Bu gün reper Hüseyn Dərya Beynəlxalq Mətbuat Mərkəzində (BBM-də) mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, reper mətbuat konfransında ifa etdiyi “Vətənim Azərbaycan” mahnısına çəkilmiş klipi təqdim edib. Mətbuat konfransında Hüseyn layihəsindən söz açıb: “Bu klipi çoxdan çəkmək niyyətində idim. Klipin rejissoru özüm olsam da bu işdə mənə operatorumuz Asif Axundov da kömək oldu. Bu layihədə mənimlə bərabər Ramiz Quliyev və Cabir Abdullayevin də zəhməti var. Çəkilişlər Bakıxanovda yerləşən bərbad bir ərazidə çəkildi, süd kombinatı yerləşən ərazidə. Amma bizim çəkilişdən sonra həmin yeri təmir etdilər. Necə deyərlər ayağımız düşdü. Ekran işində Azərbaycanın köhnə filmlərində olan kadrlar da yer alıb ”.
Tarzən Ramiz Quliyev də öz təəssüratlarını bölüşüb: “Mən Hüseyn Dəryanı yaxından tanımırdım. Hüseynə telefonda dedim ki, bu vətənə aid bir layihədirsə təmənnasız iştirak etməyə hazıram. İndi bir çoxları təmənna ilə dəstək olur. Hüseyni təbrik edirəm. Bu işə görə mənə çox yalvardın, ancaq onsuz da mən bu layihədə iştirak edəcəkdim. Çünki, vətənpərvərlik mövzusunda idi. Hüseyn Dəryadan keçəcək işim yoxdur,amma bu işini bəyəndim”.
Əməkdar artist Cabir Abdullayev də düşüncələrini bölüşüb: “Sözün açığı Hüseyndən acığım gəlirdi. Bu layihəni mənə təklif edəndə rayonda idim. Dedim ki, Hüseyn Bakıya gələndə baxaram. Dediyim kimi də etdim. Mahnı ilə tanış oldum, xoşuma gəldi, oxudum. Vətənpərvərlik mövzusunda olan bir layihədə iştirak etdiyimə görə şadam”.
Qeyd edək ki, klipin operatoru Asif Axundov, rejissoru Hüseyn Dərya olub.