Daim qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə diqqət mərkəzində olan müğənni Nadir Qafarzadə bu gün Ukraynaya yola düşüb. Lent.az-ın məlumatına görə, ifaçının paytaxtı tərk etməsinə səbəb yaradıcılığında olacaq yeniliklə bağlıdır.
Ukraynaya getmədən bir neçə saat öncə müğənni son günlər qalmaqallarda adının hallanmasına və Ukrayna səfəri barədə Lent.az-a danışıb: “Son zamanlar özüm də istəmədən məni söz-söhbətlərə saldılar. İndi də istəmirəm hər hansı söhbətə qayıdım. Bəzi insanlar, verilişlər məni qalmaqala salıb özlərinə reytinq yığmaqla məşğuldurlar. Bu oldu keçdi. Amma sizə deyə bilərəm ki, mən hər proqrama getmirəm. Hansısa proqramdan dəvət gələndə, soruşuram, “qalmaqal olmayacaq ki?” Bu işi menecerimə tapşırmışam. İndi də Ukraynaya yola düşürəm, çox sürpriz bir layihəm olacaq. Hər zaman ki, kimi öz işlərimlə pərəstişkarlarımı sevindirəcəm, gözləməyə dəyər”.