“Bir vaxtlar əlimdən heç kim tutmadı. Həmişə tək irəlilədim, amma sonda istəyimə nail oldum”. Bu sözləri Lent.az-a Türkiyədə olan xalq artisti Aygün Kazımova deyib: “Bir ifaçıya dəstək olmaq çox gözəl bir şeydir. Düzdür, bunu mən illərdir bir çoxlarında görmədim. Peşəkar səhnəyə ilk addımlarımı atdığım zamanlarda da mənə dəstək olmadılar. Amma gecə-gündüz çalışdım, musiqi təhsilimi davam etdirdim. Çünki, hədəfə çatmaq istəyirdim. Şükürlər olsun ki, öz xarakterim sayəsində istədiyim nəticələrə nail oldum. Lakin istədiyim nəticəni əldə edib, yerimdə dayanmıram. Heç bir şeyə baxmadan daim irəli. Bu zaman hər şey əla olacaq. Mən belə edirəm”.
Aygün sonra onu da əlavə edib ki, noyabrın 8-də “Hollivud” restoranında türkiyəli Sinan Akçılla verəcəyi konsert öncəsi hər şey öz qaydasındadır: “Ayın 8-də Sinanla birgə verəcəyim konsert öncəsi hazırlıqlar nömrə bir təşkilatçı Nahid Emiloğlunun sayəsində öz qaydasındadır. Konsertdə elə sürprizlər olacaq ki, gəl, görəsən. Gecəyə gələnlər məni çox fərqli görəcəklər. Sianla “Fark atıyor” duetimizi də ilk dəfə bu konsertdə oxuyacağıq. Amma səhnəyə çıxanda tamaşaçılar məni tanımayacaqlar. Deyəcəklər, bəs Aygün hanı? Çünki çox dəyişmişəm. Səbir edin, doqquz gündən sonra yeni Aygün Kazımovanı görün”.
Konsertin informasiya dəstəkçisi Lent. az, yayım hüququ isə Lider telekanalına məxsusdur.