Alimlər insanların tez-tez paranormal kimi qəbul etdiyi hadisələrə elmi izah veriblər. Yeni araşdırmaya görə, bu cür hisslərin yaranmasına səbəb infrasəs, yəni insan qulağının eşidə bilmədiyi aşağı tezlikli səs dalğaları ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqat alimlər tərəfindən aparılıb. Araşdırmanın müəllifi, professor Rodni Şmaltz bildirir ki, xüsusilə köhnə binalarda boru və havalandırma sistemlərində yaranan aşağı tezlikli vibrasiyalar insanın emosional vəziyyətinə təsir göstərə bilər.
İnfrasəs insan tərəfindən birbaşa eşidilməsə də, orqanizm buna reaksiya verir. Alimlərin sözlərinə görə, bu cür vibrasiyalar stress hormonu olan kortizolun səviyyəsini artıra bilər və nəticədə insan səbəbsiz narahatlıq, qorxu və ya gərginlik hiss edə bilər. Əgər insan əvvəlcədən həmin məkan haqqında mistik və ya ruhların olduğu yer kimi məlumat alıbsa, beyin bu hissləri paranormal hadisə kimi şərh edə bilər.
Tədqiqat çərçivəsində 36 könüllü üzərində eksperiment aparılıb. İştirakçıların əvvəlcə kortizol səviyyəsi ölçülüb, daha sonra onlar fərdi şəkildə otağa yerləşdirilərək müxtəlif musiqilərə qulaq asıblar. Bəzi iştirakçılar eyni zamanda təxminən 18 Hz tezlikli, lakin şüurlu şəkildə eşidilməyən infrasəsə məruz qalıblar.
Nəticələr göstərib ki, infrasəsə məruz qalan şəxslərdə kortizol səviyyəsi daha yüksək olub və onlar daha çox əsəbilik, maraq azalması və musiqini daha kədərli kimi qiymətləndirmə halları yaşayıblar. Maraqlıdır ki, iştirakçıların əksəriyyəti əlavə səsin olub-olmadığını müəyyən edə bilməyib.
Araşdırmanın həmmüəllifi Keyl Skatterti qeyd edir ki, stressin və emosional gərginliyin artması kortizolun yüksəlməsi ilə birbaşa əlaqəlidir və bu, orqanizmin təbii reaksiyasıdır.
Alimlər vurğulayırlar ki, infrasəs yalnız köhnə binalarda deyil, yolların yaxınlığında, sənaye avadanlıqlarında və havalandırma sistemlərində də geniş yayılıb. Tədqiqat qrupu gələcəkdə bu cür dalğaların müxtəlif tezlik və müddətlərdə insan psixologiyasına təsirini daha dərindən araşdırmağı planlaşdırır.