Körpülər təkcə memarlıq nümunəsi deyil, onlar həm də birliyi simvolizə edir, sərhədləri aşır, mədəniyyətləri və xalqları birləşdirir. Dünyada müxtəlif ölkələri, sözün əsl mənasında qovuşduran, dövlətlər arasında unikal əlaqələr yaradan və səyahəti daha asan, əlçatan edən çoxlu sayda körpülər var.
Azərbaycan və Gürcüstan
Azərbaycan və Gürcüstan arasında Xram çayı üzərində salınmış bu qədim körpü “Sınıq körpü” (əslində “Sınaq körpü”) adlanır. Sınıq körpü XII əsrdə, Atabəylər dövründə tikilmişdir.
Tikintisində qırmızı kərpicdən istifadə edildiyi üçün el arasında “Qırmızı körpü” də adlanır.
175 metr uzunluğunda olan körpünün yaxınlığında vaxtilə iki karvansaray fəaliyyət göstərib. “Sınıq körpü” və ya “Qırmızı körpü” Azərbaycan memarlığının nadir abidələrindən biridir.
Avstriya və Macarıstan
Avstriya ilə Macarıstan arasındakı Ajnzar kanalı üzərindən keçən taxta körpü macarların azadlıq simvolu hesab edilir. 1956-cı ildə Macarıstanda SSRİ əleyhinə baş verən inqilab zamanı Sovet Rusiyası ölkəyə hərbi müdaxilə etdi. Həmin vaxt 70.000 macar bu körpü vasitəsi ilə qətliamdan qaçaraq Avropaya keçmişdi.
Körpü elə həmin ildə sovet ordusu tərəfindən uçurulub. Avstriya ilə Macarıstanı birləşdirən bu körpü 1996-cı ildə yenidən bərpa edilib. Hazırda körpünün yaxınlığında Macarıstan üsyanına həsr olunmuş memorial heykəllər və tarixi əşyalar sərgilənir.
Danimarka və İsveç
Danimarka və İsveçi birləşdirən Oresund körpüsünü bir çoxları "Körpü" serialı sayəsində tanıyır. Uzunluğu 8 km olan körpü İsveçdən Peberholm adasına aparır və adadan 4 km-lik tunellə çıxış yaradır. Bu tunel təyyarələrin heç bir problem olmadan qalxıb - enməsinə imkan verir və gəmilər boğazdan asanlıqla keçə bilir. Beləliklə, körpü iki ölkəni birləşdirir.
Rusiya və Litva
Rusiyanın Kalininqrad vilayətində yerləşən Sovetsk şəhəri vaxtilə Almaniya ərazisi sayılıb. Almaniya hökuməti 1907-ci ildə Neman çayı üzərində körpü salaraq Kraliça Luizanın şərəfinə “Luiza körpüsü” adlandırdılar. İkinci dünya müharibəsi zamanı döyüş poliqonuna çevrilən “Luiza körpüsü” partladılıb. Sonralar SSRİ hökuməti körpünü bərpa edib. Körpüdə SSRİ-nin gerbi ilə yanaşı Kraliça Luizanın da portreti əks olunub. Hazırda körpü Rusiyanın Sovetsk şəhəri ilə Litvanın Panemune şəhərini birləşdirir.
Azərbaycan Respublikası ilə Cənubi Azərbaycan
Xudafərin körpüsü Azərbaycan Respublikası ilə Cənubi Azərbaycanı ayıran Araz çayı üzərində salınıb.
Körpü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin göstərişi ilə inşa edilib.
Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, o da Xudafərin adlanır. İkinci körpü 15 tağdan ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.
Hər iki körpü İpək yolunun üzərində yerləşir.
Araz çayının qayalıqla əhatələnən ən dar yerində inşa edilmiş bu tarixi abidə VIII əsrin sonu IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərib.
Kanada və ABŞ
Kanada ilə ABŞ arasında yerləşən məşhur Niaqara şəlaləsinin üzərində salınmış “Göy qurşağı” körpüsü iki nəhəng ölkəni birləşdirir.
Hər il minlərlə turist “Göy qurşağı” körpüsünü gəzmək və Niaqara şəlaləsini seyr etmək üçün buranı ziyarət edir.
Körpüdən baxarkən şəlalə üzərində tez-tez göy qurşağı göründüyü üçün körpünü belə adlandırıblar. Körpü 1941-ci ildən istifadəyə verilib.
Bəhreyn və Səudiyyə Ərəbistanı
“King Fahd Causevay” Səudiyyə Ərəbistanı ilə Bəhreyni ərəb körfəzi boyunca birləşdirən əlamətdar infrastruktur layihəsidir. Təxminən 25 km uzunluğunda olan körpü əslində keçid yollarını və süni adaları birləşdirən beş ayrı körpüdən ibarətdir.
Körpünün layihəsi hələ 1950-ci illərdə hazırlanıb və məqsəd iki ərəb krallığını birləşdirmək olub. Tikintiyə isə 17 il sonra - 1967-ci ildə başlanılıb. Hazırda Səudiyyə Ərəbistanı ilə Bəhreyn Krallığı nəqliyyat əlaqəsini bu körpü vasitəsilə reallaşdırır.
Zambiya və Zimbabve körpüsü
Livinqston və Viktoriya şəlaləsinin iki şəhərini birləşdirən körpünun layihəsi Cənubi Afrikadakı İngilis müstəmləkə ekspansiyasının təşkilatçısı Sesil Rodos tərəfindən təklif edilib. Körpünün tikintisi 1905-ci ildə məşhur bioloq alim Çarlz Darvinin oğlu mühəndis Corc Darvin tərəfindən başa çatdırılıb. Bu körpüdə maşınlar və qatarlar hərəkət edir, bələdçilər ekskursiyaya gələnlərə təbiətin və şəlalənin heyrətamiz mənzərələrini təqdim edir. Körpünün üstündə təbiət muzeyi və iplə hündürdən tullanmaq istəyənlər üçün xüsusi idman məkanı var.
Şimali Koreya və Cənubi Koreya
Şimali və Cənubi Koreya arasında, iki Koreyanı ayıran hərbi demarkasiya xəttində, “Demilitarized Zone” ərazisində yerləşən “Dönülməyən körpü” yerləşir. Körpü xüsusi tarixi əhəmiyyət daşıyır. “Dönülməyən körpü” Şimali və Cənubi Koreya arasındakı bölünmənin və gərginliyin simvoludur.
1953-cü ildə Koreya müharibəsi başa çatdıqdan sonra körpüdə hərbi əsirləri dəyişirdilər. Körpüyə gətirilən hərbi əsirlərin qarşısında belə bir seçim qoyulmuşdu: ya evə qayıtmaq, ya da birdəfəlik işğal olunmuş ölkədə qalmaq. Körpünün adı da məhz, bu prosesdən sonra “Dönülməyən körpü” qalıb.
“Dönülməyən körpü” artıq mülki hərəkət məqsədi ilə istifadə edilmir. Dünyanın ən ciddi qorunan sərhədlərindən birinin yaxınlığında yerləşən bu körpü illərdir ki, bağlıdır.