Reper Anar Nağılbaz Almaniyada yaşayan müğənni İradə İsakova və meyxanaçı Farizlə duet oxuyub. Bu məlumatı Lent.az-a reper özü verib. Onun sözlərinə görə, yeni ifa etdikləri “Cadugər” repi meyxana, rep, arenbi janrının birləşməsindən yaranıb: “Azərbaycanda meyxana və arenbi musiqisi ilə rep deyilmişdi. Lakin rep, arenbi və meyxana bir arada olmamışdı. Biz üç fərqli musiqi janrını birləşdirdik. Bu musiqi parçasında dövlətli qızla kasıb bir oğlanın dialoqu var. Dövlətli qız öz təbəqəsində bir oğlan axtarır, kasıb oğlan isə qızı əldə etməyə çalışır. Mən də bu hadisələrə nağılçı kimi arada öz münasibətimi bildirirəm. Düşünürəm ki, çox maraqlı bir iş ərsəyə gəldi”.
Reper daha sonra duet ortaqlarından söz açıb: “İlk növbədə İradə xanıma və meyxanaçı Farizə təşəkkür edirəm ki, dəvətimə müsbət cavab verdilər. İnşallah, iş birliyimiz axarıncı və davamlı olacaq. Avropada və ölkəmizdə konsert verməyi də planlaşdırırıq ”.