Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Fərid Mərd qardaş ölkədəki işlərindən söz edib. Lent.az-ın məlumatına görə, türkiyəli tanınmış şairə Aişə Birgül Yılmazla dost olan müğənni onun sayəsində Türkiyənin tanınmış ENBE orkestri ilə işbirliyinə başlayıb: “Aişə xanımın vasitəsilə ENBE orkestrinin rəhbəri Behzat Gerçekerle tanış oldum. Daha sonra onlardan təklif aldım. O vaxtdan ENBE-nin solistiyəm”.
Fərid Türkiyənin bir çox şəhərlərində keçirilən konsertlərdə uğurla çıxış etdiklərini və orkestr rəhbəri, eləcə də üzvlərinin ondan məmnun olduqlarını bildirdi.
Qeyd edək ki, azərbaycanlı müğənni bu yaxınlarda TRT kanalında türk müğənnisi Kubatla “Sarı gəlin” xalq mahnımızı ifa edib. Həm də mahnılar bəstələdiyini deyən Fərid bildirdi ki, bəstələrini yaxın vaxtlarda Türkiyənin bir neçə tanınmış sənətçiləri ifa edəcək. Bundan başqa, yeni ildə müğənnimizin ENBE ilə birgə Azərbaycanda konserti planlaşdırılır.