Aqşin: “Publisistikamızda sui-qəsdçilik var” - MÜSAHİBƏ
11 fevral 2010 17:30 (UTC +04:00)

Aqşin: “Publisistikamızda sui-qəsdçilik var” - MÜSAHİBƏ

Gənc nəslin konkret «-izm»ə mənsub olmayan, mətndən çıxış etməyi məqbul sayan nümayəndəsi Aqşin Yenisey «Ədəbiyyat söhbətləri» layihəsində müsahibliyi bir romanı, bir hekayəsi, bir şeiri toplanmış «Cənnətdə terror aksiyası» adlı üçüncü kitabıyla haqq etdi.
Bir də yaşıdlarından fərqli olaraq, mətninin məşhur olması üçün çalışan yeganə yazar olmağıyla: yaşıdları özlərini məşhurlaşdırmaq üçün yazır. Mətninin kölgəsinə sığınan Aqşinin bir fərqli cəhəti də yazdıqlarını məişətində yaşamasındadır: haçansa özü istəyibmiş ki, hər şey başına gəlsin. 32 yaşınacan hətta başına gəlmək istəməyən o qədər işləri gətirib ki! Fikirləşirsən: doğurdandamı, «Azərbaycan qadını ərinin istedadını qısqanır» fikrindən xəbərdar Aqşin Yenisey bu cəmiyyət və onun ədəbiyyatı haqqında bu qədər səmimi və içdən düşünür? Belədə adamı gərək danışdırasan. Danışdırdım. Deyəsən, inanmaq lazım olacaq…

- Postmodernistləşdiriləbilinmişlərdənsənmi, yoxsa qloballaşdırılmışlardan?

- Postmodernizm və qloballaşma anlayışını nə özümə, nə də yaradıcılığıma aid edirəm. Postmodernizm bizdə bir az gündəm məsələsinə çevrilib. İndi ədəbiyyata imza kimi gələn şəxs özü özünə «postmodernist» deməklə hesab edir ki, ədəbi aləm də ona «postmodernist» deyəcək, oxucu da onu «növbəti postmodernist» kimi alqışlayacaq. İnsanın hansısa «-izm»ə aid olmağını başa düşmürəm. Hə-ə, ola bilər, hansısa mətn konkret «-izm»ə aid olsun. Məsələn, futuristlər, dadaistlər öz mətnlərinin şərtlərini elan ediblər. Bizdə isə qəribə bir tendensiya var: baxırsan ki, mətn daha çox aşıq ədəbiyyatını ehtiva edir, amma yazar özü-özünə postmodernist deyir!

- Belə ədəbi düşüncənin qarşılığında, “qocaların inkarı» tendensiyaya çevrilir, onda bəs səndən bu inkarı inkara cəhdin təzahürü niyə görünmür? Ədəbi əsərlər qalıb bir yana, fərdlərin ittihamı “qara publisistika»nın prioritetinə çevrilib: Anar, Rüstəm Behrudi, Aqil Abbasla münasibətlər dönüb olub ədəbi publisistika materialı...

