Bu gün Rəşid Behbudov adına mahnı teatrında rəqqasə Fatimə Fatalıyevanın “Novruz sevincləri” adlı konserti olub. Lent.az-ın məlumatına görə, aparıcı Könül Muxtarovanın təqdimatında keçirilən gecədə ilk öncə rəqqasənin müəlliməsi Aliyə Ramazanova səhnə alaraq, Fatimənin rəqqasə olaraq tanınmasında onun böyük rolu olduğunu söylədi: “Fatiməni düz 7 yaşından tanıyıram. Həmin vaxtdan mənim yanımda rəqqasəliyin sirlərini öyrənməyə başladı. Mən onunla fəxr edirəm. Bu gün burada olduğuma görə də ona təşəkkür edirəm”.
Daha sonra Fatimənin tələbələri səhnəyə çıxaraq, öz bacarıqlarını nümayiş etdiriblər. Hər bir rəqs nümayişindən sonra şou-biznesin tanınmış simaları Niyam Salami, Samira Allahverdi, Sevda Sanalıyeva, Rüfət Axundov, Leyla Ramazanlı, Əbdül Xalid, Zenfira İbrahimova, Aslan Hüseynov, Şəbnəm Əsədova, Səbinə Əskərova və başqaları səhnə çıxaraq, öz musiqi hədiyyələrini təqdim ediblər.
Müğənni Rüfət Axundovun isə gecədə maraqlı açıqlama ilə diqqət çəkib: “Çoxları Fatiməni rəqqasə kimi tanıyır. Rəqqasəlik üzrə dərs keçir. Bir müddət sonra onu müğənni kimi də sözünü deyən görəcəksiniz. Çünki Fatimə ilə duet yazdırırıq. Həmin mahnını yaxın müddətdə təqdim edəcəyik”.
Konsertin sonunda F.Fatalıyeva Lent.az-a təəssüratlarını bölüşüb: “Açığı bu gün mənim üçün çox maraqlı, ağır bir gün oldu. Çünki üzərimdə çox böyük bir məsuliyyət var idi. Sənət dostlarımla yanaşı bu gün səhnədə daha çox tələbələrim öz məharətlərini göstərdilər. Düşünürəm ki, gözəl bir konsert keçdi. Zal tam dolmuşdu. İnşallah belə bir gecələri daha böyük konsert zallarında təşkil edəcəyik. Bugünkü konsertə görə, xüsusi təşəkkürüm Mədəniyyət və Turizm Nazirliyinə, xüsusən də Nərminə Qafarlıya təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, “Novruz sevincləri” adlı konsertdə milli rəqslərlə yanaşı, dünya xalq rəqsləri də təqdim olunub.