Müğənni Nadir Qafarzadə “Azad Azərbaycan” telekanalında yayımlanan verilişlərdə iştirakna qadağa qoyulması barədə xəbərlərə münasibət bildirib.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən ifaçı deyib ki, ATV telekanalına ona efir qadağası qoyulması xəbəri həqiqəti əks etdirmir: “Artıq bir neçə gündür ki, ATV telekanalında mənə qadağa qoyulması barədə xəbərlər yayılıb. Məlumatın nə qədər doğru olub-olmadığını bilən-bilməyən hər kəs bu barədə danışır. Amma bu, yanlış məlumatdır. Mənə Azərbaycanda heç bir telekanal, o cümlədən ATV kanalı qadağa qoymayıb. Belə deyim də, düşmənlərim sevinməsin. Mənə “Azad Azərbaycan” telekanalının rəhbərliyi tərəfindən qadağa yoxdur. Onların mənə, mənim də qarşı tərəfə böyük hörmətim var. Onlar bəzi cılız insanların düşündüyü qədər aciz deyil ki, Azərbaycan oğluna səbəbsiz və ya kiməsə görə, qadağa qoysun. Belə bir atalar söz var: “Yalan ayaq tutar, amma yeriməz”. Ona görə də mənim sənətimə dəyər verən insanlar narahat olmasın”.
Qeyd edək ki, bir neçə gün öncə ATV-nin “Gün üzü” verilişinə qonaq olan N.Qafarzadə verilişi yarımçıq tərk etmişdi. Buna səbəb onun Azərbaycan əsilli müğənni Sami Yusif barəsində dediyi fikirlərin canlı efirdə yarımçıq kəsilməsi olmuşdu.