- Nə Anardan təqaüd, nə Rüstəmdən taxta-şalban, nə də Aqil Abbasdan pul istəmişəm, hərçənd Aqil Abbas bir dəfə özü belə bir qayğı göstərib. Şükür ki, bu «dinməver» sahəsində bulaşmamışam… Heç Əkrəm Əylislinin içdiyi fransız konyakına da tamah salmamışam. İçməyə öz «kruqum» var. O ki qaldı inkarı inkara… deyim ki, fəlsəfi baxışlarına rəğbətlə yanaşdığım Niyazi Mehdi ilə bu yaxınlarda olan söhbətimizdə bu sualın əvvəlini ifadə edən bir fikir söylədi: «sənin özündən əvvəlkilərdən fərqin nədi?» Təkcə özümü yox, o cümlədən gənc yazarları ifadə edən bir cümlə ilə cavab verdim: «Bizə qədərki şairlər misranı, cümləni qafiyədən çıxarmışdılar, biz öz oxucularımızın düşüncəsini qafiyədən çıxarmışıq, ən azından, buna cəhd etmişik». Şeir oxucularımla, - romanım təzə çıxıb, - söhbətdə hiss edirəm ki, onlar qafiyəli düşünmür, bu, mənim uğurumdur, deməli, öz oxucumu istədiyim kimi formalaşdıra, yetişdirə bilmişəm. Qaldı ki, siz deyən «qara publisistika»nın təşəkkülünə, burada yazarı təhrik etmək olmaz axı, sən «qara» yox, «ağ» publisistika ilə məşğul ol. Əgər doğrudan da cəmiyyətin buna tələbatı varsa, məşğul olacaq.

- Amma “qara publisistika” seçim məqamında olan gənclərin kifayət qədər kontingentini sıradan çıxarır...

- Mən düşünmürəm ki, «qara publisistika» siz deyən kimi kifayət qədər gənci sıradan çıxarır. Əksinə, mən internet saytlarda, portallarda görürəm ki, gənclərdə mübarizə ruhu var, inqilab ruhu var…

- Nə ilə, kimlə mübarizə ruhu var, zəruriləşmiş hansı inqilabdan söhbət gedir?

- O uşaqlar, o gənclər “qara publisistika”nın bətnindən çıxıb. Konkret nə ilə, kiminləsə mübarizədən, hansısa inqilabdan söhbət getmir, insanın özü özüylə dava açmağından danışıram. Əgər bir gənc dünyagörüşünü dəyişmək uğrunda özüylə mübarizə aparırsa, bunun özü elə uğurdur. Qan Turalının, Seymur Baycanın, Aqşinin oxucusu özü-özüylə mübarizəyə girişirsə, bunun özü elə publisistikanın uğurudur. Düzdür, bunun fırıldaqçılıq tərəfi də var, illüziya da ola bilər, amma istənilən halda, sükunət deyil…

- Aqşin, mənim yaddaşım zəifdi, Sokrat neçənci əsrdə yaşayıb?

- Səhv etmirəmsə, eramızdan əvvəl dördüncü əsrdə…

- Sənin deməyinə görə, eramızdan əvvəl dördüncü əsrdə yaşayan Sokratın fikirləri indiyənəcən qalır, sizlərdən nə qalacaq?

- Sokrat, bilirsiz də, fəlsəfənin qara tərəfləri ilə məşğul olub…

- Onu da qaralama axı, Yazıçılar Birliyinin sədri olmayıb O…

- Sokrat elə fəlsəfənin qara tərəfləri ilə məşğul olduğuna görə də Demos ona ölüm hökmü çıxarıb…

- Mən başqa söz soruşdum, hansı sözün yiyəsisən?

- Mən bütün sözlərimin yiyəsiyəm.

- Yiyəsi olduğun bütün sözlərdən kim nə öyrənəcək, hansı ekstremal situasiyada, siyasi debatda, intellektual savaşda sözün dada çatacaq?

- Nə bilim, vallah… elə üstümə gəlirsən… Gəl belə edək, bir romanım, bir hekayəm, bir şeirim toplanmış kitabım təzə çapdan çıxıb, qoy bu müsahibəni oxuyan oxucular desin onu…

- Kitabının oxucuları poçtuna yazsın, bu müsahibəni oxuyan oxucular isə o sualın cavabını səndən almağı məndən istəyir…

- Mən istəmirəm e-mail-imə göndərsinlər, əsəblərim qaydasında deyil, lazım deyil.

- Müasir Azərbaycan ədəbiyyatında - poeziyada, nəsrdə və eləcə də publisistikada yazar missiyasında özünün varlığını gurultulu şəkildə bəyan edən qələm sahibi olaraq, çatışmazlıqlarını bilirsənmi?

