“Ayaqlarımı yerə döyüb ağlayırdım, qaçmaq istəyirdim” - Fərqanə Qasımova  ilə MÜSAHİBƏ
31 may 2022 14:53 (UTC +04:00)

“Ayaqlarımı yerə döyüb ağlayırdım, qaçmaq istəyirdim” - Fərqanə Qasımova ilə MÜSAHİBƏ

Onunla görüşərkən evlərinin yaxınlığındakı parkda  idman geyimində yeriməyə çıxmışdı. Yanına düşüb bir az ayaqlaşmaq istədim. Evdən uşaqlarından gələn zənglərə cavab verdikcə o qədər mülayim, o qədər sevgiylə xitablar edirdi ki,  4 balanın belə sevgi dolu bir ananın övladları olduqları üçün çox şanslı olduqlarını düşündüm. 
Lent.az-ın müsahibi muğam ifaçısı, Əməkdar artist Fərqanə Qasımovadır.


- Fərqanə xanım, hər küçəyə çıxanda mütləq sizi tanıyırlar. Bunun rahatlığı da var, diskomfortu da. Makiyajsız küçəyə çıxmağı kompleks edirsiniz?


- Allaha şükür xalqımız bizi sevir, biz də xalqımızı. Bizi sevən insanlarla görüş xoşdur. Makiyajdan əsasən səhnədə istifadə edirəm.  Məni gündəlik belə görürlər. Bəzən çox səliqəsiz vəziyyətdə olanda küçədə “Siz Fərqanə Qasımovasınız?” soruşanlara deyirəm, “yox, ona oxşayıram” (gülür). İdman etməyə tənbələm. Sadəcə  vaxtım olanda ara-sıra gəzirəm. Köklüyü kompleks edirəm. Yaşlandıqca yaş üstünə yaş, kilo üstünə kilo gəlir. Əslində məncə kilo almaq da Allahın insana verdiyi bir imtahandır. Allah belə yaradıb ki, nəfsimizlə mübarizə aparmağı bilək. Daima özümüzlə, nəfsimizlə müharibədə olmalıyıq.


- Dini öz süzgəcinizdən keçirib, sorğu-sual edirsiniz? Çox insan deyir, hər dövrün  öz hökmü var, İslamın da köhnəlmiş hökmləri çoxdur?


- Hikmətdən sorğu-sual olunmaz. Quran bizim konstitusiyamızdır. Zaman dəyişir deyənlərə nə deyərdim? Allah bizdən az düşünürdü? O zamanın fövqündədir. Bu məsələyə birmənalı baxmaq lazımdır. Bir dəfə yazılıb, əmr edilib və axirətə qədər keçərli kitabdır. Bu məncə bizim mühakiməmizdən kənar olmalıdır. Amma söz yox ki, ağıl varsa, sorğu sual olmalıdır.


- Hicabı nə zamandan geyinməyə başladınız?


- 24 yaşımdan. Ailədə namaza ilk mən başladım. Sonra anam, atam bacım, qardaşım da başladı. Biz dini həmişə ailəmizdə yaşamışıq, inaclarımız olub, halal yaşamağa cəhd göstərmişik. Bacımla mən ikimiz eyni anda qərar verdik. O məndən qabaq geyindi hicab, mən səhnəyə görə bir qədər tərəddüd etdim. Amma Allaha şükür nəsib oldu, hicablandım.


- Fərqanə xanım, atanız muğam üçün övladları arasından nə üçün məhz sizi seçdi?


