Bu gün Azərbaycan musiqi sənətinin əvəzsiz ulduzu, Xalq artisti Flora Kərimovanın ad günüdür.
Flora xanım ad gününü bağda qeyd edir. Daha doğrusu, özünün dediyi kimi, qeyd etmir, qarşılayır. Pandemiyadan qorunmaq üçün bağa sığınmışam deyir, doğmalarım məni qoruyur, qayğı ilə əhatə edirlər: “Yaqut, vitaminlərlə zəngin qidalar əlində, başımın üstünü kəsdirib”.
Onu da deyək ki, xalq mahnıları, opera, pop-opera, bəstəkar mahnıları, romans, kantata, estrada, muğam, rok, caz – bütün janrlarda ifaçılıq qabiliyyəti olan müğənninin 79 yaşı olur.
Kontraalt, alt, mezzo-soprano, soprano, koloratur soprano səs tembrinə zərrə qədər xələl gəlməyib.
Lent.az xəbər verir ki, Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildə Asəf Zeynallı adına Musiqi məktəbini, 1971-ci ildə Bakı Musiqi Akademiyasının vokal sinfini bitirib. 1977-ci ildə Tibb Universitetində təhsilini başa vurub.
Sovet vaxtı konsertlərində tez-tez türk mahnılarına yer verdiyindən efirə çıxmasına ilk dəfə qadağa qoyulub. Sonradan pərəstişkarı olan yüksək vəzifəli məmurların müdaxiləsi ilə səhnəyə çıxmasına icazə verilib.
Azərbaycan musiqisi qədər kinosunda da xidmətləri var Flora xanımın. Əksər filmlərdə mahnıları o ifa edib. Filmlərə aktrisa kimi də çəkilib.
Sənətinə məhdudiyyət qoyulan vaxtlarda televiziyanın arxivində olan lent yazılarının da bəzilərini məhv ediblər.
Flora xanım Kərimova 1988-ci ildə müstəqillik uğrunda və Ermənistanın işğalçı siyasətinə qarşı xalq hərəkatının ön sıralarında olan yeganə qadın müğənnidir.
Bəlkə də istedadı ilə bərabər şəxsiyyəti və ona qoyulan qadağalar müğənnini bu qədər sevdirib.
Sevimli müğənnini təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzu edirik!