Polat Ələmdardan EKSKLÜZİV müsahibə: “Sevmək sevməksə, sevməmək sevməməkdir!” - ANTİŞOU
07 yanvar 2014 15:20 (UTC +04:00)

Polat Ələmdardan EKSKLÜZİV müsahibə: “Sevmək sevməksə, sevməmək sevməməkdir!” - ANTİŞOU

Türkiyənin əfsanəvi “Kurtlar vadisi” serialının baş qəhrəmanı Polad Ələmdardan müsahibə almaq hələ uşaqlıq arzum idi. Xatırlayıram, məktəbdə oxuyanda ilk dəfə yayımlanmağa başlayan bu serialda sevməyə başladığım ilk obraz “racon kəsməyib, baş kəsən” oğlan Polat Ələmdar idi. Hələ rəhmətlik Süleyman Çakırın sağlığında sözünü deməyi bacaran, beş kişinin içində özünə layiq ad qazanan, qəbri nurla dolsun, Çakır qardaşımızın sağ əli olmaq pilləsinə qədər yüksələn, baş kəsib, ad çıxardan, vətəni üçün ailəsindən, sevdiyi qız - Əlif bacıdan imtina edəcək qədər vətənpərvər gənc olan Polad usta gəncliyinə yeni-yeni qədəm qoyan yeniyetmə Anarın və onun kimi milyardlarla oğlanın idealı, bənzəmək istədiyi kumiri idi.

Çakır qardaşımızın vaxtsız vəfatının ardından başlayan proseslərdə daha da məşhurlaşan, kəsdiyi başlarla necə böyük ürəkli oğlan olduğunu əvvəl Türkiyəyə, sonra türk dünyasına, sonra ərəb dünyasına, sonra Orta Asiya və Qafqazlara, ən sonda isə bütün dünyaya nümayiş etdirən kumirimlə söhbət sən demə, onu tanımaq şərəfinə nail olduğum gündən 10 il sonraya – bu günə qismət imiş.

Yeri gəlmişkən, fəxrlə onu da deyim ki, xatırlayırsınızsa, Polad usta Çakır qardaşımızın qisasını onun meyidi soyumamış almış, bir gecədə bir neçə baş kəsib, qan tökmüşdü. Elə təkcə bu fakt onun necə fədakar, sözübötüv, əyilməz, mərd, vətənpərvər və heç də amerikalı Çak Norisdən-filan əskik oğlan olmadığını sübut etməyə kifayət edir.

Hiss edirəm ki, həyəcanlısınız, odur ki, ustadım və kumirim barədə bu təvazökar girişi bitirib, müsahibəyə keçim.

 

- Məni bağışlayın, çox həyəcanlıyam, gördüyünüz kimi, həyəcandan əllərim əsir, diktofonu az qala, ağzınıza soxam, sizinlə söhbətə necə sevinirəmsə, sevindiyimdən kor bağırsağımda küt sancı əmələ gəlib, deyəsən, qarınağrısına düşəcəm. Üstünüzdə “Tetrasiklin” yoxdur ki?

 

- “Tetrasiklin”? Yox, “Levomisetin” var, verim? Həm də həyəcanlanmağa nə gərək var? Mən də sənin kimi adamam, bax, iki əlim, iki qulağım, hətta iki gözüm var. Diktofonu çıxar ağzımdan, rahat danışa bilmirəm.

 

- Ümid edirəm, həyəcanımı başa düşürsünüz. Artıq 10 ildir Türkiyə boyda dövlətin taleyini demək olar ki, təkbaşına çiyinlərinizdə daşıyırsınız. Çətin deyil?

 

- Bilirsən, Anar, əsas odur ki, insanın içində bir vətən sevgisi olsun. Xəbərin var, mən bu vətən üçün kişiyə yaraşmayan bir hərəkət elədim – estetik əməliyyat keçirirək, üzümü dəyişdirdim, ailəmdəm, sevdiyim qızdan, yengən olsun, Əlifdən imtina elədim, hətta ən ağırı, anamın bişirdiyi, o üzərinə pul bibər töküb isti-isti içdiyim mərcimək supundan belə imtina elədim. Nə üçün? Vətən üçün! Vətən mənə oğul desə, nə dərdim? Mamır olub, orasında bitərdim!

 

- Harasında?

 

- Sizdə harasında bitənə yaxşı baxırlar? Dedim, birdən elə yer deyərəm ki, yaxşı oğlanlar pis başa düşər. Özüm ümumi dedim ki, hər kəs özünə görə bir yeri uyğun görsün.

