"Yuxusuz mutant" ləqəbli vyetnamlı qadın Nguyen Nqoc Mi Kim 30 ildir yatmadığını iddia edir. Bu elan, xüsusən də "heç vaxt yatmayan tikişçi" kimi tanınan vətəni Long An əyalətində böyük marağa səbəb olub. Mi Kim iddia edir ki, tam yuxusuzluğu onun sağlamlığına təsir etməyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mi Kim uşaqlıqdan gec yatmağa vərdiş edib.
Əvvəlcə oxumağa həvəsindən yuxusu qaçıb, sonra isə tikişçi kimi işə başlayanda bütün sifarişləri yerinə yetirmək üçün gecələr işləyib. Tədricən, o, yatmaq ehtiyacını tamamilə dayandırıb. Qadın xatırlayır ki, əvvəlcə gecə işlərinə alışmaq onun üçün çətin olub: o, tez-tez tikiş maşınının yanında yuxuya gedir, çoxlu səhvlərə yol verir, hətta yorğunluqdan yol qəzalarına da düşürdü. Ancaq zaman keçdikcə bədəni bu rejimə uyğunlaşıb.
Mi Kimin on illik yuxusuzluqla bağlı dedikləri hələ həkimlər tərəfindən təsdiqlənməsə də, bir çox yerli sakinlər onların doğru olduğuna inanırlar. İnsanlar onun "Long Can Commune"dəki tikiş sexində gecə-gündüz işlədiyini görə bilərlər. Mağazanın işıqları həmişə yanır, qapılar açıqdır və hər kəs içəri girib onun sözlərinin doğruluğunu görə bilər. Vaxt keçdikcə Mi Kimin qeyri-adi rejimi ilə bağlı şayiələr yayılıb və o, diqqət çəkməyə başlayıb. Çoxları qadının həqiqətən də öz mağazasında işlədiyini görməyə gedib və onun yuxusuzluğu ilə bağlı şayiələr geniş vüsət alıb. Bu yaxınlarda bu hekayə Vyetnam sosial mediasında üzə çıxıb və tikişçi yenidən diqqət mərkəzində olub. Ölkənin hər yerindən qonaqlar onunla görüşməyə gəlir və şayiələrin doğru olub-olmadığını görürlər.
Mi Kim bu cür diqqətə qarşı deyil və həmişə qonaqlarının olmasından məmnundur. O, uşaqlıqdan yatmamaq vərdişinin formalaşdığını və yuxusuzluğun sağlamlığına mənfi təsir göstərmədiyini iddia edir. Bəzi insanların skeptisizminə baxmayaraq, onun hekayəsi möcüzə və maraq yaratmaqda davam edir və getdikcə daha çox diqqəti cəlb edir.