Xalq artisti İlhamə Quliyevanın adını çəkmədən barəsində irad söylədiyi həmkarı Brilliant Dadaşovadan xəbər var. Lent.az-ın məlumatına görə, B.Dadaşova “Atv maqazin” verilişində İ.Quliyevanın adını çəkmədən ona cavab verib: “Qənaətə gəlmişəm ki, bu sənətə yeni gələnlərlərdən başqa yaşlılar da adımı çəkib, gündəmə gəlmək istəyirlər. Mən istəsəm də, istəməsəm də belə olacaq, normal şeydir. Buna öyrəşmişəm. Həmin fikirlər mənə maraqlı deyil. Ağızlar torba deyil ki, büzüm. Hər ağızdan, hər başdan bir fikir gəlir. Hər adam öz mənəviyyatını göstərir. Bu sadəcə gülməlidir. Mən də güldüm. Təkcə mən yox, milyonlar gülür".
B.Dadaşova İlhamə Quliyevanın onun paltarına "ilişməsi"nə də münasibət bildirib: "Türkiyədə olanda Ajda Pekan balıq yeməyə dəvət etdi, mən də getdim. Sonra gəldik onların evinə. Ona dedim ki, bu yaxınlarda konsertdə geyindiyiniz libas çox xoşuma gəldi. O da dedi ki, “götür, verirəm sənə”. Mən də dedim ki, “Ajda xanım, yox istəmirəm, özünüzə qismət olsun”. Beləliklə o libasını mənə bağışladı. Amma mən olsam, öz libasımı heç kimə bağışlamaram”.
Qeyd edək ki, B.Dadaşova “10-lar” verilişində demişdi ki, Türkiyənin tanınmış müğənnisi Ajda Pekan ona geyimini bağışlayıb. İ.Quliyeva isə bu olayı nəzərdə tutaraq demişdi: “Ad çəkmək istəmirəm. Sadəcə bəzi məlumatları oxuyub, heyrətlənirəm. Başqa sənətçinin geyilmiş paltarını geyib, bununla öyünmək, bununla piar olunmaq nə dərəcədə düzgündür? Bununla özünü xoşbəxt sanmaq olarmı? Halbuki, həmin ifaçı Azərbaycanda olanda icazə vermədi ki, sən onunla şəkil çəkdirəsən. Bunu bütün Azərbaycan gördü. Maqazin verilişlərində biz də bunu müşahidə etdik. Başa düşə bilmirəm həmin paltar necə sənə gəlib çatıb? Bu, ya sevgidir, ya yaltaqlıqdır, ya da ki, təzə piar üsuludur? Mən həmin adamın yerinə xəcalət çəkdim. Bu Azərbaycanda sənətkarların adına xələldir. Həmin adını belə çəkmək istəmədiyim adama bir sual vermək istəyirəm. Sən heç o paltarı geyinəndə utanmadınmı? Utanıb, xəcalət çəkmədinmi? Ancaq mən sənin yerinə çox xəcalət çəkdim”.