 

- Polad usta, Allah ölən arvadlarınıza, sevgililərinizə və uşaqlarınıza rəhmət eləsin. 10 ildi elə bir ucdan əkirsiniz, amma cəmi bir qızınız salamat qalıb. Allah güc versin, bu qədər faciə yaşamış adamsınız, vətən qəfildən çönüb sizə oğul deməsəydi, dünyaya bir daha gəlsəydiniz, yenə Polad Ələmdar olardınız?

 

- Bilirsən, dost, sevmək sevməkdirsə, sevməmək sevməməkdir, mən sənin üçün yaşamağı gözə almışam, bir kərə yüksələn bayraq bir daha enməz və ölən ölüb, qalan sağlar bizimdir, arvaddan çox arvad var, biri ölür, gedib o birisini tapıram. Bana karımı yok, lan?!

 

- Əkdiyiniz bir ton uşaqdan cəmi biri sağ salıb. Allah ona can sağlığı versin, gözəl baladır. Amma ona da ilk sevgiliniz, sizin türkçənizdə yengəm olsun, Əlifin adını qoymusunuz. Azərbaycanda yaxşı oğlanlar arasında bir fikir var ki, özünə hörmət edən adam qızına sevdiyinin adını qoymaz. Siz niyə belə etdiniz?

 

- Qəlbimi qırırsan, axı sən ki bilirsən, mən Elifə barmağımın ucu ilə də toxuna bilmədim, nakam söndü məhəbbətim (gözləri dolur. Məni də ağlamaq tutur, it peşmanı oluram verdiyim suala görə - A.G.). Eliflə biz bacı-qardaş kimi idik. Onun sevgilisi mən yox, məndəki rəhmətlik mən – Əli idi. Elif Əlinin sevgilisi, mənim bacım idi. Ona görə də qızıma onun adını qoydum. Burdan sizin yaxşı oğlanlarlara da salam deyirəm. 

 

- Bakıda özünü yaxşı oğlan adlandıran bir qrup şəxs sizin barənizdə bir də onu deyir ki, siz düşməniniz olan Kiçik İsgəndərin saxladığı Tataroğlunun qızı İncini özünüzə arvad eləyərək, yaxşı oğlanlığa ləkə sürmüsünüz. Pis başa düşməyin, mən özüm liberalam, belə şeylərə görə sizə olan fanatlığım azalmır, ancaq elin ağzı torba deyil ki, büzəsən.

 

- Öz aramızdı dəə, İnci də bomba şey idi. Bunu yazmaq üçün demirəm, aramızda qalsın. Bilirsən, İsgəndər yengəni öldürmüşdü, mən də onu asandan sonra dedim, sən öl, ətağa, bu İncini mən də fırladacam. Sonra bir az fırlandıq, bir gün də gəldi ki, Polad, hamiləyəm, dedim, itin qızı, yenə kimnən hamiləsən, dedi, atamın goru səndən. Mən də dedim, cəhənnəm e, uşaq-zad da yoxdu, heç olmasa bu doğsun. O da heç qismət olmadı, bilirsən, yazıq öldü.

 

- Hə, ən yaxın dostunuz Abdülhey öldürdü özü də. El arasında belə söz-söhbət gəzir ki, Abdülheyin sizə qarşı başqa hissləri var. Belə, pis çıxmasın, guya Abdülhey o söz. İncini də qısqanclıq zəminində qətlə yetirib.

 

- Hamısı boş-boş şeylərdi. Fikir vermə. Abdülheyin elə olmadığına özüm şəxsən şahidəm. Yəni pis çıxmasın, 10 ildi bir yerdəyik, yediyimiz, içdiyimiz və digər fiziki proseslərimiz bir yerdədir. İndi özünün də sevgilisi var, bilirsən, hətta o qıza görə yaxşı oğlana yaraşmayan hərəkətlər edir. Keçən dəfə eşidirəm ki, karaokeyə gedib. Amma ola bilsin ki, Abdülheyin içindəki qadın İncini qısqandığı üçün onu öldürüb. Aramızda da heç nə yoxdu, sadəcə dostuq. Abdülhey mənim tipim deyil.

 

- Abi, mən səni yüksək səviyyədə milli qeyrət sahibi, başqasının ana-bacısına pis gözlə baxmayan biri kimi tanımışam. Amma ən yaxın dostunuz, rəhmətlik Məmati isə abi dediyi, yenə ən yaxın dostunuz, rəhmətlik Çakır qardaşımızın qızını sevib, onunla evlənirdi. Ayıb deyil sizinçün? Kişiyə yaraşan hərəkətdi bu? Məmatiyə qız tapmırdınız?

 

- (Qızarır. Hiss olunur ki, sualım ona güllə kimi dəyib. “Ben racon kesmem, kafa keserim” moduna girib – A.G.) Mən... mən... mən...

