Sevdiyiniz insanın ölümdən   sonra sizinlə əlaqə   saxlamağa çalışmasının 7 əlaməti
12 iyul 2026 20:15 (UTC +04:00)

Sevdiyiniz insanın ölümdən sonra sizinlə əlaqə saxlamağa çalışmasının 7 əlaməti

0

Yaxınını itirən insanların bir qismi sonradan müxtəlif hadisələri vəfat edən şəxsin onlarla əlaqə saxlamaq cəhdi kimi qiymətləndirir. Mütəxəssislər bildirirlər ki, bu cür təcrübələr kifayət qədər geniş yayılıb. Lakin elm bu halları daha çox yas dövründə yaranan psixoloji reaksiyalarla əlaqələndirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar Bill və Cudi Quqqenhaym 1980-1990-cı illərdə iki mindən çox insan arasında apardıqları sorğular zamanı iştirakçıların tez-tez oxşar hadisələrdən bəhs etdiyini müəyyən ediblər.

Respondentlərin sözlərinə görə, ən çox rast gəlinən hallardan biri qəfil vəfat edən yaxınlarına məxsus tanış qoxunun hiss olunması, onları yuxuda çox canlı şəkildə görmək, elektron cihazların qəribə davranması və ya otaqda kimsənin görünmədiyi halda hansısa varlığın mövcudluğunu hiss etmək olub.

Bəzi iştirakçılar gözlənilməz yerlərdə dəmir pulların tapıldığını, unudulmuş xatirələri yada salan mahnıların məhz həmin an səsləndiyini, ev heyvanlarının görünməyən nəyəsə reaksiya verdiyini, bəziləri isə heç kimin toxunmadığı halda istilik və ya toxunuş hiss etdiklərini bildiriblər.

Tədqiqat müəlliflərinin fikrincə, bu cür təcrübələr xüsusilə yas dövründə, güclü stress zamanı və ya yaxın insanın vəfat etdiyi tarixlərdə daha çox yaşanır.

Bununla yanaşı, digər elmi araşdırmalar bu hadisələri fərqli izah edir. 2020-ci ildə Schizophrenia Bulletin jurnalında dərc olunan araşdırmaya əsasən, yaxınını itirən insanların 30-60 faizində bu cür hisslər və duyğular müşahidə oluna bilər. Tədqiqat müəllifləri bunu itki ilə əlaqəli hallüsinasiyalar adlandırır və belə təcrübələrin yas prosesinin təbii psixoloji mərhələlərindən biri ola biləcəyini bildirirlər.

Skeptiklər hesab edirlər ki, bu cür işarələr təsadüfi hadisələr və ya insan beyninin itkiyə verdiyi reaksiyanın nəticəsidir. Digər tərəfdən, bu mövzuya fərqli baxanlar onları vəfat edən yaxınlarla mənəvi əlaqənin təzahürü kimi qəbul edirlər.

Mütəxəssislər isə vurğulayırlar ki, belə hisslər yaşayan insanların çoxu üçün bu təcrübələr təsəlli xarakteri daşıyır və yas prosesinin normal hissəsi hesab oluna bilər. Onların mənəvi əlaqə, yoxsa psixoloji reaksiya kimi qiymətləndirilməsi isə hər kəsin şəxsi inancından asılıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar