AZƏRBAYCANDA AVİAQƏZALAR SERİYASINDAN 7-Cİ YAZI
Tarix: 18 avqust 1973.
Binə aeroportundan qalxan təyyarənin sərnişinləri ağıllarına gətirmirdilər ki, cəmi 5 dəqiqə sonra hava gəmisi onlara məzar olacaq.
Lent.az Azərbaycanda baş vermiş daha bir aviaqəzanın tarixçəsini təqdim edir:
Beləliklə, Bakı-Mahaçqala-Bakı reysini yerinə yetirmiş ekipaj Bakı-Şevçenko-Bakı* reysinə hazırlaşır. Göyərtəsində 60 sərnişin olan An-24B saat 18.46-da Binə aeroportundan start götürür. Təyyarə normadan 193 kq ağır yüklənmişdi. Havaya qalxandan cəmi 5 saniyə sonra 220 km/saat sürətdə 10 metr yüksəklikdə sol mühərrik sıradan çıxır. Ekipaj vəziyyətdən çıxaraq yüksəklik yığmaq üçün şassini yığsa da, fayda vermir, təxminən 37 metr yüksəklikdə layner sola meyllənməyə başlayır və sürət azalır, idarəetmə itir. Hava gəmisi aeroportdan bir qədər aralıdakı neft buruqlarının troslarına ilişərək onları qoparır, buruqlardan birini qıraraq hərəkət istiqamətini dəyişir. Qanadın biri qoparaq yerə düşür.
İlk toqquşmadan 161 metr məsafədə təyyarənin sol tərəfi qalın boru ilə toqquşur və yerə çırpılır. Yerdə 19 metr uzunluqda arx açan hava gəmisi daha bir buruğu qopararaq 10 metr kənara atır. Neft tullantılarının toplandığı xəndəyin torpaq bəndinə çırpılan təyyarə təkrar havaya qalxır və 65 metr qət edərək arxası üstə köhnə aeroport yoluna düşərək yanmağa başlayır.
Alova qərq olan təyyarədəki insanların köməyinə ilk gələnlər "Əzizbəyov" stansiyasından Binəyə gedən avtobusun sərnişinləri olur. Lakin onların cəhdləri çox da səmərə vermir. 54 sərnişin (o cümlədən 11 uşaq) və 2 ekipaj üzvü həlak olur, 6 sərnişin 2 mexanik ağır xəsarət alır.
Komissiyanın rəyinə görə, qəzaya vintlərin daha əvvəl çox qızdığı üçün ifrat dərəcədə yeyilməsi səbəb olub. Eyni zamanda təyyarənin mühərriki işə salınarkən mexaniklər normativi pozublar.
QEYD: Qazaxıstanın Şevçenko şəhərinin tarixi adı Aktau 1991-ci ilin 13 senytabrında bərpa edilib.