Azərbaycanlı müğənni Murad Sadıx Şuşa haqqında mahnı oxuyub. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri xalq şairi Səməd Vurğuna, musiqisi Elxan Məmmədova məxsus olan mahnı elə "Şuşa" adlanır: "Şuşa bizim ən yaralı yerimizdir. Düzdür, mən Qarabağın bu gözəl şəhərini heç vaxt görməmişəm. Valideynlərimdən eşitmişəm ki, Şuşa cənnətin bir parçasıdır. İnşAllah tez bir zamanda başda Şuşa olmaqla, bütün düşmən tapdağında olan torpaqlarımızın geri qayıdacağına inanıram. Mahnımı dinləyənlər də təsdiqləyəcəklər ki, bu ifa özlüyündə bir əsərdir. Bəstəkar Elxan müəllimə təşəkkür edirəm ki, etimad göstərib, bu əsəri oxumağı məhz mənə həvalə etdi. Aranjimanın da müəllifi bəstəkarın özüdür. Qara Qarayev kimi daha Azərbaycan bəstəkarının tələbəsi olmuş Elxan müəllimlə işbirliyimiz bundan sonra da davam edəcək".