- Bacımla, qardaşımı da musiqi məktəbinə qoymuşdu. Həvəsləri olmadı, davam etmədilər. Mən atamın musiqiləri ilə göz açmış, onun avazıyla böyümüşəm. Atam deyir ki, körpə olanda mən ağladıqca o tar çalırmış və mən susurammış. Musiqiyə daxildən içdən bağlılığım olub. Mən dünyaya gələndə atam Asəf Zeynallı adına Texnikumda oxuyurdu. Muğamı öyrənəndə evdə məşqlər edirdi və mən artıq beşikdən onun səsi altında  böyüyürdüm. 2-3 yaşımda atam mənə şerlər, qəzəllər öyrədirdi, 5 yaşımda gözəl dəf ifa edirdim. 8 yaşımda isə artıq atamla filarmoniya səhnəsində çıxış etmişəm . Uşaqlarla oynamağa qaçmaq istəyirdim, buraxmırdı, o çalırdı mən oxuyurdum. Çox vaxt ərköyünlük edirdim, ayaqlarımı yerə döyə-döyə ağlayırdım, qaçmaq istəyirdim.  İlk öyrəndiyim muğam “Mirzə Hüseyn” segahı olub. 17 yaşımda bütün muğamları artıq mükəmməl bilirdim. O düşünmədən  öz sənət eşqini mənimlə bölüşdü. Mən onun ikinci nəfəsiydim. Həmişə mənə deyirdi ki, “qızım, sən böyüyəndə böyük səhnələrə çıxacaqsan”. O zamanlar bunun fərqində deyildim, amma Avropada ilk konsertimizə çıxanda atamın öz seçimində yanılmadığını gördüm. 18 ildir Asəf Zeynallı adına kollecdə müəllimə işləyirəm, onun mənə öyrətdiklərini mən də gənclərə öyrədirəm.


-    Alim Qasımovu  bir qədər mürəkkəb xarakterli insan kimi də tanıyırıq. Siz övladları olaraq kimin qızı olmanızın dərk edirdiniz, yoxsa o sadəcə ata idi?


-     Onun qeyri-adi istedadı sahibi olduğunu bilirdim. Və inanmıram ki, bundan sonra  ikinci bir Alim ola. Alim Qasımov muğamımızın son peyğəmbəri oldu. Alim müəllimin məktəbi azadlıq məktəbidir. Özünün toxunulmaz qaydaları var.


-     Amma Alim müəllim də muğamın toxunulmaz qaydalarına toxundu. Bundan ötrü zamanında hətta hücumlar, tənqidlər də oldu ona qarşı.


-    O bağlı olan qapıları açdı sadəcə. Və həmin tənqid edənlər sonra hamısı ondan üzr istədilər. Alim Qasımov qədim muğam ustadlarını öyrəndi, sadəcə müasir çalarlar qatdı.


-    Özü bir dəfə danışmışdı ki, Hacıbaba Hüseynov ona muğamı öyrətməyə  qısqanclıq edirmiş deyə, gizlicə maqnitofona yazıb sonra dinləyirmiş. Özü necə öz elmini öyrətməyə qısqanclıq edir?


-    Alim bir dəryadır. Həvəslə öyrədir, tələbələri var. Onun elmi Allah vergisidir, verdikcə ilhamı artır. Özü paylamasa, Allah da ona verməz. Hacıbaba müəllim isə, etiraf etmişdi ki, Alimdən sonra bizim muğama toylarda hörmət artdı. O elə bir zamanda gəlmişdi ki, gitara, pop musiqilər toy bazarında üstünlükdə idi.


-    İslamda qadın səsinə davranışına dair müəyyən sərt qadağalar var. Və siz bu dini ən dərindən yaşayan, hicablı bir xanım olaraq sənətinizlə dininizi necə balansda saxlaya bilirsiniz?


- Mən “İslamda musiqi haramdır , Allah qadına oxumağı haram edib” anlayışına Quranda rast gəlmədim. Çox suallar vermişəm İslam alimlərinə və ikibaşlı cavablar almışam. Dərvişlər öz mahnılarını insanlara oxuyaraq   çatdırırdılar, əzanın özü belə muğam ladları üzərində oxunur. Ona görə bu sualda mənim cavabım  dəqiq deyil. Qadın bağırmamamlı, söyməməli, öz sərhədlərini aşmamalıdır məncə. Rəbbimdən ən doğrusunu yaşamaq istəyirəm. İkinci bir həyatımız yoxdur. Məsələn yapon, meksikalı olub ki, dilimizi bilmədən belə bizi dinləyib göz yaşı töküblər. Mənim muğamımla sənətimlə kimsə mərhəmət duyur, könlü kövrəlib, insani duyğular yaşayırsa, bunun zərəri yoxdur məncə. Amma şeytana xidmət edən musiqilər də var. 3-5 günə populyarlaşan  şöhrəti dünyanı götürən musiqilər var. Onların musiqisi ölməyi, öldürməyi, intiharı, zorakılığı təbliğ edir. Bu birmənalı olaraq haramdır məncə. Çox şükür muğamımız insan içində sevgi, mərhəmət kimi duyğular oyadır.