- Çatışmazlıqlarımı əvvəlcə oxucu kimi deyim: sistemli mütaliəm yoxdur, pərakəndə şəkildə, dünya ədəbiyyatından əlimə keçəni oxuyuram. Bu bəzən mənə ədəbi məsələlərin dərk olunmasında çoxlu problem yaradır. Adda-budda oxuduğumdan, Avropa, rus, digər xalqların ədəbiyyatından yarımçıq xəbərdarlığım, ədəbi-nəzəri məsələlərin dərkində sistemsizlik baxımından yaranan ciddi problemlər məni çətin vəziyyətdə qoyur.
Yazı adamı kimi çatışmazlığımı onda görürəm ki, yazılarımda ruhani sakitlik oturuşmayıb, mənim nəsrimdə hələ çox tələskənlik var, şeirlərimdə duyğuların əsəbi tərəfləri bir az çoxdur. Rus dilində oxuduqlarımı hiss etmirəm…

- Düşündürücülük və fəlsəfi yönün çatışmazlığını hiss etmirsənmi?

- Əksinə, dostlarım dediyinizin əksini deyir: «sən çox ağır, düşündürücü cümlələr yazırsan». Bu, nəsr və poeziya adamı üçün çox böyük uğurdur…

- Sənə elə gəlmirmi ki, «dostların» səni dərk etməyib belə deyirlər?

- Bilmirəm, bəlkə dərk edib deyirlər, bəlkə dərk eləməyib deyirlər, ancaq mən özüm bu kitabım çıxandan sonra bir də oxudum, gördüm ki, böyük yazıçılarda olan ruhani sakitlik burada yoxdur, cümləni eyni duyğuyla başlayıb eyni duyğuyla qurtarmaq yoxdur. İnşallah, növbəti kitabda sakit, təmkinli ruhla yazmağa cəhd edərəm.

- Niyə sən də daxil olmaqla bir çox gənc yazarlar daha çox açıq-saçıq yataq səhnələrini parlaqlıqla və şövqlə qələmə alırsınız?

- Öz qənaətimi deyim: bizim yazarlarda, xüsusilə də gənc yazarlarda bu mövzuya bu cür «hərislik» yaşanmamış yeniyetməlik, yaşanmamış gənclik komplekslərindən doğur. Həyatda yaşaya bilmədiklərini yazıda, mətndə yaşamaq istəyirlər. Ailə qadınları ədəbiyyat üçün maraqlı personalar deyil. Bizim məişətimizdə – evdə çayımızı verən, paltarımızı yuyub-ütüləyən qadınlar ədəbi duyğular oyatmır, ədəbiyyatı canlandıran, onun işini «irəli aparan» anderqraund mühiti daha rahat, əlverişli xammal mənbəyidir.

- Milli özünüdərk, formalaşma, ucalma anlamında ədəbiyyatımız üçün həmişəlik və əbədi hansı mövzu prioritet olmalıdır?

- Əsrin əvvəlində bir əsər olub da: «Əli və Nino». Bəlkə də yeganə əsərdir ki, vətən haqqında deyil, insan haqqındadır. Vətən bu insanların başına nə faciələr gətirib…

- Vətən heç kimin başına oyun açmır…

- Mən öz fikrimi deyirəm. Razıyam ki, Vətən heç kimin başına oyun açmır, hamımız da o oyunların içində əriyirik. Əslində, mənim qənaətim belədir ki, yazarın borcu ilk növbədə Vətənin, xalqın eybəcərliklərini açıb göstərmək, çatdırmaqdır. Oxucularımız bizim buna yönəlik bir cümləlik cəhdlərimizi dəhrə-dəryazla, balta-sapandla qarşılayır. Dünya ədəbiyyatında konkret fəlsəfi və nəzəri əsərlər var, bunlar bəşər sivilizasiyasının eybəcərliklərini açıb göstərir. İki il qabaq bir film nümayiş olundu. İnsan öz duyğularından uzaqlaşdıqca, sivilizasiyanın quluna çevrildikcə, vəhşiləşir, insani keyfiyyətlərini itirir. Avropada bu filmin elmi-fəlsəfi izahı var.

