Bu gün İsveçin Malmö şəhərində “Eurovision 2013” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçiriləcək.
APA-nın İsveçdə səfərdə olan müxbirinin verdiyi məlumata görə, məhz mayın 14-də Avropa səhnəsində çıxış edəcək ilk 16 ölkədən yalnız 10-u mayın 18-də baş tutacaq final yarışmasına vəsiqə qazanacaq.
Avropa musiqi aləminin ən nüfuzlu musiqi yarışması hesab olunan 58-ci “Eurovision” mahnı müsabiqəsinin ilk yarımfinal konserti yerli vaxtla axşam saat 21:00-da başlayacaq. Puşkatmanın nəticələrinə görə, birinci yarımfinal konsertinin ilk çıxışı “Shayn” mahnısı ilə Avstriyanı təmsil edən Natalia Kellynin üzərinə düşüb. Serbiyalı Moje qrupunun ifası isə bu gün “Eurovision” səhnəsində səslənən sonuncu çıxış olacaq.
Əlavə edək ki, bukmekerlərin rəylərinə əsasən, I yarımfinal konsertinin əsas favoritləri sırasında Danimarka təmsilçisinin şansları daha yüksək qiymətləndirilir. Beləliklə, Bakı vaxtı ilə gecə yarı başlayacaq müsabiqənin birinci yarımfinalında finala keçəcək 10 ölkə təmsilçisinin adı acıqlanacaq. Yarımfinaldan dərhal sonra isə püşkatma ilə 10 ölkə özünün finalda çıxış sırasını müəyyən edəcək. Bununla da müsabiqənin 5 sponsor ölkələri olmaqla ilk 15 iştirakçı ölkənin çıxış nömrəsi də müəyyən ediləcək.
Qeyd edək ki, bu gün builki müsabiqənin I, mayın 16-da II yarımfinal mərhələləri, 18-də isə final şousu keçiriləcək. Azərbaycan təmsilçisi mayın 16-da “Malmö Arena”da “Hold me” mahnısı ilə mübarizəyə qoşulacaq.