Nəzakət Teymurova:  “Hər sənətçi Məcnun ola bilməz”
02 noyabr 2012 18:43 (UTC +04:00)

Nəzakət Teymurova: “Hər sənətçi Məcnun ola bilməz”

Gənclər və İdman Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan ekologiya mövzusuna həsr olunan "Gənclərin II Ümumrespublika Teatr Festivalı"na ssenari qəbulu artıq başa çatıb. Lent.az-ın məlumatına görə, “Bizə ideya lazımdır” devizi ilə keçirilən festival xalq artistləri, teatr və incəsənət xadimləri tərəfindən müsbət qarşılanıb. Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Nəzakət Teymurova sözügedən festivalı mədəniyyət hadisəsi kimi qiymətləndirib: “Bu festivalı mədəni hadisə kimi qiymətləndirirəm. Ümumiyyətlə, teatrın inkişafına xidmət edən, insanları teatra gətirən bütün layihələri dəstəkləyirəm. Xüsusilə də gənclər arasında keçirilən bu layihəni alqışlamaq lazımdır. Ən azı ona görə ki, gənc nəsil həmişə dəstək gözləyib və bu dəstəkdən ruhlanıb. İnanıram ki, layiqli gənclərin ortaya çıxmasında və tanınmasında Gənclərin II Ümumrespublika Teatr Festivalı əhəmiyyətli rol oynayacaq. Bizim tanımadığımız elə istedadlı gənclər var ki, onları tanıyacağıq. Bəlkə həmin gənclər elə böyük teatrların səhnəsində oynayacaq. Mən buna inanıram. Və nəticəni gözləyirəm”.

Gənclərin dözümsüzlüyündən şikayətlənən xalq artisti onlara tövsiyə də verib: “Mən öz teatrımızda çalışan gənclərdən çox razıyam. Qeyd edim ki, hər il keçirilən muğam festivallarından seçmə gənclər teatrımıza gələrək fəaliyyət göstərir. Bu sənət çətin sənətdir, hər kəs opera səhnəsində duruş gətirə bilmir. Ola bilər kiminsə gözəl səsi olsun, amma aktyorluq qabiliyyəti yoxdursa, uğura imza ata bilməz. Məsələn, hər sənətçi Məcnun ola bilməz. Sözümün canı budur ki, gənclər bəzən çətinlikdən qorxur, çəkinir və səhnəni yarımçıq tərk edir. Amma əgər bu sənəti seçimsənsə, mütləq ardınca getməlisən, hətta çala-çuxura düşsən də belə. Mən özüm də çox çətinliklərdən keçib gəlmişəm, amma zəhmətim hədər getməyib. Birinci növbədə zəhmət çəkməlidir. “Cəfa çəkməsən, səfa da görməzsən”-atalar nahaq yerə belə deməyib. Çalışmaq, zəhmət çəkmək-alın təri tökmək-bütün bunlardan sonra mütləq istəyinə çatacaqsan. Mən hər bir gəncə dözümlü olmağı arzulayıram”.

Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326

Oxşar yazılar