Bu çətin dönəmlərdə xalqın Azərbaycan ziyalısının sözünə, dayağına böyük ehtiyacı var. Ziyalı həmişə qaranlıqları aydınlığa çıxaran olub.
Lent.az o baxımdan Xalq artisti Yalçın Adıgözəlovun fikirlərini öyrənib:
“Mənim fikrimcə bizim əhali təəssüf ki, bu problemin ciddiliyini yetərincə anlayıb qəbul etmir. Gənclər virusun qarşısını almaq üçün dövlət tərəfindən qoyulan qaydalara tam riayət etmirlər. Mən küçələrdə maskasız, əlcəksiz gəzən, toplaşan insanları görürəm. Bu uzunmüddətli sınaqdır, bəlkə bir neçə ay çəkə bilər. Bütün dünya bu bəla ilə qarşılaşıb. Dövlətimiz tərəfindən lazımı tədbirlər tam görülür, amma insanlardan da çox şey asılıdır. Xalqımızı məsuliyyətə çağırıram, evdə oturmağı tövsiyə edirəm. Mümkün olduğu qədər küçəyə az çıxın. Vaxt azlığından kitab oxumağa, musiqi dinləməyə, yeni filmlərə baxmağa vaxt tapmırdıq.
Panikaya düşmək lazım deyil, bu ağır vaxtın özündən də səmərəli istifadə edək. Ağır da olsa asudə vaxtın xeyirli tərəflərini götürək. Yarımçıq qalan işləri tamamlayaq ev şəraitində. Ailə ilə ünsiyyətimizi daha da artıraq.
Bu Tanrının insanlığı sınağıdır. Belə olmasaydı bəşəriyyət 3-cü dünya müharibəsinə doğru gedirdi. Ölkələr arasındakı konfliktlər əvvəl-axır harasa gətirib çıxaracaqdı, Tanrı ciddi xəbərdarlıq edir hamımıza. Bu sınaqdan alnı açıq çıxmalıdır insanlar. Bunu bacarmalıyıq. Bacaracağımıza şübhəm yoxdur ”.