Aşıq Xanların 60 illik yubileyi qeyd olundu
24 noyabr 2010 10:43 (UTC +04:00)

Aşıq Xanların 60 illik yubileyi qeyd olundu

Lent.az-ın məlumatına görə, tədbir millət vəkili Qənirə Paşayevanın və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Aşıq Xanların həyat və yaradıcılığına nəzər salıb, onun həm sənətkar, həm də bir insan kimi müsbət keyfiyyətlərindən danışıb: “Aşıq Xanlar 48 il ömür sürsə də, çox qısa bir ömür yolu keçsə də, əsl sənətkar kimi püxtələşib şöhrət qazandı. Onun yazdığı musiqilər hələ də yaddaşlardadır. Biz 25 il dost olmuşuq. Onunla keçirdiyim günlərin xatirələri yazılsa, bir kitab çap etmək olar”. Zəlimxan Yaqub mərhum sənətkarla bağlı bir neçə xatirəsini də tamaşaçılarla bölüşüb.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva ozan-aşıq sənətinə ötən yüzilliyin 70-ci illərində gəlmiş Aşıq Xanlar Məhərrəmovun ecazkar solo-saz ifaları və özünəməxsus təkrarolunmaz oxu tərzilə yadda qaldığını bildirib: “Aşıq Xanlara olan hörmət, diqqət bu gün də yaşayır. Biz bunu bugünkü tədbirə olan maraqdan da görə bilərik. Zalda bütün yerlər dolub. Hətta yer üstündə mübahisə edənlər də var. Əsl sənətkar üçün bundan böyük nə hörmət ola bilər ki?! Aşıq Xanlar sazı, aşıq sənətini yüksəklərə qaldıran bir sənətkardır. Onun sənəti, çaldığı havalar həmişə xatırlanacaq”.

Tədbirdə aşıqlardan Şəhriyar Qaraxanlı, Ədalət Dəlidağlı, Gülarə Azaflı, İlham Aslanbəyli, Firudin Tovuzlu öz sözlərini sazla dilə gətirib. Sənətçilərdən Könül Xasıyeva, Tünzalə Ağayeva, Nazpəri Dostəliyeva da çıxış edib. Tədbirdə Aşıq Xanların oğlu və sənətinin davamçısı Aşıq Azər də atasının sənətinə göstərilən diqqətə görə tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.


Onu da qeyd edək ki, təqdimatı keçirilən “Xanların sənət dünyası” adlı kitab millət vəkili Qənirə Paşayevanın maraqlı ön sözü ilə açılır. Materialları toplayıb tərtib edənləri şair Bağman Baba, Azər Xanlaroğlu, redaktorları xalq şairi Zəlimxan Yaqub, şair Əkbər Qoşalı, rəyçiləri isə professor, dövlət mükafatı laureatı Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir. “Nurlan” Nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabda sənətkarın sənət dostlarının xatirələri, tanınmış ziyalıların maraq doğuran yazıları ilə yanaşı şairlərin aşığa həsr etdikləri şeirlər də yer alıb.

Tədbirin informasiya dəstəyi Lent.az-dır.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1579

Oxşar yazılar