İlhamə Quliyeva oğlunun toyundan danışdı - MÜSAHİBƏ
22 aprel 2013 02:46 (UTC +04:00)

İlhamə Quliyeva oğlunun toyundan danışdı - MÜSAHİBƏ

Xalq artisti İlhamə Quliyeva oğlu Orxanın toyunun təfərrüatları barədə Press24.az-a danışdı.

 

- İlhamə xanım, deyəsən, bu toy hazırlıqları sizi yaman yordu...

 

- Bəs necə? Son vaxtlar başım yalnız buna qarışmışdı. Artıq iki ay idi ki, toya hazırlaşırdıq. Toyun bütün təşkilatı işləri ilə tanınmış prodüser Tolik məşğul olurdu. Tolik mənim üçün həmişə Azərbaycanın bir nömrəli prodüseri olub və ona görə də belə bir məsuliyyətli işi ona həvalə etmişdim. Mətbuat katibim Faiq Ələkbərli də mənə dəstək verdi, hər dəqiqə yanımda idi. Qonaqların dəvəti ilə şəxsən o, özü məşğul idi. Toyun gözəl keçməsində bu iki insanın böyük zəhməti oldu.

 

- Oğul anası kimi çox həyəcan keçirdiniz?

 

- Əlbəttə. Çox həyəcanlı idim. Gözümün ağı-qarası bir oğlum var. Gör neçə ildir ki, səbirsizliklə bu günü gözləmişəm. Hansı ana həyəcanlanmaz ki, balasının toyunda?

 

- İndi keçək əsas məsləyə. Yəqin ki, hansı qonaqların dəvət olunacağına şəxsən özünüz nəzarət etmisiniz?

 

- Mən sənət adamıyam. Tükəzban xanımın, Həbib müəllimin ruhu şad olsun deyə, məclisə Azərbaycanın bütün böyük sənətkarlarını dəvət etmişdim. Habil Əliyev, Arif Babayev, Ağaxan Abdullayev, Canəli Əkbərov, Əlibaba Məmmədov, Razi Şükürov, Səkinə İsmayılova, Aygün Bayramova, Nəzakət Teymurova, Bəsti Sevdiyeva, Rəmiş kimi bütün gözəl sənət ustalarımız toyda iştirak edirdilər. Sizə deyim ki, siyahı ilə 350 dəvətli olsa da, məclisə 600 nəfərə yaxın qonaq gədi.

 

- Məclisdə kimlərin ifaları səsləndi?

 

- Toyu Murad Dadaşov idarə edirdi. Səməd Səmədov, Abbas Bağırov, Cavanşir Məmmədov, Natəvan Həbibi, Röya, Elnur, Sevda Ələkbərzadə öz gözəl ifaları ilə qonaqları feyziyab etdilər. Amerikadan tanınmış bir pop qrupun üzvləri gəlmişdilər, onlar oxudular. Maraqlı alınsın deyə, Lənkərandan nənələri dəvət etmişdim. Qonaqlar onların ifalarını böyük maraqla qarşıladılar. "Tı kto takoy, davay do svidaniya" meyxanası ilə məşhurlaşan İntiqam və Ehtiram qardaşları da var idi. Çox şən proqram alındı. Toy gecə saat 2-dək davam etdi.

 

- İlhamə xanım sənət adamları öz yerində. Bəs ölkənin tanınmış ictimai-siyasi xadimlərindən toyda kimlər var idi?

- Bir çox millət vəkilləri, Prezident Aparatının nümayəndələri iştirak edirdilər. Amma adlarını açıqlamaq istəmirəm.

 

- Hər şey ürəyinizcə oldumu?

 

- Əlbəttə. Zalın dekorasiyasından tutmuş süfrədəki təamlara qədər hər şey ürəyimcə oldu. Çox super alındı. Jurnalistlər də yazırlar ki, son illərdə hələ belə elit toy olmamışdı. Mən də düşünürəm ki, hər şey çox qeyri-adi idi - qonaqlardan tutmuş toyun proqramına kimi. Bir daha toyun gözəl təşkilində zəhməti keçən hər kəsə minnətdarlığımı bildirirəm.

 

- Toyda sizi təəccübləndirən qeyri-adi hədiyyə oldumu?

 

- Məni təəccübləndirmək mümkün deyil. Çünki həyatda hər şey görmüşəm. Qeyri-adi hədiyyə o oldu ki, Vadim və Valeri İlişayev qardaşları Rusiyadan uzunluğu 3 metr, hündürlüyü 2 metrliyində kareta formasında gözəl bir tort sifariş vermişdilər. İndiyə kimi heç bir toyda belə tort görməmişdim. Bu, mənim çox xoşuma gəldi. Qonaqlar üçün də sürpriz oldu. Qalan heç nə məni təəccübləndirmədi. Dediyim kimi, həyatda hər şeyi görmüşəm, gözü tox insanam.

 

- İlhamə xanım, gəlininiz oğlunuzun öz seçimidir, yoxsa onları siz tanış etmisiniz?

 

- Bu, oğlumun sirf öz seçimidir. Onlar bir-birlərini çox sevirlər. Artıq 4 ildir ki, tanışdırlar. Beşinci ilə keçir ki, bir yerdədirlər. İlk gündən oğlumun seçimini dəstəkləmişəm.

 

- Gəlin-qaynana münasibətləriniz necədir?

 

- Çox gözəl. Gəlinim adı Arifədir. Arifə xanım Memarlıq və İnşaat Universitetində dərs deyir. Çox yaraşıqlı, mədəni, tərbiyəli qızdır. Səliqə-sahmanı da öz yerində. Oğlumun seçimini mən də bəyənirəm. Çox yaxşı gəlindir. Münasibətlərimiz də əladır.

 

- Onlar sizinlə bir evdə yaşayacaqlar?

 

- Xeyr. Onların öz evləri var. Ayrı yaşayacağıq. Bu, həm onlar üçün rahat olar, həm də mənə.

 

- Yəqin ki, bal ayını harada keçirəcəklərinə artıq qərar veriblər...

 

- Hələ ki, Bakıdadırlar. Amma bal ayına getməyi düşünürlər. Mən bildiyimə görə, özləri nəsə fikirləşiblər. Deyəsən, Birləşmiş Ərəb Əmirliklərində istirahət etmək istəyirlər. Bu həftə qəti qərar verəcəklər.

# 3260
avatar

Oxşar yazılar