacısı Rübabə xanımın qızı) dediyinə görə, universiteti bitirdikdən sonra Mircəfər Bağırovun dəvəti ilə Saleh Güllicinski həyat yoldaşı, atası, anası və subay bacıları ilə birgə Bakıya gəlib. Evli olan bacısı İrəvanda qalıb.

1926-1927-ci illərdə Azərbaycan KP MK-nın altqrupunun üzvü olub, 1927-1929-cu illərdə Bakı sovet partiya məktəbində həm müəllim, həm də tədris hissəsinin müdiri vəzifəsində, 1929-1930- cu illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Uşaqların sosial tərbiyəsi və politexnik təhsili Baş idarəsində rəis müavini vəzifəsində çalışıb. Mircəfər Bağırov Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri olanda (indiki DTX) Saleh Güllicinski həmin qurumun səlahiyyətli nümayəndəsi olub.

- Hətta nüfuz etibarilə Mircəfər Bağırovu da qabaqlayıb.

- Onu deyə bilmərəm, amma 1934-cü il mayın 14-də Zaqafqaziyada ilk Lenin ordeni ilə təltif olunan Saleh Güllicinski olub. Mircəfər Bağırov bu ordenlə ondan sonra təltif olunub. Qohumlar belə deyirlər: “Ordeni almağa Saleh Güllicinski Mircəfər Bağırovla birgə gedibmiş. Bağırov deyib ki, səni mənim yerimə hazırlayırlar. Güllicinski də cavab verib ki, mənim nə belə fikrim, nə də niyyətim var. Məncə, Bağırov özündən başqa heç kimin yuxarı pillələrə qalxmağını istəməyib.

- Həmin dövrdə iki əsas cəbhə olub: stalinist və trotskiçi. Trotskiçilər repressiya tədbirlərinə cəlb olunublar. Saleh Güllicinskinin də evində Trotskinin kitabı tapılıb. Trotskiçi idi, ya bu, həbsi üçün, sadəcə, bir bəhanə idi?

- Bəhanə idi. Saleh Güllicinski 1931-1933-cü illərdə Moskvada Qırmızı Professorlar İnstitutunda təhsil alıb, lakin bu ali məktəbdə təhsilini bitirməyib. Qırmızı Professorlar İnstitutu (QPİ) partiyanın ən yüksək ideoloji kadrlarının və universitetlərdə ictimai elmlər üzrə müəllimlərin hazırlanması üçün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi ali təhsil müəssisəsi olub. Qırmızı Professorlar İnstitutunda təhsil alarkən Moskva Polad İnstitutunda və Timirzayev adına Kənd Təsərrüfatı Akademiyasında fəlsəfə müəllimi işləyib. Həyatını araşdırarkən bu qənaətə gəlirəm ki, Trotski ilə əlbir olmayıb.

Z.Bünyadovun "Qırmızı Terror" kitabına istinad etsək, ifadələrə görə, "Gizli müsavat" adlı təşkilat olub. Sirr deyil ki, Bağırov da, Beriya da müsavatçı olub. Hazırda əlimdə Saleh Güllicinskinin müsavatçı və bu təşkilatla gerçəkdən əlaqəsinin olub-olmamağı ilə bağlı sübutlar yoxdur... Onun evinə qardaşının tanışı olan Polina adlı rus qadın gəlib və orada yaşamağa başlayıb. Sonra Saleh Güllicinskinin evindən Trotskinin kitabı tapılıb. Evdəkilər bir-birinin üzünə baxıblar ki, bu kitab bizim evə necə gəlib? Güman edirəm ki, Saleh Güllicinskinin həbsinə bəhanə üçün həmin kitabı necəsə evə qoyublar.

Ziya Bünyadovun “Qırmızı terro” kitabında Saleh Güllicinskidən əvvəl 1937-ci ilin yanvarında Mikayıl Hüseynov və Hənəfi Zeynallı həbs edilir. Onlar dindiriləndə Saleh Güllicinskinin də adını çəkirlər. Saleh Güllicinski o zaman Azərbaycan K(b)P MK yanında Kənd Təsərrüfatı İnstitutunun rektoru olub.

- Repressiya qurbanlarının etiraflarında gizli millətçi təşkilatdan bəhs olunur.

- Bağırovun məhkəməsindən bilirik ki, M.C. Bağırov özü də bir zamanlar müsavatçı olub. 1933-cü ildə Azərbaycan milliyyətçi partiyası yaradılır. Əhməd Tirinç, Əli Kərimov, Həmid Sultanov, Bala Əfəndiyev, Soltan Məcid Əfəndiyev və digərləri ilə birilikdə Saleh Güllicinskinin adı çəkilir.Təşkilatın əsas vəzifəsi "silahlı üsyan", "terror" yolu ilə bütöv Azərbaycan yaratmaq istəyi idi.

