Fərəc Qarayev: “Festivalın mövzusu, ideyası müasir musiqi olacaq”
01 aprel 2011 16:11 (UTC +04:00)

Fərəc Qarayev: “Festivalın mövzusu, ideyası müasir musiqi olacaq”

Festivalla əlaqədar olaraq bu gün M.F.Axundov adına Milli Kitabxanada mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, festivalın bədii rəhbəri, professor Fərəc Qarayev, Gürcüstandan pianoçu Nino Jvania, Böyük Britaniyadan violonçel ustası Aleksandr İvaşkin, Ukraynadan dirijor Vladimir Runçak iştirak edib.

Fərəh Əliyeva bildirib ki, 1 həftə davam edəcək festivala 10 ölkədən musiqi kollektivləri, ifaçılar və musiqişünaslar qatılacaq. Festivalın proqramı barədə məlumat verən şöbə müdiri qeyd edib ki, açılış və bağlanış mərasimi Azərbaycan Dövlət Filarmoniyasında olacaq: “Biz bir ildən artıqdır, bu festivala hazırlaşırıq. Festival çərçivəsində Muzey Mərkəzində elmi-konfrans keçiriləcək. Gənc Tamaşaçılar Teatrında isə 20-ci əsrdə çəkilmiş səssiz filmlərin musiqiləri ilə bağlı tədbir təşkil ediləcək. Ümumiyyətlə, dördüncü dəfə keçiriləcək festival müasir musiqiyə həsr olunacaq. Düşünürəm ki, bu festival xüsusilə gənc bəstəkarların, yeni musiqi axtarışında olan şəxslərin diqqətini cəlb edəcək”.

Fərəc Qarayev isə vurğulayıb ki, Qara Qarayevin adını daşıyan ilk üç festival 25 il əvvəl baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə festival bu il bərpa edilib: “Festival tək musiqi bayramı demək deyil. Hər festivalın bir ideyası, mövzusu olmalıdır. Bu festivalın mövzusu, ideyası müasir musiqi olacaq. Müasir musiqi o demək deyil ki, mütləq müasir dövrdə yazılsın. Elə tarixi əsərlər var ki, onlar bu gün də müasirdir. Bu baxımdan festivalda 20-ci əsrin klassik musiqiləri də səslənəcək”.
Qeyd edək ki, Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalının açılış mərasimi aprelin 2-də Filarmoniyada olacaq.
Xəyalə Muradlı
# 1122

Oxşar yazılar