Londona gün doğub. Hamının üzündə bir təbəssüm var. Metronun "Şorediç" stansiyasından enib, gedəcəyim yerə çatmaq üçün tələsirəm.
Bura Londonun Biq Ben, London Eye, Vestminster, “Hyde Park” kimi məşhur turistik yerlərindən öz dağınıqlığı ilə fərqlənir, hər şey sanki bir nizamsızlığa tabe olub. Bəlkə də küçə boyunca hər addımda müxtəlif rənglərdə divarlarda, binaların fasadlarında əks olunan qraffitlərə görədir bu abı-hava.
Brik Leyn (Brick Lane) küçəsi boyunca qurulan yemək bazarına doğru addımlayıram. Bura Londonun şərqində uzun bir küçədir. Həftəsonları burada bazar qurulur, açıq havada yeməklər, şirniyyatlar, müxtəlif içkilər, suvenirlər, ikinci əl paltarlar, “vintage” əşyalar satılır.
Acam, yemək köşklərinə bir-bir göz gəzdirirəm. Gözümə ilk dəyən türk paxlavaları olur. Onun yanındakı köşkdə cavan bir oğlan kokos suyu satır - 4 funta. 4 funta da kokos suyu olar, deyə düşünürəm əvvəlcə. Ancaq sonra niyə də yox, bura Londondu axı, deyə satıcılara haqq qazandırıram. Onsuz da son zamanlar hər şeyin qiyməti elə artıb ki...
Bir neçə addım atmamış görürəm ki, 10-15 adam yığışıb nəyəsə tamaşa edirlər. Ya hadisə olub, ya da kimsə mahnı oxuyur, deyə fikirləşirəm. Təxminən 40 yaşlarındanda bir kişi asiyalı cavan oğlanla şahmat oynayır. Bir neçə il qabaq bura yolum düşəndə yenə belə bir mənzərə ilə qarşılaşdığımı xatırlayıram, onda küçənin ortasında belə bir şeyi ilk dəfə gördüyüm üçün çox təəccüblənmişdim, xeyli tamaşa eləmişdim.
Qırmızı bir stolda, əynində keçmiş sovet adamlarında gördüyüm tünd krem rəngində paltonun eynisini geymiş bir adam - görəsən, bu mənim bir neçə il öncə gördüyüm həmən kişidir?
Stolun üstündəki saatı qurub, sürətli şahmat oyanırlar asiyalı oğlanla. Elə bir neçə şəkil çəkmişdim ki, ortayaşlı kişi cavan oğlanın əlini sıxaraq onu təbrik etdi: "Məni neçə vaxtdır məğlub edən olmamışdı".
Asiyalı oğlanın dostları, onlara tamaşa edənlər, əl çalmağa başlayır.
"Revanşa varsan?", deyə kişi yenidən soruşur. Onlar yenə oyuna başlayırlar, mənim gözüm stoldakı yazıya yönəlir. "Şahmat, pulsuz əyləncə", yazılıb lövhənin üzərində. Yəqin bekar adamdır, deyə ağlımdan keçirirəm. Ya da tənha yaşayan şahmat həvəskarıdır, özünə oyun yoldaşını belə tapır...
Addımlarımı sürətləndirirəm, çünki əslində bu gün mən Brik Layndən daha çox, Londonun ən məşhur çiçək bazarlarından birini sizlərə göstərmək istəyirəm. “Kolumbiya Küçəsi Çiçək Bazarı” adlanır burası. Brik Leynə qədər təxminən 10 dəqiqə yerimə məsafəsindədir, həftənin ancaq bir günü, bazar günləri qurulur bu bazar. Yol boyunca əlində müxtəlif növ çiçək dəstələri, dibçəklər tutan insanlar keçir.