- Bəs onda niyə o səviyyəli filmlərin ssenarisini yazmırsan, yazmırsınız?

- Bilirsiniz necədir? Əvvəla, əgər yazar özünün, xalqının, dövlətinin çatışmazlıqlarını yazmayıbsa, durub dünya mədəniyyətindən mühazirələr oxumağı özünə rəva görürsə, bu, yersiz olacaq. Mərhələləri adlamaq lazımdır ki, dünyanın inkişafına töhfələr verə biləsən…

- Nərmin Kamal qlobal düşünə bildiyini deyir, yazılarında da açıq təfəkkürə söykənən elementlər var. Amma o ayrı söhbətdir ki, özünü ifadə zamanı nə qədər uğura nail olur…

- Mən Nərmin xanımın bostanına daş atmaq istəmirəm, Nərmin Kamalın özünün düşüncəsi deyil, o, fəlsəfə məzunudur, onun dünya və Avropa fəlsəfəsinə münasibətidir. Bu münasibəti onun qələmindən oxuyuruqsa, o demək deyil ki, ona minnətdar olmalıyıq…

- Niyə sizdən əvvəl sizin kimi yazmayanları topa tutursunuz?

- Fikir vermisinizsə, bu gün heç kim heç kimin yaradıcılığını topa tutmur. Kimsə gedib kimdənsə təqaüd istəyib, kimsə gedib evinə kərpic-sement istəyib, kimsə qonaqlıq pulu istəyib. İnsanların həyatdakı ideya və çörək savaşı onların cəmiyyətdə saf-çürük olunmasında böyük yardımçıdır.

- “Cənnətdə terror aksiyası”nda cəmiyyətdə gurultu qoparacaq nəsə varmı?

- Onun içində xeyli mina var. İnsan mənəviyyatsızlığına qarşı qurulmuş minalardır. O cür insanlar oxusalar, canlarını salamat qurtara bilməyəcəklər. Vicdanında və mənəviyyatında problem olmayan adamlar üçün təhlükəli heç nə yoxdur. Bir də orada Rey Kərimoğlunun döyüş xatirələri var, topla-tüfənglə bağlı. Başqa elə bir qorxulu şey yoxdur.

- 300 səhifəlik kitabında neçə səhifədə Qarabağdan danışılır?

- Bu kitabı hazırlayanda məqsədim cənub-şimal ayrımı yox, Bütöv Azərbaycanı təqdim etmək olub. Bir fəsil bütövlükdə Qarabağ qazisi Rey Kərimoğlunun özünə və xatirələrinə həsr olunub.

- 20 illik müstəqil Azərbaycan ədəbiyyatında varmı elə əsər ki, oxuyasan?

- Mən öz seçimimi deyirəm: ilk yerdə Həmid Herisçinin şeirlər kitabını – «SSRİ». Seymur Baycanın bir neçə cümləsini, Ələkbərin bir-iki sözünü, Rasim Qaracanın şeirlər kitabını, Murad Köhnəqalanın «Bulud pinəçisi» kitabından beş-altı hekayəsi var siyahımda, Rafiq Tağının «Şahzadə Dipendranın məhəbbəti» hekayəsi, Nərmin Kamalın beş şeirini salmaq olar, özümdən də bir dörd şeir – müntəxəbat halında təqdim etməyə cəsarət etmək olar.

- 32 yaşın var. Hesab etmirsənmi, sən də vaxtı uduzanlar sırasına qoşulursan?

- Razıyam. Müəyyən mənada ömrümüz bihudə keçir. Mən bilirəm ki, potensialımı qədərincə realizasiya edə bilməmişəm.

