Ən yaxşı 5 elmi-fantastik film : Robotlar, yad planetlilər..
28 aprel 2022 09:49 (UTC +04:00)

Ən yaxşı 5 elmi-fantastik film: Robotlar, yad planetlilər..

Şüurumuzu genişləndirən, dəyişdirən təkcə hadisələr və kitablar deyil. Elə filmlər var ki, onları izlədiyimizdə fərqində olmadan bu işi görməyi bacara bilirik. Son illərdə ən çox sevilən və izlənilən film janrlarından biri isə elmi fantastika filmləridir. Bu janrlı kinolarda kosmik gəmilər, robotlar, yad planetlilər və zamanda səyahət kimi xəyali hadisələrin elmi əsaslı təsvirlərindən istifadə edilir. 

Lent.az rejissor işi, aktyor oyunu, ssenari və musiqi baxımından dəyərləndirdiyimiz son 20 ilin “ən elmi” 5 fantastik filmini təqdim edir: 

Mr.Nobody (Cənab Heç kim) - 2009 

“Mr.Nobody” 2009-cu il istehsalı, Jaco Van Dormaelin rejissorluğunu etdiyi filmdir. “Cənab Heç kim” 2092-ci ildə dünyada qalmış son ölümlü olan 117 yaşındakı Nemo adlı bir adamdır. Digər yerdə qalan bütün insanlar isə ölümsüzdür. Buna görə də ölümündən əvvəl Nemonu bir jurnalist ziyarət edir və həyatını əhatə edəcək müsahibə verməsini istəyir. Nemo isə ona bir-birinə zidd olan həyat əhvalatını danışmağa başlayır. 

O, həyatını üç əsas məqamda təsvir edir: 9 yaşında valideynləri boşananda, 15 yaşında aşiq olanda və 34 yaşında yetkinlik halında... 

Bəs, “Cənab Heç kim” kimdir ? 

WALL•E ( Divar•E ) - 2008

Bu film uzaq gələcəkdə cərəyan edir. Kinoda Yer kürəsinin həddindən artıq çirklənməsi səbəbindən bəşəriyyətin başqa planetdə yaşamağa başlamasından danışılır. Çirklənmiş dünyanı təmizləmək isə şirin bir robot olan Voliyə tapşırılır. Bəşəriyyətin qoyub getdiyi çirkli mühitdən özünə yeni dünya yaradan Volinin tənhalığı başqa bir robot Həvvanın gəlişi ilə sona çatır. İki sevimli robot arasında başlayan təsirli münasibət bir çox çətinliklərə baxmayaraq müqavimət göstərməyə çalışır. Kino insanların yaşadığı mühitə vurduğu ziyanla bağlı vacib mesajlar verərkən, insanlığı gələcəkdə texnologiyanın əsiri, tənbəllikdən tükənmiş bir obrazda təsvir edir.  

Eternal Sunshine of the Spotless Mind (Təmiz ağılın əbədi günəşi) – 2004

Çarli Kaufmanın ssenarisi əsasında kinorejissor Mişel Kondrinin içində fantastik elementlər olan çəkdiyi dram janrlı filmdir. Kino orijinal ssenarisinə görə Oskar mükafatına layiq görülüb.
Filmin qəhrəmanı Coel (Cim Kerri) və Klementina (Keyt Uinslet) bir-birini həyatlarından və beyinlərindən silmək qərarına gəlirlər. Lakin Coel bəzi xatirələri yaşatmağa davam edir.Amma daha sonra Coel Klementinasız yaşaya bilməyəcəyini anlayır. Bundan sonra sevdiyi qadının keçmiş xatirələrini ona geri qaytarmağın yollarını axtarmağa başlayır..

Interstellar (Ulduzlararası) – 2014

Rejissorluğunu Kristofer Nolanın etdiyi 2014-cü ildə istehsal olunmuş elmi-fantastika filmidir. Bəşəriyyətin həyatda qalmaq üçün mübarizə apardığı antiutopik gələcəyi təsvir edən film, bəşəriyyət üçün yeni ev axtarışında olan, Saturn yaxınlığındakı köstəbək dəliyindən keçən bir qrup astronavtdan bəhs edir. Kinoda zamanda səyahət, qara dəliyə daxil olma, müxtəlif dünyalar, zamanın nisbilik anlayışları genişmiqyaslı təsvir olunub.  
Nolanın bu kinosu həmin illərdə xeyli müzakirələrə səbəb olmuşdu. Əminliklə demək olar ki, “Ulduzlararası” son illərin ən keyfiyyətli elmi-fantastik ekran əsərləri sırasındadır. 

Inception ( Başlanğıc) - 2010

Siyahımızın birinci yeri fantastika janrında istehsal olunan “Başlanğıc” filmidir. Kinonun ssenari müəllifi, ortaq prodüseri və rejissoru Kristofer Noladır. Leonardo Dikaprionun baş rolu olduğu kinoda Kob istedadlı oğrudur. O, zehnin ən qaranlıq və  həssas olduğu yuxu anında şüuraltının dərinliklərindən qiymətli sirləri, informasiyaları götürür.  Öz bacarıqlarının qurbanına çevrilən və hər şeyini itirən Kob, tezliklə səhvini düzəltmək üçün yeni bir şans əldə edir. Amma bu dəfə o, beyindən oğurlamaq əvəzinə, oraya bir informasiyanı yerləşdirməlidir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216
avatar

Sevinc Fərid

Oxşar yazılar