“Mən şou-biznesin akulasıyam və bunu hər kəs bilsin. Şou biznesdə olan əjdahalar mifdir, akula isə canlıdır. Hələ xalq artisti İlhamə Quliyevanın ziyarətinə gedəcəyəm. Ondan xeyir-dua alacağam. Şou-biznesdə heç kimdən çəkinmirəm”. Lent.az-ın məlumatına görə, bu sözləri şou-biznesdə iddialı açıqlamaları ilə tanınmaq iddiasında olan gənc müğənni Ay (Aygül) deyib. O, bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbirdə deyib ki, şou-biznesdə tanınmaq istəyənlər xalq artistindən xeyir-dua alsa, yaxşı olar: “Sözləri və musiqisi Arif Səlimova, aranjemanı Elvin Musayevə məxsus “Eşq dəlisi” mahnısına çəkilmiş klipimi bu gün mediaya təqdim etdim. Bu aləmdə iddialıyam. Heç kimdən qorxmuram. Bu günlərdə xalq artisti İlhamə Quliyevanın səhhətində problem yaşadığını eşitdim, pis oldum. O, gözəl sənətkarımızdır. Hələ ki, onun xeyir-duasını almamışam. Amma təqdimatdan sonra onun qəbuluna gedəcəm, xeyir-duasını alacam. Çünki sənətkar xeyir-duası vacibdir. Qaldı ki, şou-biznesə, mən bu aləmin akulasıyam. Başqa titul hələ lazım deyil. Mənə ehtiyatla yanaşsınlar”.
Qeyd edək ki, “Eşq dəlisi” klipinin rejissoru Rəhman Əliyevdir.