Lent.az Azərbaycan incəsənətinin heç zaman ailə qurmayan məşhurların siyahısını təqdim edir:
57 yaşlı Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynov heç vaxt ailə qurmayıb. O, şəxsi həyatından danışarkən bildirib ki, özünə uyğun bir xanım tapa bilməyib: “Hərdən mənə elə gəlir ki, budur, tapdım. Deyəsən, budur. Amma bir müddət keçəndən sonra...
Əslində insanlar bir-birində pis bir şey axtarmamalıdırlar. Çünki o əlamətlər hər adamda var və sən kimdə nəyi görmək istəyirsənsə, onu mütləq tapacaqsan. O baxımdan mən hələ tapmamışam – mənə uyğun gələcək, mənim olan yarımı... “Bu mənimdir, burda dayanmalıyam” dediyim çox az qadın olub, onlar haqqında da maraqlanmışam. Və elə anlar olub ki, səhv etdiyimi dərk eləmişəm. Deməli, hər şey hələ qabaqdadır. “Sevirəm” sözünü heç vaxt heç kimə deməmişəm”.
66 yaşlı Xalq artisti Nisə Qasımova da ailə qurmayan məşhurlardandır. O, şəxsi həyatda özünü uğursuz qadın sayır: “Alınmadı. Çəkdiyim əziyyətlər mənə yaxşı mahnılar qazandırdı, şəhanə sevginin nə olduğunu bildirdi. Hansı müğənni qadın istəməz ki, onun həyat yoldaşı, başının sahibi olsun? Bəxtim orada gətirdi ki, yaxşı ailənin övladı oldum. Bunlar şərtdir. Bacılarım, qardaşlarım məni danlayır, mühakimə edirdilər. Bugünədək beynimdə qalıb. Bununla barışdım. Ona görə ki, özüm də hiss etdim ki, məndən yaxşı ailə xanımı olmaz. Həssasam, daha çox hislərimlə və qəlbimlə yaşayıram. Sırf ağlı ilə yaşayan insanlar planlı olurlar”.
53 yaşlı Xalq artisti, tanınmış aktrisa Mehriban Zəki ailə qurmayıb və heç zaman da bu barədə danışmayıb.
48 yaşlı Əməkdar artist Teymur Əmrah da ailə qurmayıb. O, dəfələrlə açıqlamalarında ailə qurmaq istədiyini, hətta Xalq artisti Gülyaz Məmmədovaya evlilik təklifini etdiyini də deyib: “Bu günə kimi cəmi iki qız tələbəm olub: İradə İbrahimova və Sima Qasımova. Bəxtimdən tələbələrimin hamısı ailəli idi. Mənim üçün vizual görünüş əhəmiyyətli deyil, insani keyfiyyətlər daha vacibdir. Gülyaz xanımın tərbiyəsinə vurulmuşam. Onu sevəndə ailəli, bir övlad anası olduğunu bilməmişəm. Gülyazla birlikdə yaşaya bilərik, oğluna da baxaram. Onun özünə də bu təklifi etmişəm. Deyib ki, səni çox istəyirəm, amma mənim övladım var. Artıq yaş keçib, qovuşmaq bizdən uzaqdır”.
Müğənni Şəbnəm Tapdıq isə heç vaxt ailə qurmaq istəməyəcəyini deyib: “Bir dəfə bizə bir nəfər gəlmişdi. Gördüm ki, atamla elçilikdən, götürüb qaçmaqdan danışır. Mən də sakitcə qapının arasından qulaq asıram. Anam da gələn qonağa çay aparıb, çay gətirirdi. Anamdan soruşdum ki, bu, kim üçün gəlib? Dedi, sənin üçün. Mən də mətbəxdən bıçaqla çıxdım, dedim ki, bu dəqiqə qolumu kəsəcəm, çıx çölə”.
Şəbnəmdən fərqli olaraq aşıq Telli Borçalı evlənmək istədiyini, lakin özünə uyğun bir bəy tapa bilmədiyini deyir. Hətta o müsahibəsində bildirmişdi ki, o, yalnız əsəbi bir bəylə ailə qura bilər: “Ailə qurmaq, xoşbəxt olmaq istəyirəm. Amma sevdiyim yoxdu. Mən ölürəm də, kişi "nervinni", acıqlı, olsun, döysün məni. Əslində, kişi arvadı döyməlidir. Kişi ciddi, tələbkar olmalıdır. Səhvim varsa, meytimi sərsin yerə... Arvadı əri döyər, qonşunun kişisi döyməz ki... Elə arvad var, deyirsən ki, az, ərin işdən gəlib, dur da. Arvadın heç vecinə olmur. Ayağını ayağının üstə aşırıb, oturur. Amma mən istəyirəm ki, ərimin ləpirlərinin səsini eşidəndə artıq qapı arxasında dayanım. Qısqanc olmasın. Arvadağız olmasın”.
Əməkdar artist Razi Şükürov da bu günə qədər evlənməyib.
Müğənni Samir Bağırov isə öz taleyi ilə barışan məşhurlardandır. O, heç vaxt ailə qurmayacağını deyib.
Müğənni Rəhim Rəhimli də evlənməyib.
Əməkdar artist, skripkaçı Səlim Abbasov isə evlənməyə qız tapa bilməyənlərdəndir:
“Anam mənə deyir ki, hamını evləndirdin, özün subay qaldın. Evlənmək üçün anam, xalam bir neçə variantlar deyirlər, amma mən mıs-mıs adam deyiləm. Ola bilər ki, gözləmədiyim bir xanımla da ailə qura bilərəm. Sənətdə müəyyən uğurlarım var, əməkdar artistəm, evim, maşınım var. Bircə ailə qurmağım qalıb. Kaprizli biri deyiləm. Bir xanımda görmək istədiyim əsas xüsusiyyətlər bunlardır: mənə, valideynlərimə hörmət eləsin. Bunlar mənim üçün şərtdir. Sonra insan ailə quranda nökər almır. Bir də istəyərəm ki, atasına, anasına hörmət edən biri olsun”.
67 yaşlı müğənni Sərxan Sərxan da subaydır.
Şou aləmində xanımlardan aparıcılar Nanə Ağamalıyeva, Kəmalə Piriyeva, Nərgiz Məmmədova, müğənnilər Səidə Sultan, Azəri Günel Zeynalova, Xəyalə Manaflı, Günay İbrahimli, Aysel Əlizadə, bəylərdən Samir Cavadzadə, Elnur Hüseynovun üçün vağzalı sədası çalınmayıb.