Rəqs və öpüş musiqisi, dünyanı oynadan tvist və Çabbi Çekkeri öldürənlər... – ARAŞDIRMA – VİDEO
03 iyul 2011 12:30 (UTC +04:00)

Rəqs və öpüş musiqisi, dünyanı oynadan tvist və Çabbi Çekkeri öldürənlər... – ARAŞDIRMA – VİDEO

İyitminci söhbət

Son söhbətlərimizdə həmin pop illərinin araya-ərsəyə gətirdiyi, yaxşı saymaq mümkün olan nəsnələrdən söhbət açdım. Popda başqa nə vardısa, sadaladıqlarımdan xeyli pis idi. Aşağı əyarlı, zövqsüz nümunələr ayaq tutub musiqi bazarını əməlli-başlı bayağılaşdırmışdı - dinləyiciyə hər gün təklif olunan musiqilərin sürətlisi yalnız rəqs etmək, aramı isə öpüşmək üçün idi.

Bobbi Vi - Riki Nelson

Musiqiçilər də bölünmüşdü: Məsələn Bobbi Vi rəqs, Riki Nelson öpüşmək üçün oxuyurdu...

Səhnəyə yenicə gəlmiş bu müğənnilər cavan olmalarıyla fərqlənirdilər. O zamanın ulduzları onların vallarını milyon nüsxələrlə alanlardan heç də yaşlı deyildilər.
Məsələn, Riki Nelsonun ilk diski – “Teenagers Romans” 1957-ci ildə onluğa düşəndə, cəmi 17 yaşı vardı. O, səhnəyə asan yolla gəlmişdi: oğlanı həmin dövrün məşhur teleşousundan tanıyırdılar - valideynləri həmin şounun ulduzlarıydı. Odur ki, müğənninin musiqi karyerası uğurla davam edəndə, kimsə təəccüblənmədi. 1957-1964-cü illər arasında Riki Nelson bazara 20 hit çıxardı. Bu mahnıların eləcə adlarına diqqət yetirəndə, görürsən ki, hamısı standart pop formulu ilə hazırlanıb: gənclərin məhəbbətindən gənclərin oxuduğu gənclər üçün mahnılar...

Pol Anka

Amma Pol Ankanın yanında hətta Nelson belə, veterana bənzəyirdi. Pol Ankanın ilk və ən məşhur hiti – “Diana” bazara çıxanda onun cəmi 15 yaşı vardı! Bu bəstəboy vunderkind oxuduğu bütün mahnıların həmmüəllifi idi. İlk mahnısının dalınca Pol Anka dinləyicilərinə tinecerlərin qüssə himninə çevrilən neçə-neçə qəmli nümunə təqdim etdi...

Nil Sedaka

Başqa bir müğənni - Nil Sedaka da həmin dövrün qəliblərindən çıxa bilmirdi. Amma o, Pol Ankaya baxanda, müəyyən yumor hissinə malik idi. Onun məşhur “Breaking Up İs Hard To Do” (“Sevgilimlə üzülüşmək çətin işdir”) hitində müğənni öz etirafını bir məna daşımayan, amma ölməz bir misra ilə edirdi:
“dubi-dubi-dam,
dubi-dum-du-va,
Kamma-kamma-dam-dubi-du-dam-dau!”

Sedaka nə qədər qəmli mahnı oxusa da, özü heç vaxt ruhdan düşmürdü. Onun Brill Bildinqdəki hücrəsindən bazara səpələnən mahnıların sayı-hesabı yox idi...

Ümumən götürəndə, pop dövrü nə ifaçıdan, nə də dinləyicidən heç nə tələb etmirdi. Səhnədə lazım olan ən başlıca şey, musiqinin sədaları altında rəqsində səlis hərəkətlər etməkdi...

“American Bandstand”

Rəqsdə yeni dəbləri Dik Klarkın “American Bandstand” (“Amerika estradası”) şousu müəyyənləşdirirdi. Klark səhnəyə müntəzəm olaraq əla plastikaya malik yeniyetmələri çıxarırdı. Onlar da bircə rəqslə məşhurlaşırdılar. Həmin illərdə bütün ölkənin yeniyetmələri televiziya ekranları qarşısından çəkilmir, Karmen və Maykın, Co və Meri-Ennin rəqs hərəkətlərini əzbərləyərək, elə həmin gün də öz məclislərində, yığıncaqlarında təkrarlayırdılar. Qızlar da bütün həftəni bir-biriylə məşq edirdilər ki, şənbə günü rəqs meydançasında öz oğlanlarını heyran qoysunlar...

Yaxşı rəqs etmək qısa bir zamanda birinci dərəcəli əhəmiyyətə malik bir şeyə çevrildi. Özü də sadəcə rəqs etmək deyil, məhz bu həftə dəbdə olan rəqsi ifa etmək idi...

