Xeyli müddətdir yoxa çıxan türkiyəli müğənni Harika Avcı ölkəsinin prezidenti Rəcəb Taib Ərdoğana müraciət edib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, tanınmış müğənni həyat yoldaşı ilə yaranan problemlərlə bağlı Ərdoğandan kömək istəyib: “Yoldaşımın narkotik aludəçisi olmasını biləndən sonra həyata küsmüşəm. Onun mənə qarşı etdiyi haqsızlıqlardan bezmişəm. Buna görə də bir neçə dəfə ölkə başçısının qəbuluna düşməyə can atmışam. Amma alınmayıb. Prezidentdən kömək istəyirəm. O, bu ölkənin atasıdır. Mənə də yardımçı olsun. Həyat yoldaşım narkotikdən istifadə edir. Evə də gətirir. Bundan başqa doğma qardaşımın mənim başıma nə oyun açdığını hər kəs bilir. Mənim mülkimi ələ keçirtmək üçün dəli olduğumu iddia elədi, mənə qarşı vəsatət qaldırdı ki, vərəslik hüququm əlimdən alısnsın. Bu haqsızlığı mənə doğma qardaşım etdi. Başqa insanlara necə inanım? Hətta mənim vəkilim də başıma oyun açdı. Bütün mülkümü mənimsəyib, satdı. İndi də çox çətin vəziyyətdəyəm. Ona görə də ölkə başçısına müraciət etdim. Bu yaltaqlıq deyil, sadəcə məni bu vəziyyətdən o qurtara bilər.
H.Avcı onu da əlavə edib ki, onun başına gələnlərin şahidi evində çalışan azərbaycanlı xanımdır: “Evimdə çalışan azərbaycanlı bir qadın var idi. Həyat yoldaşımın mənə etdiyi bütün əziyyətlərin canlı şahidi odur. Başıma silah dirəyib, məni ölümlə hədələyib, döyürdü. Tək yaşamamaq üçün evimə köməkçi götürürəm".
Qeyd edək ki, bu günə qədər türkiyəli müğənni Zerin Özər, Petek Dinçöz də prezidentdən yardım istəyib və niyyətlərinə nail olub.