Oxu, Araz!
29 may 2011 22:56 (UTC +04:00)

Oxu, Araz!

Çoxdan gözlənilən konsert baş tutdu. Yer, məkan, təşkilatçılıq səviyyəsi o qədər də önəmli deyildi. Zatən özü də dedi bunu. “Mənim üçün bu ölkənin sarayları ilə küllüyü eyni müqəddəslikdədir. Bu ölkənin küllüyündə belə konsert verərəm. Çünki ora da Vətən torpağıdı”...

Ozan Araz Elsəsin konserti baş tutdu. O, səhnəyə Sabir Rüstəmxanlının bir az emosional girişinin ardından qalxdı. Özünə yaraşır şəkildə qopuzu ilə bir yerdə gəldi. İlk baxışın təəssüratları nikbin deyildi. Uzun saçlarına qırlar düşmüşdü, illər öz işini görmüşdü, səhnəyə tərəf qaçışında belə bir ağırlıq vardı. Amma gəldi, oxudu, özünü saxlaya bilməyib, mahnılarını kəsdi belə... Baxışlarını, fikirlərini mahnıya qatmaqla bizim onun səsini dinləmək həvəsimizə aradabir haram da qatdı. Amma olsun, bu hikkəli, qəzəbli çıxışların altında göz yaşı ovcunda olan bir ürək durur, bunu bilmək belə yetir. Göz yaşları üzündən, kürəyindən süzülən tərlərə qarışıb itirdi... Kirpiklərini qırpmasından hiss olunurdu ağlamağı. Başqa heç cür, səsi artıq barışıb bu durumla...

Salamlamasını belə göz yaşları kəsir. Azərbaycan dilində deyiliş tonunu belə dəyişməyib. Şirin Urmiya ləhcəsini Azərbaycan ədəbi dili ilə mükəmməlləşdirir. Onun danışığı, tərzi iki il bu ölkədən addımını kənara atan kimi dilini, avazını dəyişənlərə yaxşı cavabdı. Bir az da təəccübləndirdi, açığı. Elə bil heç xarici dildə danışmır, bunu avazına hopdurmayıb.

Konsertinin əvvəlində “Bir ölkədə sağla sol birləşməsə, böyük işlərə imza atılmaz deyib” birlik mesajı verdi, bu mesajlarını konsert boyu bir neçə dəfə təkrarladı “qəlbimizdə bütün böyüklərimizə yer var” dedi. Ardından Güney Azərbaycandan danışdı: “Güney Azərbaycanda biz azəriyik, biz güneyliyik demədik, biz Türkük dedik. Güney Azərbaycan da, Qarabağ da hamımızın dərdidir”.

Almas İldırımdan oxudu, məzarının qərib olduğunu dedi. Amma biz Türkiyədəki məzarlarımıza “qərib qəbirlər” kimi baxmadıq ki. Biz yad yerdə, qərib torpaqda olduğunu bildiklərimizi gətirdik, Hüseyn Cavid kimi, Müslüm Maqomayev kimi... Türkiyəni qərib diyar sanmadıq, orda da rahat uyumaq mümkündü, çünki torpaq həmin torpaqdı...

“35 milyon döyünən ürək var orda, “Azərbaycan” deyib döyünür. Üçrəngli bayrağa baxıb döyünən milyonlar var orda. Bayrağımız başımızın üstündə dalğalanır. Bu günləri görə bildiyimiz üçün, müstəqil ölkəmiz olduğu üçün çox şanslıyıq ” deyib “Dağlar, dağlar” oxudu.

Sonra Barış Mançodan oxudu, daha sonra bir qaqauz mahnısı, aradabir siyasətə də vardı. Sonra Təbriz torpağı gətirdilər, hikkəli, qəzəbli Araz getdi, sakit, qəribliyin nə olduğunu bilən Araz gəldi...

“Quşlar” oxudu, “mənə Vətənə getmək üçün qanadlarınızdan pay verin” dedi.

O oxudu, ruhumuz Qarabağı, Təbrizi, Dərbəndi, Borçalını dolaşdı... O oxudu, biz “Qaragilə”nin həsrətində bir də qovrulduq, biz dilimizin yanğısını illərdir söndürməyən Arazın sularına bir də qərq olduq. O oxudu, biz Xudafərindən dağılan yurd yerlərimizi bir də seyr elədik, Ərdəbilə, Təbrizə uzanan burma yollara bir də boylandıq...

O, qopuzuna sarılıb oxudu... “Salam, dar ağacı” dedi, “Çırpınırdı Qara dəniz” hayqırdı, “Dədəm, xoş gəldin” söylədi... Aradabir yenə siyasətə daldı, onda özü özünü tənbehlədi: “Yenə uzun-uzadı danışdın, Araz, oxu”

... Və oxudu!

Ey uyuyan ulusum, oyan!
El üçün vuruşan əllər var olsun!
Dönüb yumruğa söylə bir daha,
Didilib, bölünən elim bir olsun!

***

Oxu, Araz! Səsin Qarabağdan, Təbrizdən gəlsin!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1228

Oxşar yazılar