Onlar sənətçi, siyasətçi, yazıçı kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.
Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir. Qonağımız müğənni Nadir Qafarzadədir.
- Dəvəçi rayonunun Yenikənd kəndində dünyaya gəlmişəm. Atamın işi ilə bağlı orda yaşamışıq. Bir yaşım olanda dədə-baba yurdumuz Xızı rayonuna köçmüşük. Orta təhsilimi Xızı rayonunun Sitalçay qəsəbəsindəki orta məktəbdə almışam. Həmin vaxt Sitalçay qəsəbəsi Abşeron rayonun tabeliyində idi. Orta təhsilimi başa vurduqdan sonra, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olmaq istəyirdim. Amma sənədlərimi toplayana qədər gec oldu və qəbul ola bilmədim. Ehtiyac ucbatından Giləzi quşçuluq fabrikində çalışmağa başladım. Sonra da hərbi xidmətə çağırıldım. 1989-1991-ci illərdə Rusiyanın Murmansk vilayətində dəniz qüvvələrində hərbi xidmətdə oldum.
“Nizami Rəmzi anama dedi ki...”
- Xalamın əri kombaynçı işəyirdi. Mən də yay tətilində onun yanında köməkçi işləyirdim və mənə 100 manat pul yazılırdı. Hətta bir dəfə zədə də almışam. Bundan sonra həmin işə getmədim. Pul qazanmağım ondan da qabaq olub. 9 yaşım olanda meyxana ustası Nizami Rəmzi bizim kəndə qonaq gəlmişdi. Nizami müəllim qonşumuzla dost idi. Qonşumuz gəlib anamdan xahiş etdi ki, Nadir gəlib oxusun, Nizami Rəmzi onun səsinə qulaq assın. Mən də onun yanında “Sarı bülbül”, “Ana Kür” mahnılarını oxudum. Nizami müəllim məni dinlədikdən sonra anama dedi ki, bacı, icazə verin bunu özümlə toylara aparım. Anam razılaşdı və mən toylara getdim. Toydan evə ilk dəfə gətirdiyim 120 manat pul oldu, onu da anama verdim. Onu da qeyd edim ki, həmin dövrdə artıq atam dünyasını dəyişmişdi. Sonradan AzTV-nin nəzdindəki “Qırmızı qərənfil” ansamblında oxumağa başladım. Efirdə ilk çıxışım isə 12 aprel 1983-cü ildə Ofeliya Sənaninin təqdimatında olub.
“Özümü Məmmədbağıra oxşadırdım”
- İçimdə bir aktyorluq həvəsi də vardı. Orta məktəbdə şagirdlər müxtəlif tamaşalarda oynayırdı. Mən də “1905-ci ildə” əsərində İmamverdi, “Vaqif” dramında Vaqif obrazlarını canlandırmışam. Bundan başqa Hitler obrazını da Azərbaycanda ilk oynayan mən olmuşam. Onu da qeyd edim ki, ölkəmizdə indiyə qədər heç bir aktyor bu obrazı yaratmayıb. Hətta “Space” televiziyasında Vaqif Mustafayevin layihəsi olan “Qaç Nadir, qaç” filmində baş rolu canlandırmışam. Uşaq ikən özümü xalq artisti Məmmədbağır Bağırzadəyə oxşadırdım. Aktyorlardan Rasim Balayev, Əlabbas Qədirov, Həsən Məmmədov, Siyavuş Aslan, Yaşar Nuri kimi sənətkarların yaratdığı obrazları çox sevirdim.
