Azad Azərbaycan Teleradio Şirkətinin “106.3 FM” radiosunun keçmiş rəhbəri, teleaparıcı Emin Musəvi layihələrini Lider TV-də davam etdirəcək. Lent.az-ın məlumatına görə, Emin Musəvi vaxtı ilə ATV-də müəllifi olduğu “Rəsmilər qeyri-rəsmi” layihəsini bundan sonra Lider kanalında həyata keçirəcək. Teleaparıcı Lent.az-a açıqlamasında bildirib ki, o, yeni layihəsini yeni formada təqdim edəcək: “Liderdə işçi kimi olmayacağam, sadəcə olaraq yeni layihələrimi Lider TV-də həyata keçirəcəyəm. ATV-də həmin layihə “Rəsmilər qeyri-rəsmi” adlandırdı. Burada isə “Rəsmilər” adlanacaq. Tamam yeni formada layihə hazırlanacaq”.
Qeyd edək ki, E. Musəvi avqust ayında ATV-dəki işindən istefa verib. Sentyabr ayından isə Diasporlarla İş Üzrə Dövlət Komitəsində çalışır.
Xatırladaq ki, Emin Musəvi bundan əvvəl "Space" telekanalında aparıcı kimi çalışıb. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib, 8 il radioda çalışıb. ATV-də “Rəsmilər qeyri-rəsmi”, “22-ci saat” kimi müəllif verilişləri hazırlayıb.