Qarışıq hadisələrdir bunlar. Tam şəkildə hələ ki, öyrənilməyib bu dövr. Bəzən deyirlər, Stalin əmr verdi ki, 4 min adam həbs olunsun. Düşünürəm ki, bunlar bu qədər bəsit olmamalıdır. Hər kəs həbs edilmir.

- Əsas silahdaşları kimlər olub?

- O dövr siyasi elitada kimlər varsa, onlar. Dadaş Bünyadzadə və digərləri. Saleh Güllicinski 1934-1935-ci illərdə Xalq Torpaq Komissarlığının Siyasi bölməsinin rəis müavini və s. yüksək vəzifələrdə çalışıb. Mikayıl Hüseynov və Hənəfi Zeynallı dindiriləndə onun adını çəkiblərsə, deməli, onlar Saleh Güllicinskini tanıyıblar. Saleh Güllicinskinin qohumları repressiya illərinin qorxusundan, indi belə onun yoldaşları haqqında heç nə danışmırlar. Həbs olunandan sonra yaxınları ondan aylarca xəbər almağa çalışıblar. Bir neçə aydan sonra NKVD əməkdaşı onu axtarmaqdan yorulmayan bacısı Ləzifə xanıma deyib ki, qardaşının boynuna daş bağlanılaraq dənizə atılıb. DTX arxivindən əldə etdiyim məumata görə, Saleh Güllicinski 1938-ci il 3 yanvar tarixində güllələnib.

- Saleh Güllicinski və yoldaşları kommunist olublar. O illərdə kommunistlərin kütləvi repressiyasının birbaşa baiskarı kim olub?

- Bağırov və Beriya müsavatçı olublar. O illərdəki kommunistlər əvvəl müsavatçı olublar, sonra kommunist. Bir-birlərinin sirləri açılmasın deyə də ola bilər. Əli bəy Zizikski ilə də Bağırov yaxın olub. Sonradan isə Ziziksi məhv edilib.

- Saleh Güllicinski və yoldaşlarının Azərbaycan Cümhuriyyətinə qarşı münasibətləri necə olub?

- Saleh Güllicinski İrəvanda yaşayıb. İrəvan inzibati ərazi olaraq Azərbaycan Cümhuriyyətinin ərazisi olmayıb. Daşnak qırğını nəticəsində İrəvandan qaçqın düşənlərin İrəvanda yerləşdirilməsi üçün mübarizə aparıb, imza toplayıb.

- Saleh Güllicinskidən yadigar nə qalıb?

- Onun bir övladı olub: Ələsgər. Atası güllələnəndə 10 yaşı olub. Anası götürüb aparıb onu. Sonra Ələsgərin də iki övladı olub, amma Ələsgər gənc yaşında vəfat edib. Saleh Güllicinskinin qohumlarından hazırda yaşayanlar var. Repressiya illərində ordenlə təltif olunduğu zaman çəkilən fotoşəkil, əlyazmaları, fotoşəkilləri yandırılıb. Saleh Güllicinskin İrəvanda yaşayan bacısının əri Salehə aid nə şəkil varsa, qorxudan yandırıb. Saleh Güllicinskinin bacısı bəzi şəkilləri tövlədə - suvağın altında gizlədib. Məndə olan şəkillər də həmin şəkillərdir.

- Repressiya olunan şair və yazıçıların əlyazmaları dövrümüzə gəlib çatıb: Əhməd Cavad, Hüseyn Cavid və s. O illərdə sanki saf kommunistlərə daha çox təzyiqlər olub.

