Bir ay öncə maşını vurulan əməkdar artist Cavanşir Məmmədov avtomobilinin fotosunun sosial şəbəkədə yayılmasından danışıb. Lent. az-a açıqlama verən müğənni şəkli yayanları anlamadığını söyləyib: “Bir ay bundan öncə İçərişəhərdə yolun kənarında avtomobilimi vurdular. Bu hadisəni əksər informasiya portalları yazdı. İndi isə qəzadan olan şəkli internetdə yayıblar. Bir ay sonra bu xəbəri gündəmə gətirməyin, nə mənası var? Mən içkili olmamışam ki? İnsanın başına hər iş gələ bilər. Amma eyni söhbəti nə qədər çevirmək olar? Maşın əzilib. Dünya dağılmayıb ki? Bir müddət bundan qabaq dedilər ki, Cavanşir maşın alıb. Hə alıb. Bu maşını erməni, gürcü almayıb ki? Azərbaycanlı alıb da. Necə olur ki,
“ən bahalı maşın kimdədir” sorğusu keçirilən zaman, digər müğənnilərin adını qeyd edirlər, mənim adımı yalnız maşınım qəzaya düşəndə deyirlər? İndi mənim adımı niyə yazırsınız? İki il öncə maşınımı Azərbaycana gətirəndə arxamca düşürdülər ki, maşınımın şəkilin çəksinlər,icazə vermirdim. İndi ayılıblar ki, Cavanşirin maşını var? Maşınımdan yazılması mənə xoş deyil”.
Qeyd edək ki, bir müddət bundan öncə müğənni C.Məmmədovun 10 HS 100 dövlət nömrə nişanlı “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobilini Metronun “İçərişəhər” stansiyası yaxınlığında 90 AT 972 markalı “London Taxi” arxadan vurmuşdu. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəymişdi.