Azərbaycanlı müğənni İlahə İbadova bu gün paytaxt məkanlarının birində özünə ad günü keçirib.
Lent.az-ın məlumatına görə, aparıcı Saleh Bağırovun təqdimatı ilə başlayan doğum günündə ilk öncə səbəbkar çıxış edib: “Əslində televiziya adamları, müğənnilər kamera önündə daha sərbəst olurlar. Amma nədənsə mən bu gün çox həyəcanlıyam. Xoş günümə yalnız seçdiyim dostlarımı dəvət etmişəm. Sayıb, gələn hər kəsə minnətdaram”.
Gecəyə şou biznesin bir çox tanınmış simaları, xalq artisti Nazpəri Dostəliyeva, müğənnilərdən Elçin Hüseynov, Kərim Abasov, Yaşar Yusub, Emil Bədəlov, Şəbnəm Əsədova, Zenfira İbrahimova, Humay Qədimova, Rahidə Baxışova, Əbdül Xalid, qarmon ifaçısı Gülbahar Şükürlü, rəqqasələr Fatimə Fətəliyeva, Aytən, prodüser Təranə Səmədova, aparıcı Vüsalə Əlizadə və başqaları gəlmişdi.
Ad günündə ən yadda qalan məqamlardan biri də xalq artisti Nazpəri Dostəliyeva ilə müğənni Kərimin şıdırğı rəqsi oldu.
Digər yadda qalan məqam isə sonda İ.İbadovaya sürpriz zinət əşyası və buket gül hədiyyəsinin gəlməsi oldu. Hədiyyənin kim tərəfindən göndərildiyini müğənnin özündən soruşduq. İfaçı isə hədiyyənin kim tərəfindən göndərildiyini demək istəmədi: “Hədiyyəni kim göndərdiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, həmin şəxs hər zaman mənə diqqət göstərir. Ümumiyyətlə özəl günlərimdə sürpriz hədiyyələri sevirəm”.
Qeyd edək ki, İ.İbadova xalq artisti Əlibaba Məmmədov və Qəzənfər Abbasovun tələbəsidir.