 

- Hə, nə mən, mən? Adamın ağzını belə cırarlar e. Yaxın adamların əskik-əskik işlərlə məşğul olur, siz də kişi-kişi gəzirsiniz.

 

- Sus... Bəsdi.. O biqeyrətin adını çəkmə mənim yanımda. Ona görə iki ildi başıaşağı gəzirəm. Qeyrətimi iki qəpiklik elədi mənim. Yaxşı oğlanların üzünə baxa bilmirəm. Çakır hər gün yuxuma girir. Deyir, gecə Xoreni yuxuda görmüşəm. Deyirəm, Xoren kimdi? Deyir, əsəbdən nə dediyimi bilirəm ki? Mənə deyir, qızımın namusunu qoruya bilmədin, onu o ... (burada leksikonumuza daxil olmayan bir sıra ana-bacının eşitməsi və oxuması məqbul hesab edilməyən söz və ifadələrdən istifadə edir – A.G.) Məmati mənim qızıma tamah saldı. Burda ilk dəfə sənə, Azərbaycan mətbuatına etiraf edirəm, Məmatini mən öldürdüm. Çox səbr elədim, çörək kəsmişdik, bir-birimizi ölümdən xilas eləmişdik. Amma toy günü dözə bilmədim, toy gecəsini fikirləşdikcə, beynimə qan vururdu, mən o toy gecəsində baş verə biləcəklərin hesabını Çakıra verə bilməzdim. Ona görə də uşaqlara tapşırdım ki, aradan götürsünlər, heç gecə-mecə də olmasın. Yaxşı da elədim, əlimin içindən gəldi, oxaaay. Ürəyinə, eşşək vursun kürəyinə. (Qəfildən bərkən gülür və eyni qəfilliklə də ağlamağa başlayır. Ağır travmadır – A.G.).

 

- Nəysə, mövzunu dəyişək. Sizi əsəbləşdirməyim. Siz Türkiyədə və dünyada baş verən siyasi prosesləri çox dərindən analiz edirsiniz. Zaman-zaman Azərbaycanda yaşanan olayları də dəyərləndirirsiniz.

 

- Mən siyasətə qarışmıram. Hahahahah. Şaka, lan, şaka. Qarışıram. Azərbaycan bizim qardaş ölkədir. Orada sevənlərimizin çox olduğunu bilirəm. Sizdə onlarla siyasətçi var ki, mənim çıxışlarımı izləyib, dünyada baş verən siyasi prosesləri analiz edirlər. Qardaşdı hamısı.

 

- Ad çəkə bilərsiniz?

 

- Adlarını dəqiq bilmirəm, amma Hüseyn, Əhmədoğlu, Oruc soyadlı siyasətçiləri tanıyıram.

 

- Ümumiyyətlə, Azərbaycanda gedən siyasi prosesləri necə qiymətləndirirsiniz? Bizim ölkənin müxalifətinə münasibətiniz necədir?

 

- Sizin camaatın çox pis bir xasiyyəti var. Hər şeyi siyasiləşdirirsiniz. Bu qədər siyasiləşdirməyin hər şeyi. Mədə-bağırsaq sisteminə də ziyandır bu qədər siyasiləşmək. 

Sizin müxalifətin demək olar ki, hamısını tanıyıram. 1992-93-də gəlmişdilər dəə. Gördük. Gecə saat 10-dan sonra küçələrə çıxa bilmirdik. Camaat çörək tapmırdı yeməyə. Sonra gəlib sizə müasir Azərbaycanı qurdular. Elçibəy də yaxşı insan idi, amma siyasətçi deyildi. Onu masonlar qoymadı işləməyə. Gladyonun işləridi hamısı.

 

- Dediniz, Azərbaycan müxalifətini yaxından tanıyırsınız. Yəqin, eşitmisiniz, Müsavat Partiyası Milli Şuradan çıxdı. Həm də deyirlər, Milli Şura Rusiya proyektidi. Bütün bunlar haqqında nə düşünürsünüz?

 

- Mən bayaq dedim, siyasətə qarışıram, ta bu qədər də yox dəə. Bunlar hamısı Azərbaycanı istəməyən xarici qüvvələrin işləridi. Müsavatı da onlar çıxardıb Milli Şuradan. Amma yaxşıdı yenə, 360 milyon əhalinin borcunu siliblər. Mən siyasətə çox qarışıram, deyəsən. Çox qarışdırma məni siyasətə. Konkret siyasi “quş”lar buraxıram, ətağa. Ağzımı cırmasalar yaxşıdı.

 

P.S. Bu yazı Lent.az-ın “Anti-şou” adlı layihəsi çərçivəsində yazılmışdır. Layihədə oxuduğunuz və oxuyacağınız bütün şəxs və qurumlar tamamən xəyal məhsuludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8489
avatar

Anar Gəraylı

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47