Tiflisdə milli kinomatoqrafiya mövzusunda dəyirmi masa keçirilib
04 noyabr 2012 05:56 (UTC +04:00)

Tiflisdə milli kinomatoqrafiya mövzusunda dəyirmi masa keçirilib

Ötən gün Tiflisdəki “Kino Evi”ndə Azərbaycan rejissoru İlqar Safatın çəkdiyi “Sahə” filmi nümayiş etdirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, film nümayiş olunmamışdan əvvəl gürcü və Azərbaycan kino xadimləri çıxış edib.

Tədbiri kinoşünas və kino tənqidçisi Paata Yakaşvili açaraq, qeyd edib ki, bu filmlər gürcü və Azərbaycan xalqını birləşdirir. Sonra tədbirdə “Sahə” filminin əsas qəhrəmanı Zaza Büjiaşvili çıxışında film və kinonu özünün həyatı adlandırıb. “Bu filmdə çəkilməyimdə mənim bəxtim gətirib.” Tədbirdə çıxış edən Gürcüstan Mədəniyyət Nazirliyinin əməkdaşı bildirib ki, indi qadağan olunan qapılar üzümüzə açılır. “Biz dostluğumuzu qarşılıqlı şəkildə davam etdirib, filmlərin çəkilişini davam etdirməli və yelkənləri qaldırmalıyıq.” ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə iki gün ərzində keçirilən tədbirlərin Tiflis tamaşaçıları tərəfindən diqqətlə izləndiyini və alqışlarla qarşılandığını bildirib. “Gələn il Azərbaycan və gürcü kinosunun dekadası keçiriləcək. Gürcüstanda fəaliyyət göstərən televiziyalarda Azərbaycan kinoları göstəriləcək, gürcü tamaşaçıları Azərbaycan adət-ənənələri ilə yaxından tanış olacaqlar”.

Sonra “Sahə” filmi nümayiş edilib. Filmdə baş rolları Zaza Bejiaşvili, Melisa Papel, Vaqif İbrahimoğlu ifa ediblər.

Həmin gün Gürcüstan paytaxtındakı RİA Novosti beynəlxalq mətbuat mərkəzində Azərbaycan nümayəndə heyətinin və gürcü kinosunun aparıcı mütəxəssislərin və hər iki ölkənin mədəniyyət nazirliklərinin rəsmilərinin iştirakı ilə “Dünyanın qloballaşma dövründə milli kinematoqrafiyanın inkişaf yolları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Tbilisi İnter Media” şirkətinin baş direktoru David Abdaladze, kinorejissor, kinoşünas Ayaz Salayev, kinoşünas, professor, elmlər doktoru Paata Yakaşvili, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Almaz Sultanzadə, “Sahə” filminin rejissoru İlqar Safat, Gürcüstan Mədəniyyət Nazirliyinin rəsmisi Keti Qaqnidze, jurnalist Zurab Dvali və başqaları gürcü və Azərbaycan xalqlarının dostluğunun inkişaf etdirilməsi, iki ölkə kinematoqrafçıları arasında əlaqələrin bərpası və inkişaf istiqamətləri, yaradıcılıq potensiyalı, gələcəkdə filmlərin və televerilişlərin birgə istehsal etdirilməsi imkanlarını və perspektiv əməkdaşlığı müzakirə ediblər.

Dəyirmi masada bir sıra problemlər, o cümlədən kino satışı haqqında, kino reklamının nümayiş etdirilməsi və kommersiya filmlərinin çəkilişi və kinolarımızın Avropada nümayiş etdirilməsi sahəsində təkliflər bildirilib, rəylər söylənilib. Dəyirmi masada çıxış edən Gürcüstan Mədəniyyət Nazirliyinin rəsmisi Keti Qaqnidze Azərbaycan kinematoqrafçılarını gələn ilin oktyabr ayında baş tutacaq Batumi festivalına dəvət edib. Qeyd olunub ki, həmin festivalda 20 dövlətdən kino təmsilçiləri iştirak edəcək.

Gürcü kino tənqidçiləri eyni zamanda bildiriblər ki, Azərbaycan kinoları gürcü dilinə tərcümə olunmalı, bu kinolar gürcü tamaşasına orijinal şəkildə təqdim olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040

Oxşar yazılar