- Rza Vəlibəyovun İrəvanda 1969-cu ildə nəşr olunan “Keçmişdən səhifələr” kitabı var. Rza Vəlibəyov Ermənistan SSR xalq ədliyyə komissarı, Ermənistan SSR Xalq Komissarları Soveti sədrinin müavini, “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifələrində çalışıb. İrəvan şəhərində Fəxri panteonda dəfn olunan yeganə azərbaycanlıdır. Rza Vəlibəyov kitabında daşnaklara qarşı mübarizə aparan Cahangir Ələkbərbəyov, Saleh Güllicinski, Hüseyn Salmanov, Musa Vəlibəyov, Rza Axundov, Məmmədəli Nasir, Bala Əfəndiyev, Yusif Abbasov, Abbasqulu bəy Şadlınski, Əli Tağızadə, Ələmdar Həşimov və başqalarının xidmətlərini təfsilatı ilə şərh edib. Vedidə icraiyyə komitəsinin sədri işlədiyi zaman Saleh Güllicinski Abbasqulu bəy Şadlinski ilə birlikdə Dəvəlidə daş karxanasının istifadəyə verilməsinə böyük əmək sərf edib. Vedidə çalışarkən Saleh Güllicinski daşnaklardan qurtulmuş kəndləri dinc həyata qaytarmaq, qırğınlardan qurtulan əhalinin Türkiyədən, İrandan yurdlarına geri dönmələri üçün əlindən gələni edib, lakin Ermənistan hökuməti İrandan, Türkiyədən gələn erməniləri Vedibasara yerləşdirməyə başlayıb. Əziz Ələkbərlinin “Vedibasar mahalı” kitabında da bu məlumatlar öz əksini tapıb.

- Saleh Güllicinskinin fəaliyyətinin tədqiqi ilə bağlı qohumları tərəfindən daha əvvəl təşəbbüs olubmu?

- Heç bir təşəbbüs olmayıb. İlk mən araşdırmağa başladım. Saleh Güllicinskinin anası mənim babamın bibisidir. Çox tanınmış nəsil olublar. Mənim babamın atası, qardaşı oxuyan olublar - seminariya bitiriblər. Hətta babamın bir qardaşı Peterburqda təhsil alıb. Mənim itkin düşən qohumlarım Saleh Güllicinskinin anası Leyli xanım tərəfdən olan qohumlarımdır. İrəvanda sayılıb-seçilən ailə olublar. Kərbəlayı Cəfərin 8 oğlu və 1 qızı olub. Kərbəlayı Cəfərin bacısı Leyli xanım, Saleh Güllicinskinin atası Məşədi Teymurla qohum olub. Kərbəlayı Cəfərin oğlanları - Əlirza, Məmmədrza, Zeynalabdin, Həsən, Hüseyn, ən kiçikləri Kazım. Bütün oğullarının adı indi yadımda deyil. Kazım uşaq vaxtı rəhmətə gedib. 1918-ci ildə Azərbaycana, Gəncəyə gedib, Yeni İrəvanda məskən salıblar. Saleh Güllicinskinin əmiləri ilə Yeni İrəvanda bir məhəllədə qalsalar da, bir-birlərindən xəbər tutmayıblar. Məşədi Teymur oğlu Saleh Güllicinski güllələndikdən sonra 1944-cü ildə Gəncədə ölüb. İrəvana qohumlarına baş çəkməyə gedibmiş. Müharibə illəri olduğundan Məşədi Teymurun ölümündən qızları 1 ay sonra xəbər tutub. Məşədi Teymurun Gəncədə dəfn edildiyi qəbiristan ərazisində indi Şəmkir avtovağzalı yerləşir. Məşədi Teymurun məzarı qalmayıb. Saleh Güllicinskinin qardaşı Məmməd Güllicinski isə İkinci Dünya müharibəsi zamanı Almaniyada əsir düşüb.

- Sizin qohumlarınızın da içində itkin düşənlər olub.

- Mən öz soyağacımızı öyrənmək üçün bu yola girdim. Saleh Güllicinskini araşdıraraq onlar barəsində məlumat öyrənmək yolunu seçdim. Prezident kitabxanasına Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa ilə görüşə getmişdim, təsədüfən bir xanımla tanış oldum. Jalə xanım. Söhbət zamanı o mənə dedi ki, Saleh Güllicinskinin anasının dayısı da var. Beləcə mən 100 ildən sonra İrəvanda itkin bildiyim qohumlarımdan bir iz buldum.

Heç bir zaman babamın bacısı, ya babam İrəvanın adını çəkməyiblər. Sanıram, yaşadıqları dəhşətli hadisələri unutmaq üçün. Kərbəlayı Cəfər Zar kəndi (İrəvandan 16 km aralıda yerləşir) kətxudası olub. Zəngin adam olub, haqqında rəvayətlər var. Çox səxavətli və mərd adam olduğunu deyirlər. Yazdığım kitabda onun haqqında bir neçə rəvayət var. İrəvanda aclıq illərində öz taxılını camaata paylayıb. Bir nəfər deyib ki, aclıq vaxtı taxılını niyə camaata paylayırsan? Kərbəlayı Cəfər deyib ki, məni ağa edən onlardır.

- Xruşov dövründə - 1956-cı ildə “xalq düşmənləri”nə bəraət verilməyə başlanıb. Saleh Güllicinski nə zaman bəraət alıb?

