Biri başqalarına münasibətdə həddini aşanda, ağzının danışdığını qulağı eşitməyəndə adətən yaxınlarından birinə deyirlər ki, onun ipini çək, artıq-əskik danışmasın. Bəs niyə ipini? Maraqlı və ibrətamiz bir hekayədən qaynaqlanır bu deyim.
Lent.az “ Necə yaranıb” rubrikasında təqdim edir:
1640-cı ildə Osmanlı İmperiyasında taxta çıxan I İbrahim həm də Dəli İbrahim adı ilə tanınırdı. Bu ləqəb ona boş yerə qoyulmamışdı, sultanın əqli çatışmazlığı bütün ölkəyə məlum idi və 8 illik hakimiyyəti dövründə onun gününün çoxu eyş-işrət məclislərində keçirdi.
Amma təbii ki, hərdən rəsmi görüşlərə çıxmaq məcburiyyəti də var idi. Bu zaman diplomatik söhbətlərlə arası olmayan sultan gərəksiz söhbətlər də edir, xətalara yol verirdi.
O səbəblə sultanın çox ağıllı adam olan vəziri vəziyyətdən çıxış yolu tapmış, sultanın biabır olmaması üçün bir iplə onu özünə bağlamışdı. Daha doğrusu sultanın topuğuna bağlanmış ipin bir ucu da onun öz ayağına bağlı idi. Sultan artıq-əskik danışmağa başlayan kimi vəzir ehmalca ipi dartır, sultan da susurdu. Sarayda sirr qalarmı? Bu məsələ də yayılmış, dillərə düşmüşdü. “Filankəsin ipini çəkmək” ifadəsi bax beləcə yaranmışdı.