- Nə mane olur?

- Məişət problemləri mane olur…

- Bu boyda böyük düşünən adama belə xırda məişət problemləri necə mane olur?

- İşıq idarəsindən gəlmiş adam kəlbətini işə salanda vecinə deyil ki, içəridə bu boyda qlobal düşünən adam yaşayır – işıq xəttini ayırır və evdə kompüter işləmir. Onda da mən nə qlobal düşünə, nə də yaza bilirəm.

- Dövlətin ədəbiyyata qayğısına necə dəyər verirsən?

- Dövlətin ədəbiyyata qayğısını o adamlar həyata keçirir ki, dövlət nəsə ummasa da, o adamlar dövlətin adından nəsə umurlar. Ona görə də Anardan təqaüd, Rüstəmdən kərpic, Aqil Abbasdan ianə istəməmişəm, bilmişəm ki, onların hər üçü dövlət adından məndən nəsə umacaq. Dövlətə çevrilmiş fərdiyyətçilik var bizdə. Dövlət pul ayırır 10-20 istedada vermək üçün. İstedadı ayırmaq mexanizmi yoxdur. Azərbaycanda dövlətdən heç kim narazı deyil. Hamı bir-birindən narazıdır. Sadəcə yaxşı hədəf var, onun da adı dövlətdir.

- Danışılan neqativlərin ədəbi əksi var?

- Çox istərdim bu kitabı oxuyandan sonra danışaydıq – orada var. Daha doğrusu, çalışmışam ki, ədəbi əksi olsun!

- Fərdlərə qarşı mübarizə, onları dəyişmək cəhdi nəticə verəcəkmi?

- Mənim yaşıdlarım mənim özümü də tənqid edirlər ki, cəmiyyətdə baş verən hadisələrə liberal yanaşıram. Bu adamların münasibətinin cəmiyyətdə nəyi dəyişib-dəyişməyəcəyi mənim üçün müzakirə mövzusu deyil. Dostlarım məni ittiham edirlər ki, bizim yanımızda deyilsən, bizim sözümüzün üstündə durmursan. Mən öz yaşıdlarıma, öz dostlarıma bir dəfə dedim: siz o sözün üstündə durursunuz ki, o sözün üstündən düşüb gediblər. Siz o sözün üstünü boş görüb, gedib çıxıbsız ora, öz sözünüz kimi deyirsiniz. Halbuki o sözün yiyəsi çıxıb gedib. Mən öz sözümün üstündə duran yazıçıyam. Harada ki, boş söz görüb gedim çıxım onun üstünə, bunu nə əxlaqıma, nə də istedadıma yaraşdırıram. Konkret fərdlərə hücumu qəbul etmirəm. Dekabristlərdən əvvəlkilərin yolunu getmək də istəmirəm. Azərbaycan publisistikasında sui-qəsdçilik var. Mən bu düşüncədə deyiləm. Amma mən xalqı maarifləndirməyin tərəfdarıyam – döy, söy, əz…, amma maarifləndir! - əgər sivil və bəşəri yolla maariflənmək istəmirsə!!!

- Bu kitabınla Biləcəridən o yana, heç olmasa, Dərbəndəcən getmək olar?

- Azərbaycan yazıçısı, şairi Biləcəridən, Dərbənddən o yana keçməsə də, Azərbaycan oxucusu Dərbənddən o yanadı.
Bu romanı yazmaqda məqsədim Azərbaycandan didərgin düşmüş oxucunu ölkəyə qaytarmaqdır. Özümü Avropaya çıxarmaq üçün yazmamışam. Avropada sülənti həyat yaşayan oxucunu bura gətirmək istəyirəm!

- Nə qədər bu kitabın kölgəsində girələnəcəksən?

- Yəqin ki, iki il.

Aydın Canıyev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1639

Oxşar yazılar