2026-cı ildə “Avroviziya”nın maliyyələşdirilməsi ən böyük sponsorların itirilməsi ehtimalına görə təhlükə altına düşüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Avstriyada keçirilməsi planlaşdırılan "Avroviziya" mahnı müsabiqəsi gələn il büdcə azalması ilə üzləşə bilər. Buna səbəb İspaniya, Niderland, İrlandiya və Sloveniya tərəfindən müsabiqədə iştirakdan imtina etmək niyyətlərinin açıqlanmasıdır. Hər dörd ölkə bu qərarını İsrailin yarışda iştirakına etirazla əsaslandırır.
"Avroviziya"nın beş ən böyük sponsorundan biri olan İspaniyanın, həmçinin iqtisadi cəhətdən güclü iki Avropa ölkəsinin boykotu reklam gəlirlərinin azalmasına və tamaşaçı sayının düşməsinə səbəb ola bilər. Qeyd edilir ki, bu şou dünya üzrə milyonlarla izləyici toplayır və belə iştirakçıların itirilməsi tədbirin büdcəsinə ciddi təsir göstərə bilər.
Avstriyanın ORF teleradio şirkəti bir neçə ölkənin olmamasının hiss olunacağını təsdiqləyib. Şirkətin rəhbəri Roland Vaysman bildirib ki, mümkün maliyyə çətinlikləri əvvəlcədən nəzərə alınıb və yarışın keçirilməsi təhlükə altında hesab edilmir. Onun sözlərinə görə, hər bir ölkənin iştirakı ümumi büdcəyə töhfə verir, lakin təşkilatçılar bir sıra ölkələrin səhnəyə çıxmaması ehtimalına hazırdırlar.
Avropa Yayım Birliyi daha əvvəl İsrailin yarışa buraxılması məsələsinin səsverməyə çıxarılması ilə bağlı çağırışları rədd etmişdi. Birlik hökumətlərin müsabiqə ilə bağlı qərarların qəbulunda iştirakını istisna edən yeni qaydaları da təsdiqləyib.
"Avroviziya"nın maliyyə modeli milli yayımçıların ödədiyi vəsaitlər, sponsorluq müqavilələri və tədbirin özündən əldə olunan gəlirlərdən ibarətdir. Əsas yük iqtisadi cəhətdən ən güclü ölkələrin üzərinə düşür. Məsələn, 2025-ci ildə müsabiqənin auditoriyası İspaniyada demək olar ki, altı milyon, Niderlandda isə üç milyondan çox izləyici təşkil edib.
Müsabiqənin direktoru Martin Qrin bildirib ki, "Avroviziya" maliyyə baxımından sabit olaraq qalır. Onun sözlərinə görə, mümkün auditoriya itkisi Bolqarıstan, Rumıniya və Moldovanın yarışa qayıtması ilə kompensasiya oluna bilər.
Təşkilatçılar qeyd edirlər ki, şouya hazırlıq davam edir və siyasi fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq iştirakin stabil səviyyədə olacağına ümid edirlər.