Müğənni Mətanət Əsədova maraqlı etiraf edib.
Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, ATV-də yayımlanan verilişin qonağı olan ifaçı yol hərəkət qaydalarını tez-tez pozduğunu deyib. O, aparıcının “Qaydaları pozursan, maşını hansı sürətlə idarə edirsən?” sualına belə cavab verib:
“Düzünü deyəcəm, bunu mənim haqqımda çox deyirlər. Mənə hətta “Kaskadyor” filminə çəkilmək də təklif edilib. 220 sürət mənim üçün heç nədir. Elə olur ki, sükan arxasında evdəkilər yığır, elə bir söz deyirlər ki, düşünmürlər ölə bilərəm. 260-270 sürətlə getdiyim vaxt da olur. Çox pis sürücüyəm. Yol sürücülük mədəniyyəti var. Hərdən özümü danlayıram ki, niyə bu qədər mədəniyyətsizsən? Cərimələrim çoxdur. Radara da tez-tez düşürəm. Bilirəm, həm özüm üçün, həm də qarşı tərəfə təhlükə yaradıram”.
Verilişin digər qonağı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev M.Əsədovanın bu sözlərinə təəccübünü gizlədə bilməyib:
“Xanım hansı yolda 260 sürüb? Bizdə sürücülər qayda pozmağı qəhrəmanlıq kimi qiymətləndirir. Onu yoxlamaq lazımdır, həqiqətən o sürətlə idarə edib, ya yox”.