- 1957-ci ildə. “ Xalq düşməni” kimi həbs olunarkən terrorçuluq, sui-qəsd və silahlı üsyana hazırlıq maddələri üzrə ittiham olunub.

- Mən sizdən əvvəl bir neçə repressiya qurbanının qohumlarından müsahibə almışam. Onlar sonradan çox böyük təzyiqlərlə üzləşiblər. Saleh Güllicinskinin ailəsi repressiya illərində hansı təzyiqlərə məruz qalıb?

- Saleh Güllicinskinin Molokan bağının qarşısındakı 2-3 mərtəbəli binalarda evi olub. Həmin ev keçmiş Korqanov, indiki Rəsul Rza küçəsində yerləşib. Ev müsadirə olunub və Salehin qardaşı Məmmədin tanışı olan Polina xanıma verilib. Saleh Güllicinskinin bacısı təzyiqlərə görə Bakıda yaşaya bilməyib və Xudata köçüb. Orada işləyib, ailə qurub. Saleh Güllicinskinin bacısı Ləzifə xanım alman dili fakültəsinin birinci buraxılış məzunu olub və müharibə illərində alman dilini bildiyinə görə də təqib olunub. Saleh Güllicinskinin qardaşı Məmməd Almaniyada əsir düşüb. Bir yandan Saleh Güllicinski, digər yandan Məmməd Güllicinskiyə görə ailə ciddi təqiblərə məruz qalıb. Mənim Səməd babam 1930-cu illərdə həbs olunub. O zaman Şəmkirdə yaşayıb və dəmiryolunda işləyib. Şəmkir üsyanı zamanı “sən kətxuda oğlusan” deyib, həbs ediblər. Nənəm deyirdi ki, babanı Bakıda NKVD-də işləyən qohumu həbsdən azad edib. Əlbəttə, nənəm onun Siyasi İdarənin səlahiyyətli nümayandəsi olduğunu bilmirdi.

Müharibə illərində babam yenə həbs olunub və yenə eyni ittihamla. Amma artıq Saleh Güllicinski yox idi. Babamı həbsdən birbaşa ön cəbhəyə aparıblar. Saleh Güllicinskinin ailəsi ilə babamgilin əlaqələri, düşünürəm ki, Saleh Güllicinski həbs ediləndən sonra da olub, amma qorxularından inkar ediblər. Saleh Güllicinski arxiv sənədinə görə, 5 ay həbsdə olub, işgəncələr verilib. Sonra da güllələnib.

- Sizə görə, hansı ehtimal daha doğrudur, onu güllələyiblər, yoxsa dənizə atıblar?

- Repressiyanı araşdıran bir neçə tarixçi ilə söhbətim olub. Onlar dəniz məsələsinə inanmırlar.

- Silahdaşlarının da məzarı yoxdur.

- Kütləvi məzarlıqlarda dəfn olunanlar var. Repressiya qurbanlarının əksəriyyətinin qəbri yoxdur.

Saleh Güllicinskinin qohumlarından başqa kimlər var?

- Bacıları rəhmətə gediblər, amma onların övladları, nəvə nəticələri hazırda Bakıda və bir çox xarici ölkələrdə yaşayırlar.

- Saleh Güllicinskini görən biri ilə danışmısınızmı?

- Rəfiqə xanım (Saleh Güllicinski onun dayısı olub) İrəvanda yaşayıb və 1926-cı ildə Saleh Güllicinski ailəsi ilə Bakıya köçdüyündən gediş-gəlişləri az olub. Rəfiqə xanımın babası Məşədi Teymur müharibə illərində onlara gəlib-gedib. Saleh Güllicinskinin oğlu da dənizdə neftçi olub və gənc yaşda vəfat edib.

- Repressiya qurbanlarının müəyyən bir qismi araşdırılır: Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq və s. Saleh Güllicinski barəsində internetdə informasiya, demək olar ki, yoxdur. Repressiya qurbanlarının bəzilərinin kölgədə qalmağını nə ilə əlaqələndirirsiniz?

- Bu dövr az araşdırılıb. Hazırda bəzi gənclər bu dövrü araşdırmağa maraq göstərirlər. Saleh Güllicinski kimi bir çox adam var ki, adları çəkilmir, amma Azərbaycan üçün çox işlər görüblər. Çalışıb araşdırmaq lazımdır.

- Saleh Güllicinskinin Azərbaycan üçün ən böyük xidməti nədir?