Günəşli bir gündə, bu çiçək bazarı insana başqa bir xoşbəxtlik verir: müştəri rəqabətinə girən satıcıların bir-birinə qarışan səsləri, bazarın yanındakı müxtəlif mağazalardan yayılan kafeinin, şirniyyatların ətri, ətrafa səpələnən bitkilərin qoxusu, bəzən əllərindəki öz boylarını da aşan dibçəkləri harasa aparmaq üçün tələsən insanların addımları, bir də heç nə almayıb, mənim kimi tamaşa edənlərin baxışları...
Küçə dardır, insanlarsa çox, hamı nəsə alır, nəsə soruşur. Balaca 9-10 yaşlarındakı satıcı uşaq, atası olduğunu təxmin etdiyim ortayaşlı digər satıcıdan tez-tez nəsə soruşur.
"İkisi 20 funt, ancaq nağd ödənişlə", deyə hündürdən qışqırıb özünə alıcı yığmağa çalışır. Uşağın şirin səsindənmi, ya toppuş yanaqlarından, gələn-gedən ona təbəssümlə baxır.
Cavan bir qız iki dibçək almaq istədiyini deyir. Qız əlavə edir ki, üstündə nağd pul yoxdur. "Kart makinası işləmir", deyir, balaca oğlan.
Tez o biri təcrübəli, yetkin satıcı kart makinasını cibindən çıxardır: "İşləyir. İkisi 25 funt olacaq".
Qız razılaşır, uşaq isə bir az təəccüblənir: "Bəs ikisi 20 funt deyildi?".
Yetkin satıcı izah edir ki, nağd olanda 20 funt, kartla ödəniş olanda isə 25 funtdur qiymət. Bu söhbəti eşidən ətrafdakı bir neçə nəfər uşağa baxıb gülümsəyir.
Çiçək mağazasının yanındakı balaca bir həyətə girirəm. Başında şlyapa bir qadın sıraya düzülmüş insanlarla danışır, hal-əhval tutur, bir tərəfdən də bir qaba əvvəl süd, sonra isti şokolad töküb onları qarışdırır. Stolun üstündə yazılıb ki, 100% isti Meksika şokoladıdır. Qadının başına taxdığı, meksikalılarınkına oxşar qəhvəyi papaqmı, ya sıraya düzülmüş adamların sayı məni cəlb elədi, bilmirəm, amma birdən-birə mən də bu isti şokoladın dadına baxmağa qərar verirəm.
Etiraf edim ki, şokolad həqiqətən də çox dadlı idi, o, adi kofe mağazalarından alınanlardan necə “geydirmə” olduğunu başa düşürsən bunu içəndə. Ancaq, gəl, gör ki, iş pul ödəməyə gələndə, qiymətin 4.50 funt sterlinq olduğunu görürəm, fikirləşirəm ki, gərək əvvəldən qiyməti soruşardım. Pulu ödəyib, şokoladı axıra qədər içirəm.
Yenidən Brik Leynə qayıdıram. Yemək üçün, burada çox məşhur olan balaca mağazalardan birinə - baqelə (beigel) girirəm. Balaca, yumşaq çörəyin (bulka kimi) içinə duzlanmış mal əti, xiyar turşusu qoyub satırlar. Qiyməti də 5-6 funtdur. Bilsəniz, mağazanın içində və çölündə səhər-axşam nə qədər növbə olur. Həftənin bazar günü olduğuna görə, bir xeyli gözləyirəm.
Düzünü desəm, xeyli dostum baqeli tərifləsə də, bəyənmədim. Yenə də axıra qədər yeyib, Londonda bir gündə çöldə yeməyi 10 funt sterlinqə başa vurduğuma görə, özümlə fəxr edirəm. Çünki Londona hava almaq da az qala, insana baha başa gəlir.
Bax belə, Londonun şərqində bir neçə saatlıq həftəsonu macəramı tamamlayıram. Bəlkə başqa bir gün də ikinci əl paltarlara baxmaq üçün gələrəm bura, deyə düşünüb qraffitlərlə bəzənmiş binaların arasından gəldiyim stansiyaya qayıdıram.
Aytən Abbaslı, Böyük Britaniya, London