Bu yaxınlarda dünyasını dəyişən Türkiyənin məşhur sənətçisi Ferdi Tayfurun bacısı qızı və eyni zamanda meneceri olan Şirin Gözalıcı, dayısı ilə onun qızı Tuğçe Tayfur arasındakı gərginliklə bağlı açıqlamalar verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gözalıcı, Ferdi Tayfurun qızı Tuğçe Tayfurun şəxsi həyatı ilə bağlı yaşanan sensasiyalar səbəbilə soyadını kommersiya məqsədilə istifadə etməsini istəmədiyini bildirib. Həmçinin, Tayfurun qızının onun mahnılarını oxumasına da icazə vermədiyini deyib:
"Son dəfə sizə açıqlama verirəm, bir daha bu mövzu ilə bağlı danışmayacam. Dayımın vəfatından sonra yaşananlarla bağlı hədəf göstərilirəm. Mənə və ailəmə ağır təhqirlər edilir. Tuğçe ilə dayımın arasına mən girmişəm kimi göstərilir. Heç kim ata ilə qızın arasına girə bilməz. Dayım Tuğçenin soyadını istifadə etməməsi üçün məhkəməyə müraciət etmişdi deyə, məni günahlandırırlar. Elə bil, məhkəmə işini mən açdırmışam kimi bir təsəvvür yaradılır. Heç vaxt belə bir şey olmayıb. Dayım özü qərar verərək məhkəməyə müraciət etmişdi."
O, Ferdi Tayfurun qanuni varisi olmadığını bildirib:
“Dayımın pulunda və malında gözüm yoxdur. Maddi baxımdan onsuz da imkanlı bir insanam. Heç kim öz reklamı üçün mənim adımı istifadə etməsin. Mən könüllü olaraq həmişə dayımın yanında olmuşam. İndi isə dayımın yasını tuturam. İnsanlara çox üzülürəm, nə qədər acıdır ki, dayı və ya əmi kimi hissləri və bağlılıqları heç yaşamayıblar."