- Xalq Maarif Komissarlığında çalışıb. Təbliğat-təşviqat bölməsinin siyasi şöbəsində çalışıb. Qasım İsmayılov (indiki Goranboy) rayonu MTS siyasi şöbə rəisi işləyib. “Sosialist əməyi qəhrəmanı” Bəsti Bağırovanın irəli çəkilməyində onun mühüm rolu olub. Daha çox müəllim kimi çalışıb. Onun qeyri-leqal siyasi fəaliyyətini daha çox araşdırmaq lazımdır. Çox güman, kitabları da olub.

- Onun haqqındakı məlumatları hansı mənbələrdən əldə etmisiniz?

- İnternetdə əvvəl haqqında məlumat olmayıb və onun haqqında arxivlərdən və qohumlarından məlumatları əldə edib ilk dəfə vikipediyaya yerləşdirmişəm. Şəkli ilə birgə. Sonralar Saleh Güllicinski və qohumları barəsində müxtəlif saytlarda məqalələrlə çıxış etmişəm.

- Siz hazırda Saleh Güllicinski barəsində kitab yazırsınız?

- Bəli. Kitabın 1-ci hissəsini (Saleh Güllicinskinin fəaliyyətinin İrəvan dövrü və qohumları) tamamlamışam. Repressiyası ilə bağlı kitabın 2-ci hissəsini yazıram.

- Qərbi Azərbaycandan olan qohumlarınız oraları necə xatırlayır?

- Çox gözəl. Mənim nənəmin, babamın orda mülkləri olub. İrəvanda böyük bağları olub. İrəvan mahalına Qırxbulaq mahalı, Qırxbulaq çayına isə həm də Gedərçay deyirlər. Aşağıda Gedərçay, yuxarıda Zəngiçay olub. Ən çox 1988-ci il hadisələrindən danışıblar mənə.

- Sizcə, 1988-ci il hadisələri nəyə görə olub? Əvvəl birgəyaşayış olub axı.

- Rəfiqə xanım mənə danışıb ki, onlarla birgə yaşamışıq, amma onlar hər zaman gizlində düşmənlik edirdilər. Bu üzdən onlardan uzaq durmuşuq.

Jalə xanım (Prezident kitabxanasının şöbə müdiri) mənə danışıb ki, 1988-ci ilin dekabrında erməni silahlıları redaksiyaya daxil olub və ermənicə “burda türk varmı?” - soruşublar. Orda çalışan qızlar deyib ki, türk budur. Jalə xanım da ermənicə mükəmməl bildiyinə görə özünü vəziyyətdən çıxarmağa çalışıb və oranı tərk edib. Və gecə ikən ailəsi qaçıb Bakıya gəliblər.

- Saleh Güllicinskinin bacılarının taleyi necə olub?

- Saleh Güllicinski həbs olunarkən bacısı Ləzifə xanım onun evində olub və 21 yaşı olub. Ləzifə xanımın həyat yoldaşı Müslüm Əli bəy Zizikski ilə birgə daşnaklara qarşı vuruşan, Azərbaycan Cümhuriyyəti parlamentindəki “İttihad” partiyasının üzvü Həmdulla Əfəndinin oğlu olub. Övladlarının adı da elə Həmid olub. Saleh Güllicinskinin böyük bacısı Rübabə İrəvanda yaşayıb. Ən kiçik bacısı evlənib, övladları Amerikada, Almaniyada yaşayırlar.

- Tapmısınız onları?

- Tapmışam. 90-cı illərdə Azərbaycandan köç ediblər. 60-70-ci illərdə köç edənləri də var. Türkiyədə qohumlarımız var. Rəfiqə xanımın soyadı Dalqılıcovadır. Nadir soyaddır. Türkiyədə İğdırda Dalqılıc kəndi var. 1918-ci il qırğınları zamanı Rəfiqə xanımın atası Hüseyn ailəsi ilə birgə İğdıra gedib. Soyadları da elə bunun üçün Dalqılıcovdur. İrəvandakı Səməd babamın atası evinin yerində mehmanxana tikildiyini Əfruz nənəyə 1970-ci illərdə İrəvana gedib-gələn biri demişdi. Amma bilmirəm, hansı mehmanxanadır. Saleh Güllicinskinin ailəsi isə indiki Ermənistan Hökumət Evinin arxasındakı 2-ci küçədə yaşayıb. Bağları İrəvan şəhərinin kənarında olub. Rəfiqə nənə deyirdi ki, bizim mülklərin bir hissəsini sovet hökuməti əlimizdən alıb, sonra da yerində uşaq bağçası tikiblər.

# 6381
avatar

Oxşar yazılar