Papa XIV Lev Kardinallar Kollegiyası qarşısındakı ilk çıxışında pontifikat dövrü üçün baxışlarını açıqlayıb və ad seçimində süni intellektin (Sİ) mühüm rol oynadığını vurğulayıb.
Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Vatikan tərəfindən dərc olunan çıxışın rəsmi tərcüməsində Papa XIV Lev qeyd edib ki, seçdiyi ad Papa XIII Levə istinad edir – o, ilk sənaye inqilabı dövründə Kilsəyə rəhbərlik etmişdi.
“Mən Lev XIV adını seçdim. Bunun bir neçə səbəbi var, amma əsasən ona görə ki, Papa XIII Lev öz tarixi “Rerum Novarum” ensiklikasında ilk böyük sənaye inqilabı kontekstində sosial məsələlərə toxunmuşdu”, – pontifik bildirib.
O qeyd edib ki, bu günlərdə kilsə insan ləyaqətinin, ədalətin və əməyin qorunması ilə bağlı yeni çağırışlara cavab olaraq, süni intellektin inkişafı və digər sənaye inqilabı fonunda öz sosial təlim xəzinəsini hamıya təqdim edir”.
Katolik kilsəsi və süni intellektə maraq
Son illərdə Katolik Kilsəsi süni intellektin inkişafına artan maraq göstərir. Yanvar ayında Vatikan bu texnologiyanın məhdudiyyətləri, həqiqətlə əlaqəsi, hazırlanması və istifadəsi zamanı etik məsələlərlə bağlı sənəd dərc etmişdi.
Sənəddə, həmçinin, Papa Fransiskin bir il əvvəl etdiyi xəbərdarlığa da istinad olunub. O zaman Papa bildirmişdi ki, süni intellekt “qismən və ya tamamilə yalan olan, lakin həqiqət kimi qəbul edilən və yayılan süjetlər yarada bilər”.
Əgər Papa Fransisk süni intellekt mövzusunda Katolik Kilsəsinin mövqeyini ortaya qoymuşdusa, Papa XIV Levdən gələn bu texnologiyaya istinad artıq onun pontifikatının əsas mövzularından birinə çevriləcəyinə işarə edir.