Yeni dəbli rəqslər yaratmaq şou-biznes industriyasının aparıcı tərkib hissəsinə çevrildi. Bazara yeni rəqslər gətirən disklər yol tapdı. Bu rəqslər isə onları yaradan qrupları məşhurlaşdırdı. “Orlons” qrupu “Vah Vatusi”, “Dovells” qrupu “Bristolstomp”, “Dee Dee Sharp” qrupu “Mached Potato Time” (“Kartof əzməsi saatı”) rəqs edirdi.

Ernest Evans - Çabbi Çekker

Dəbli rəqslərin kralı isə Chubby Checker, ən dəbli rəqs isə heç şübhəsiz tvist idi. Çekker və tvist yaddaşlara qoşa yazılsa da, o bu rəqs üslubunun yaradıcısı deyil. Heç ilk tvist valını da o buraxmayıb. 1959-cu ildə Henk Bollard “The Twist” adlı diskini bazara çıxardı. Amma yazırlar ki, daha əvvəl, yəni 1958-ci ildə Littl Co Kuk adlı birisi “Lets Do The Twist” adlı bir mahnı oxumuşdu, Bollard isə həmin mahnının melodiyasını çırpışdırmışdı.
İndi dəqiq bilmək olmur, amma iş bundadır ki, Filadelfiyanın musiqi işbazları yeni motivi tutub Ernest Evans adlı birisinə vermişdilər ki, lentə yazdırsın... Onda Evansın əsl peşəsi toyuq yolmaq idi. Həmin bu Evans musiqi biznesinin aparıcı simalarının təkidi ilə özünə Çabbi Çekker təxəllüsü götürür.

Tvist

Onun bəxti yaman gətirir. Tvistin populyarlığı ən nikbin proqnozları belə, üstələyir. Və minimal ifa istedadına malik, girdəsifət, suyuşirin oğlan dəhşət məşhurlaşdı. O tvist rəqsini kütləyə elə sırıdı ki, az sonra cavan da, qoca da, işsiz də, fəhlə də, dövlət başçıları da tvist oynayırdı. İstər Monte-Karlo sahillərində reydə durmuş milyonluq yaxtalar olsun, istər Mançesterin, Pittsburqun rütubətli zirzəmiləri - tvist hər yerdə günün rəqsi idi.

Tvist həqiqətən beynəlxalq və tamamilə sinifsiz, təbəqəsiz bir rəqs psixozu yaratmışdı. Tvist oynamaq üçün nə fövqəladə istedad, nə fiziki imkan gərək deyildi. Hələ bu azmış kimi, heç rəqs yoldaşına da ehtiyac yox idi deyə, hərəkətlərin sinxron olmasının qeydinə qalmaq barədə düşünən yox idi.

Tvistin populyarlığı günbəgün artırdı. Az sonra Çekker bir az da çox məşhur olan təzə mahnı oxudu – “Lets Twist Again”, Frenk Sinatra ayrıca tvist diski buraxdı, Petula Klark “Ya-ya Twist” oxudu...

Amma tvist sonuncu rəqs psixozu deyildi. Çekker bu uğurunu inadla təkrar etmək istəyirdi. Bir-birinin dalınca yeni rəqslər yaradırdı: “Hucklebuck”, “Hichhiker”, “Limbo”!

Alınmadı

Tvist özüylə bütöv bir musiqi erasının sonunu gətirdi. Həmin eranın bütün məhsulları kimi, onu da ustalıqla uydurmuş, ipə-sapa yatırıb reklam edərək bazara çıxarmışdılar. Bir siqaret, bir mürəbbə kimi... Tvist kralının özü isə suyuşirin görkəmə malik, səs imkanları zəif olan birisi idi, vəssalam. Diqqətlə baxanda görürsən ki, Çekker də, onun hamını dəli etmiş rəqsi də bazara çıxarılan əmtəədən başqa bir şey deyildi...

Çabbi Çekker özünün rəqs ayaqqabılarını artıq çoxdan çıxarmışdı, amma insanlar tvist vurmaqdan əl çəkmirdilər. Amma artıq təzə, daha sövq-təbii bir musiqi altında tvist oynanırdı.

Çekkeri öldürənlər

Pop tamam yox olmadı, amma çox dəyişdi - həm məzmun, həm forma, həm mahiyyət etibariylə. O qədər dəyişdi ki, tanınmaz oldu. Və bu dəyişmə, bu təbəddülata görə bütün dünya bir musiqi qrupuna borcludur.

Çekkerin varlığına nöqtə qoyan həmin o qrup da özünün tvist diskini dövriyyəyə buraxıb dəhşətli uğur qazandı! Bu, həmin nadir mahnılardan biri idi ki, müəllifi özləri deyildi.
Onlar gəldilər və bu gəlişləriylə zəmanə tamam dəyişdi...

Söhbət “The Beatles” qrupundan və onların gətirdiyi “bit-bum”dan gedəcək.
Amma bu, artıq gələn söhbətlərimizin mövzusudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380

Oxşar yazılar