1950 və 60-cı illərdə UFO hesabatlarında artım müşahidə edilib və bu, uzun müddətdir ki, çoxlu fərziyyələrə, sui-qəsd nəzəriyyələrinə səbəb olub. Pentaqon bu yaxınlarda ABŞ Konqresinə bu fenomenin səbəblərini açıqlayan hesabat təqdim edib. Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər ki, müşahidələrin əksəriyyəti yadplanetlilərin həyatından çox, qabaqcıl kəşfiyyat və kosmik texnologiyanın sınaqları ilə bağlı olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatlar məşhur Rosvel hadisəsi də daxil olmaqla, bu dövrə aid bir çox UFO xəbərləri əslində U-2 kimi yüksək hündürlükdə olan balonların və kəşfiyyat təyyarələrinin sınaqları ilə bağlı olduğunu göstərib.
Mərkəzi Kəşfiyyat İdarəsinin təxminlərinə görə, qeydə alınan bütün UFO müşahidələrinin yarısından çoxu ABŞ-ın gizli kəşfiyyat uçuşları ilə bağlı olub. Kanada VZ-9AV Avrocar kimi nəlbəki formalı dizaynlar da daxil olmaqla yeni təyyarələrin inkişafı da kosmik gəmi haqqında şayiələrin yayılmasına kömək edib.
Geniş araşdırmalara və müşahidə edilən hadisələrin yadplanetlilərin mənşəyinə dair sübutların olmamasına baxmayaraq, hökumət yadplanetlilərlə bağlı ictimai inancların davam etdiyini etiraf edir. Televiziya şoularının, filmlərin, kitabların və məlumatların internetdə yaranması ictimai şüurda bu inamları daha da gücləndirib.
Eyni zamanda, təhlükəsizlik məsələsi də aktual olaraq qalır. 2023-cü ilin yayında ABŞ-ın bir neçə keçmiş hərbi pilotu Konqresdəki dinləmələrdə naməlum anomal hadisələrin milli təhlükəsizliyə potensial təhlükə yaratdığına dair ifadə verdi.