Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #senetinledestekle çağırışına bu həftə dünyanın bir çox ölkələrində yaşayan və Azərbaycan musiqisini uğurla təmsil edən ifaçılarımız qoşulacaqlar.
İdarədən Lent.az-a bildirilib ki, bu gün saat 21.00-da Türkiyədən istedadlı musiqiçi ailəsi, Azərbaycan musiqisini ölkəmizin hüdudlarından kənarda uğurla təmsil edən pianoçu, Əməkdar artist İslam Manafov və onun qızı - dirijor, bəstəkar və pianoçu, Əməkdar artist Turan Manafzadə “Güc birlikdədir” söyləyərək hamını evdə qalmağa səsləyəcəklər.
Aprelin 24-ü saat 20.00-da gənc fleyta ustası Ağarəhim Quliyev Fransanın paytaxtı Paris şəhərindən, aprelin 25-i saat 21.00-də isə İspaniyanın paytaxtı Madrid şəhərindən skripka musiqisini gənc və istedadlı ifaçı Kamran Ömərli təqdim edəcəklər.
Konsertlər Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “Instagram” hesabından canlı yayımlanacaq. İzləyicilərimiz, həmçinin sənətçilərimizlə birbaşa ünsiyyət qurub, onlara suallarını, arzu və istəklərini ünvanlaya biləcəklər.