- Alim Qasımovun qızı olmaq necə bir duyğudur?


- Alim Qasımovun qızı olmaq, bilirsiniz nədir? Sanki başının üstündə bir lövhəyə yazıb əlində gəzdirirsən ki, mən Alim Qasımovun qızıyam.  İnanın, başımın üstündə bircə o yazı çatışmır. Hara gedirəm, ilk növbədə Fərqanə kimi deyil, Alim Qasımovun qızı kimi qarşılanıram. Bir var öz adın, bir də var böyük sənətkarın qızı kimi baxırlar. Mənim işim çox çətindir.


- Sizcə onun kölgəsində qalmısnız, ya onun sayəsində şöhrətlənmisiniz?


 - Onun kölgəsində qalmaq mənim üçün şərəfdir. O bir xan çinardır. O ailəmin, nəslimin, Azərbaycan xalqının xan çinardır. O ömrünü bu sənətə eşqlə həsr edib. Bəzən bizim haqqımızda deyirlər ki, gedib xaricdə milyonlar qazandılar. 


- Qazanc az olur?


- Biz xaricə qəpik-quruşa gedirik. Burda bir xanəndənin toya gedib, bir dəfəyə cibinə qoyduğundan qat-qat az bir pul alırıq . Günlərlə yol get, müəyyən  narahatlıqlar yaşa. Amma sonda nəticə gözəldir. Xaricdə muğam deyəndə Alim Qasımov, Alim Qasımov deyəndə Azərbaycan muğamı yada düşür.

- Toy dəvəti, yoxsa xaricdə konsert? Hansına üstünlük verərdiniz?


- Əvvəldən danışılmayıb, müqavilə bağlanmayıbsa Azərbaycanda toy dəvəti daha əlverişlidir. Mən şəxsən buranı seçərdim. Amma bəzən elə bir tədbir var ki, pula baxmaq olmaz. Dünyanın o başı da olsa, getməlisən. Ölkəni təmsil etməlisən.


- Fərqanə xanım Fatma Mehralıyeva “Kəsmə şikəst”yə elə bir möhür qoydu ki, şikəstəyə “Fatma şikəstə” də deyirlər Bu anlamda sizin və Alim müəllimin adını alacaq muğam hansıdır?


- Alim Qasımov məncə bütün muğamları yüksək məharətlə ifa edib. Biz tarzən Mehman Mikayılovla bərabər unudulmuş “Nəva” muğamının üzərində işlədik, yenidən yazdırdıq. Təəssüf ki, Mədəniyyət Nazirliyi bu məsələyə elə də əhəmiyyət vermədi. Arzu edərdim ki, mənim də adım muğam tarixinə “Nəva” ilə yazılsın. 


- Amma muğam müsabiqəsində heç istifadə edilmir.


- Mən ömrümdən  kəsib muğam bərpa eləmişəm, özüm sitar çal-çala. Amma buna birtərəfli yanaşıldı. Tədrisə salınmadı. Təəssüf ki, nazirlik bu məsələyə elə də əhəmiyyət vermir. 


- Fərqanə xanım, keçmiş həyat yoldaşınızı “bağışladım” demişdiniz. Bu da fərqli başlıqlı xəbərlərə səbəb oldu.


- Mən cəhənnəmdə heç bir Allah bəndəsinin yanmasını istəmərəm. Mən də Allah üçün bağışladım. Qoy bu da mənim sədəqəm olsun.


-    Çox gözəl qadınsınız. İkinci dəfə ailə qurmaq istəyərdiniz? 


-    Mən şəxsi məsələlər barədə danşmağı sevmirəm. Bir onu deyə bilərəm ki, həyatda heç vaxt “heş vaxt” demək olmaz. Bütün sınaqlar insan üçündür. Kimin nə zaman nəylə sınanacağını bilmək olmaz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10803

Oxşar yazılar