“Bağçaları yoxlayırdım”
- Hərbi xidmətdə olarkən bacım mənə 20 yanvar hadisələrini özündə əks etdirən xeyli sayda qəzeti göndərmişdi. Mən o materialları oxuyarkən komandirimiz gördü və məni danladı. Mən də başladım həm rusları, həm də erməniləri təhqir etməyə. Çünki çox pis olmuşdum. Komandir isə əvəzində qayıdıb mənə dedi ki, sənə heç nə etməyəcəm, ancaq hərbi hissəni ən sonuncu sən tərk edəcəksən. Elə də etdi. Hərbi xidməti də başa vurduqdan sonra, ali təhsil almaq üçün artıq gec idi. Əsgərliyi bitirdikdən sonra Dəmir Yol Texnikumunda iqtisadiyyat və mühasibat uçotu ixtisası üzrə təhsil aldım. Amma açığı, həvəsim də yox idi, sadəcə əlimdə diplom olsun deyə, adıçəkilən texnikumda oxudum. Texnikumu bitirdikdən sonra Dəmir Yol İdarəsinin Təhsil Şöbəsində mühasib, inspektor vəzifələrində çalışmağa başladım. İnspektor kimi bağçaları yoxlayırdım. Amma maaşım çox az idi. Həm maaşın azlığı, həm də həvəsimin olmaması səbəbindən ordan uzaqlaşmalı oldum. Daha sonra kiçik kafelərdə, restoranlarda çalışmağa başladım. Özüm Keşlə qəsəbəsində “gecəqondu” deyilən ərazidə yaşayırdım. Orada ancaq elektrik qatarı gedirdi, o da gecə 11-ə qədər işləyirdi. İndiki Fəhlə prospektindən evimizə qədər piyada gedirdim ki, taksiyə pul verməyim, qazandığım pulu evə aparım. Onu da deyim ki, mən Asəf Zeynallı adına Texnikumu bitirmişəm. Hər zaman öz əlimin zəhməti ilə qazanmışam, əziyyətli günlərim çox olub. Mən uşaqlıq, gənclik görməmişəm.
“Erməni müəllim mənə icazə vermirdi”
- Mən müğənni doğulmuşam. Bəziləri çıxıb efirdə deyir ki, oxumağa təzə başlamışam. İnsan oxumağa təzə başlamaz, insan anadan müğənni doğulmalıdır. İnsana səs torpaqdan gəlir.
Müəllimlərim hər görüşəndə mənə deyirlər ki, Nadir, səninlə fəxr edirik. Hətta direktorumun qızının toyunda da mən oxumuşam. Alla adında bir erməni müəllimim var idi. Bizim kənddə çoxdan yaşayırdı. Artıq bizim adət-ənənələrimizi götürmüşdü, ona erməni kimi baxmırdıq. Amma hərdən erməniliyini büruzə verirdi. Bakıya ansamblın məşqlərinə gəlmək üçün ondan icazə alsam da, o icazə vermirdi. Sanki qısqanırdı.
“Övladlarım bu sənətdən kənardır”
- Mənim yaşadığım həyatla övladlarımın yaşadığı həyat arasında fərq var. Böyük oğlum dörd dil bilir və bu il İngiltərədəki universitetlərdən birinə bank işi ixtisasına qəbul olub. O, futbolçu olmaq istəyirdi, müxtəlif futbol klublarında məşq edirdi. Amma mən onun futbolçu olmağını istəmədim. Televiziyadan, həm də şou-biznesdən kənardır. Kiçik oğlum oxuya bilsə, müğənni olmasına icazə verəcəyəm.
“Şou-biznesdə dost söhbəti yoxdur”
- Hansı müğənni deyirsə ki, filan müğənni mənim dostumdur, yalan deyir. Özü də şou-biznesdə. Bütün peşələrdə bu var. Çünki biri-birilərinə rəqibdirlər. Harada pul var, orda dost yoxdur.
İndiki zamanda sənət gəlmək çox asandır. Xüsusən də qızlar üçün. Qısa müddətdə bahalı maşınlar alırlar. Amma mən populyar olduqdan sonra, 2004-cü ildə maşın almışam. Bəzən bir müğənninin bir neçə sponsoru olur. Onlar da sənətdən uzaq adamlardırlar. İstedadlı gənclərimiz də çoxdur, amma pulları yoxdur.