Azərbaycanlı müğənni Rəşad İlyasov müəyyən müddətdən sonra yenidən aparıcılıq edəcək. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, illər öncə çalışdığı “AZTV” telekanalında veriliş aparacaq: “Dövlət tərəfindən etimad göstərildi mənə. Çalışacağam ki, bu etimadı doğruldam. Hazırda dekorasiya hazırlanır. Həftədə 1 dəfə yayımlanacaq verilişdə aparıcılıq edəcəyəm. Proqram zamanı Azərbaycan musiqisində öz sözünü demiş, iz qoymuş, habelə hazırda fəaliyyətdə olan sənətkarlar barədə danışılacaq. Verilişin adı hələ ki, müəyyənləşməyib. Proqram 1 saat yarım olacaq. Yalnız canlı musiqilər səslənəcək”.
İfaçı onu da əlavə edib ki, yeni yayımlanacaq verilişdə Azərbaycan musiqisinin bu günə qədər görülməyən tərəfləri müzakirə edilib, təqdim olunacaq: “Bu gün bir çox gənclərimiz Azərbaycan musiqisindən xəbərsizdirlər. Düşünürəm ki, biz öz musiqimizi daha yaxşı tanımalıyıq. Yeni nəsil bilməlidir ki Azərbaycan musiqisi hansı kökə əsaslanır. İnşallah verilişimizin bu yöndə müsbət təsiri olacaq”.
Qeyd edək ki, R.İlyasaov 2006 ci ildən 2010-ci ilə qədər “AZTV” telekanalında “Səhər musiqi-informasiya proqramı”nın aparıcısı olub.